adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Fevral 2017 12:38
3608
GÜNDƏM
A- A+

Az ağır cinayətlərə həbs olmayacaq – Sərəncam

Bu sərəncam Azərbaycana mühüm yeniliklər gətirəcək, müəyyən müəssisələr qurulacaq, cinayəti törətməkdən çəkindirən hallar işə düşəcək və ölkədə penitensiar sahədə növbəti islahatlara start veriləcək.

Bu sözləri Prezident İlham Əliyevin imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamını şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili ölkə başçısının bu sərəncamını humanistlikdən gələn bir addım kimi qiymətləndirib:

"Prezidentin bu təşəbbüsünün ən mühüm tərəfi odur ki, müəyyən cəza növləri var ki, onlarla bağlı birbaşa cəza müəssisələrinə hökmləri yumşaltmaq və cəmiyyətdən təcrid etməmək hallarına səlahiyyət veriləcək. Yəni cinayətkarın tutduğu əmələ görə cəmiyyətdən təcrid edilməməsi mümkündürsə, belə hökmlər çıxarılacaq. Belə ki, bilməyərəkdən cəza törədildikdə müxtəlif alternativ cəzalar və cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etməmək üçün müəyyən şəraitin yaradılması nəzərdə tutulur. Bu alternativ cəzaların verilməsi və prosesə daha dəqiq nəzarət edilməsi üçün Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılacaq və bu zaman bir sıra inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə ediləcək. Normal Azərbaycan cəmiyyətində yer tutmaq, yaxud da cəza çəkdikdən sonra yenidən ictimai həyata qayıtmaqdan ötrü böyük şərait yaradılacaq. Bu sərəncam Azərbaycana mühüm yeniliklər gətirəcək, müəyyən müəssisələr qurulacaq, cinayəti törətməkdən çəkindirən hallar işə düşəcək və ölkədə penitensiar sahədə müəyyən islahatlara start veriləcək. Cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılmasında iki istiqamət əsas götürüləcək: məhkəmələrin cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutması və qanunvericiliyin təkmilləşdirilməsiylə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması”.

Millət vəkili qeyd edib ki, sərəncama uyğun hazırlanacaq yeni qanun layihələri ilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə halları məhdudlaşdırılacaq:

"Bu, cəzaların və qətimkan tədbirlərinin tətbiqinə elektron vasitələrlə nəzarət həyata keçiriləcək. Bir sözlə, aparılan hüquqi islahatlar və kompleks tədbirlər nəticəsində cinayətlər dekriminallaşdırılacaq, korrupsiyaya şərait yaradan hallar aradan qaldırılacaq”.

Qeyd edək ki, fevralın 10-da Prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədəsərəncamimzalayıb.