adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Fevral 2017 13:49
7588
MƏMLƏKƏT
A- A+

YOL HƏRƏKƏTİ QAYDALARINI KİMLƏR POZUR?

Sirr deyil ki, ölkə ərazisində xeyli vaxt hava şəraiti kəskinləşdi. Təbii ki, qarın yağması, şaxtaların düşməsi və yolların buz bağlaması bir daha sürücüləri imtahana çəkdi. Bu imtahandan üzü ağ çıxanlar da oldu, üzü qara qalanlar da. Aydındır ki, mürəkkəb hava şəraitində bütün dövrlərdə magistral yollarda xidmət aparan yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində işləyir.

Bununla yanaşı, mövcud təhlükəni aradan qaldıran və avtomobil yolarını təmizləyən yol istismar idarəsinin işçiləri də həmin günlər demək olar ki, var qüvvə ilə çalışıblar. Xüsusən də Bakı-Ağsu, Bakı-İsmayıllı, Bakı-Quba avtomobil yollarında qar yağan zaman nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Belə şəraitdə bayaq dediyimiz kimi, sükan arxasında daha diqqətli olmaq, məsuliyyət hiss etmək və yol hərəkəti qaydalarına əməl etmək hər bir sürücünün əsas vəzifəsidir. Düzdür, həmin günlər həm yol polisi, həm də avtomobil yollarında təmizliyi həyata keçirən yol istismar idarəsinin əməkdaşları üzərlərinə düşən işin öhdəsindən kifayət qədər bacarıqla gəliblər. Ancaq gəlin ounnla razılaşaq ki, nəqliyyat vasitələrin idarə edən sürücülərin diqqətsizliyi üzündən yol qəzaları da qaçılmaz olub.

Nə yaxşı ki, yol polisi operativ olaraq hərəkətin təhlükəsizliyini təmin edə bilib və yol idarəsi də qarlı yolları təmizləməyi bacarıb. Buna baxmayaraq, ölkəmizdə havaların qeyri-sabit keçdiyi günlərdə respublikanın avtomobil yollarında ağır qəzalar da baş verib. Lakin bu ötən ilin müvafiq dövrü ilə müqayisədə bu elə də çox deyildi. Ölüm və xəsarətalma halları əvvəlki vaxtlarla müqayisədə aşağı enib.

Həmin günlər Bakı-Quba avtomobil yolunda xidmət aparan 1-ci tağımın əməkdaşları bir birmənalı olaraq deyə bilərik ki, qarşıya qoyulmuş vəzifələri daha məsuliyyətlə yerinə yetirmək gücündə olublar. Yəni 1-ci tağımın əməkdaşları həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək qəzaların qarşısını xeyli ala biliblər. Bu isə ona dəlalət edir ki, ən mürəkkəb hava şəraitində, sutkanın 24 saatı ərzində yol polisi öz missiyasını yüksək səviyyədə yerinə yetirmək qüvvəsinə qadirdir. Əgər belə olmasaydı, qeyd etdiyimiz müsbət hadisələr və təhlükəsizlik tədbirləri həyata keçirilməzdi. Təbii ki, hər bir şəxs öz vəzifə borcunu yetərincə yerinə yetirəndə bu istər-istəməz kollektivin uğuruna xidmət edir.

Qarlı günlərdə Bakı-Quba avtomobil yolunda hərəkət etmək çətin olsa da, səhər saatlarında müxtəlif texnikaların gücüylə yolar təmizlənərək normal vəziyyətə salınıb və yol polisi hərəkətə maneçilik törədən məsafələrin hamısını operativ olaraq yol istismar idarəsinə çatdırıb. Yol istismar idarəsi də həmin istiqamətlərdə xidmət apararaq mövcud problemlərin qısa zaman kəsiyində həllinə nail olub.

Amma buna baxmayaraq, bəzi sürücülərin səhlankarlığı nəticəsində qəza şəraiti yaranıb, bir avtomobil digəri ilə toqquşaraq əzilib. Nə yaxşı ki, o toqquşma zamanı ölüm və xəsarətalma halları baş verməyib. Həmin günlərdə 1-ci tağımın əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün reydlər keçirib. Bu reydlər zamanı çoxlu sayda yol hərəkəti qaydaların pozan sürücülər barəsində inzibati tədbirlər görülüb. Belə ki, başqasına yol verməyən, sərnişindaşıma və yükdaşıma qaydasını pozan, texniki baxışdan keçməyən, mobil telefonla danışan, nəqliyyat vasitəsini sığorta etdirməyən neçə-neçə sürücü barəsində inzibati protokol tərtib edilib.

Reyddə iştirak edən 1-ci tağımın komandir müavini, polis kapitanı Samir Zeynalov bildirir ki, həmin günlərdə əməkdaşlarımız hətta bir neçə sərxoş sürücü də aşkar edib. Ən çox biz ona çalışmışıq ki, mürəkkəb hava şəraitində ağır qəzalar baş verməsin. Və cəsarətlə deyə bilərəm ki, bu məqsədə də nail ola bilmişik. Tağımımızın əməkdaşlarından polis baş serjantları Anar Hümbətov, İslam Cəfərov, Adil İsmayılov, Hikmət Şükürov, Emin Əsədov, Elçin Mütəllimov, İbrahim Hacıbalayev, Əkbər Mahmudov və başqaları növbə ərzində yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı sərt tədbirlər görüblər. Aydındır ki, bu cür tədbirlərin görülməsi həm də sürücülərin məsuliyyətə cəlb edilməsində böyük əhəmiyyət kəsb edir.

1-ci tağımın komandiri, polis mayoru Ürfət Şükürov deyir ki, hər bir yol polisi əməkdaşı səhər saatlarında qarşıya qoyulmuş vəzifələrlə tanış olur. Onlara bir daha bildiririk ki, kobud qayda pozuntularına qarşı ciddi mübarizə aparılmalıdır. Çünki çox vaxt elə yol-nəqliyyat hadisələri kobud qayda pozuntularına yol verilən zaman baş verir. Üstəlik də gecə saatlarında xidməti maşınla əməkdaşlarımız yolun sağ və sol hissəsində hərəkət edərək sürücülərə lazımi göstərişlər, məsləhətlər və tövsiyələr verirlər. Bu cür maarifləndirmə tədbirlərinin aparılması istər-istəməz baş verə biləcək hadisələrin qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Üstəlik də qarlı havada çətin vəziyyətdə olan sürücülərə əməkdaşlarımız yaxından köməklik göstərir. Belə ki, qar yağanda və yollar buz bağlayanda yolda hərəkətini dayandıran və sürüşən maşınların sahiblərinə əməkdaşlarımız bacardıqları köməklikləri ediblər. Əməkdaşlarımız xidməti maşından yerə düşərək yolda qalan maşınları itələyib təhlükəli yerdən çıxarıblar. Bu cür köməkliyə görə sürücülər əməkdaşlarımıza öz minnətdarlıqlarını bildiriblər.

Yol hərəkəti qaydasının pozulması bir çox sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi üzündən baş verir. Bir çox halda sürücülər düşünmürlər ki, hər hansı qaydanın pozulması ilk növbədə onun özünün həyatı üçün təhlükə yaradır. Bax buna görə də sürücülər dərindən düşünməli, sükan arxasında olarkən yol hərəkəti qaydalarına əməl etməyi yaddan çıxarmamalıdılar.

Reyddə iştirak edirdilər: Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru; Samir Zeynalov – 1-ci tağımın komandir müavini, polis kapitanı; Sakin Vəliyev – 1-ci tağımın baş inspektoru, polis leytenantı; Rasim ƏLİYEV – 1-ci tağımın polis leytenantı, baş inspektor; Adil İSMAYILOV – 1-ci tağımın polis baş serjantı, inspektor; İslam CƏFƏROV – 1-ci tağımın polis serjantı, inspektor; Anar HÜMBƏTOV – 1-ci tağımın polis baş serjantı, inspektor; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı