adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Fevral 2017 09:42
3671
GÜNDƏM
A- A+

Axı sən belə deməmişdin!

Baxşəliyev Rəşid Əliağa oğlu - sağdan 1-ci

Şəhidlər... bir deyil, beş deyil onlar gündən-günə artan bu şəhidlər ürək qoymadı bizdə, təpər qoymadı qəlbimizdə.

Şəhid bir dəfə ölür, bir şəhid adı gələndə yüz dəfə ölüb dirilirik.

Yox, ölmür şəhidlər, ölmür bu igidlər. Vətən uğrunda şəhid gedənlər ölə bilməz. Onlar ülviləşir, müqəddəsləşir, əbədiləşirlər.

Vətən şəhid oğulları olan Adili, Elmanı, Baloğlanı, Sərvanl, Aliki, Zahidi, Qorxmazı, Bəhrəmi, Nadiri, Qaytaranı, Emini, Adıgözəli, Samiri, Ramazanı, Təbrizi, Müşfiqi və digərlərini (bu siyahını uzatmaq olar) döyüş şücaətlərindən yazmaq- bir daha deyirəm hələ azdır. Ona görədə təkrarlamaq istəmirəm.

Çünki, ağırdır mənə, çox ağırdır. Hamısı da cavan. Yan-yana düzülən şəhid qəbirləri. Vətənimizi qorumaq üçün sədd çəkiblər oğullar, sinələrini sipər ediblər, qanicən cəlladlardan. Vətəni müdafiə etmək üçün səngərdə durublar, keşikdə dayanıblar. Bu vətən övladları vətənimizin müdafiəsi, işıqlı gələcəyi üçün əllərində məşəl tutublar. Şəhid məşəli.

...Düşmənin məkrli murdar sifətini alovlandırmaq, yandırmaq üçün..

Vətən övladları, birləşin ata-analarımızın, bacı-qardaşlarımızın ah-naləsinə son qoymaq üçün...

Vətən övladları, birləşin - yanıb kül olan müqəddəs şəhidlərimizin intiqamını almaq üçün...

...2016-cı il aprelin 2-dən 5 nədək işğal olunmuş bölgələrimizdə baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun onlarca əsgəri şəhid olmuşdur. Onların arasında Zəngilan rayonunun üç şəhidi də var idi. Biz onlardan biri haqqında Orucov Müşfiq Arif oğlu haqqında yazmışdıq. Bu gün isə Baxşəliyev Rəşid Əliağa oğlu haqqında danışmaq istəyirəm.

23 oktyabr 1996-cı ildə Xırdalan şəhərində (ailəsi Zəngilan rayonundan məcburi köçkün düşmüşlər) anadan olub. Abşeron rayonunun Masazır kəndindəki Ə.Vahid adına 1 nömrəli tam orta məktəbini bitirdikdən sonra sənədlərini A.Zeynallı adına musiqi məktəbinə verib və qəbul olub.

2014-cü il oktyabrın 25-də Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılıb. Artılleriya divizionunun "N" hərbi hissəsində topçu heyətində xidmət etmişdir.

Subay idi.

11 aprel 2016-cı il tarixdə Erməni Silahlı qüvvələrinin həyata keçirdiyi təxribatının qarşısını alarkən şəhid olmuşdur.

Abşeron Gənclər şəhərciyində baş tutan məclisdə böyük insan izdahamı ilə Sumqayıtdakı şəhidlər xiyabanında dəfn edildi.

...Bəli, Rəşid Tanrının ona verdiyi ömür payını axıracan yaşaya bilmədi. O, hələ yaşamaq istəyirdi. İstəyirdi ki, doğma, üzünü görmədiyi Zəngilan rayonuna ayaq bassın. Və istəyirdi ki, Zəngilanda üzünü görmədiyi, atasının, anasının boya başa çatdığı Şamlı kəndində doğma ocağının işığını gur yandırsın.

Rəşid ata yurdunu görmək istəyirdi, qismətinə şəhidlik düşdü...

Bəli Rəşid ölməyib! Rəşid hər şeydən əziz canını torpağa qurban dedi. Şəhidlik zirvəsinə ucaldı və ölümü ilə başqalarına yurdun qədrini bilməyi öyrətdi.

- Rəşidin arzuları gənc ömrü kimi yarımçıq qaldı. Atası Əliağa oğlunun şəkillərini mənə göstərib ağlayırdı.

-Rəşid, sən niyə belə elədin? Axı deməmişdin ki, gedirəm şəhid olam. Demişdin ki, gedirəm Zəngilanı, Qarabağı, Şuşanı və kəndimizi geri alım. Almamış, geri dönən deyiləm. Bizi niyə bu günə qoydun?

Axı sən belə deməmişdin...

...Biz şəhidin atası Əliağa ilə söhbət edərkən onun əlində olan hərbi hissənin xidməti xasiyyətnamədə və arayışdan qısa xatırlatmaq istəyirik.

"Əsgər Baxşəliyev Rəşid Əliağa oğlu xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı bir hərbi qulluqcu kimi göstərmişdir. Ona həvalə edilmiş vəzifələri və verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqcusu kimi öz vəzifə borcunu şüurlu sürətdə dərk edərək, Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına riayət etmişdir. Hərbi anda sadiq olmuş Azərbaycan Respublikasının mənafeyinin, onun suverenliyinin, ərazi bütövlüyünün qorunmasında xidməti vəzifələrini layiqincə yerinə yetrib hərbi və dövlər sirlərini qorumağı bacarırdı "(ixtisarla)

"N" hərbi hissənin 4-cü batareyanın komandiri Kapitan E. Musayev ölümündən sonra atası Əliağa Baxşəliyevə hərbi hissədən gəlmiş arayışda yazılırdı. ""N" hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər Rəşid Baxşəliyev, artilleriya divizionunun 4-cü batareyasının 2-ci taqımının 3-cü topunun heyət nəfəri vəzifəsində olduğu dövrdə aprel hadisələrində fəal iştirak etmiş və üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmiş və döyüş növbətçiliyində olarkən həlak olmuşdur".

"N" hərbi hissənin komandiri: İ.Abdulxaliqov.

...Ölüm var ki, həyat qədər dəyərlidi. Şəhidlər ikinci bir ömür-milyonların qəlbində, xatirələrində davam edən, nəsillərdən nəsillərə keçən ömrü yaşayırlar. Şəhidlik zirvəsinə yüksəlməklə özlərinə əbədi həyat qazanırlar. Rəşid Baxşəliyev kimi.

Rəşidin əziz xatirəsi odlar-alovlar içindən qalxan Səməndər quşu kimi bu günümüzə boylanır, vətənpərvər, yurdsevər insanların qəlbinə işıq salır.

Aprelin 1-i Rəşidin hərbi xidmətinin başa çatacağı gün, evə qaytdığı gün idi. Təəssüf ki, həmin günü görə bilmədi Rəşid. 10 gün əlavə xidmət etmiş və torpağımız uğurunda gedən döyüşlərdə şəhid oldu. Allah rəhmət eləsin!

Allah deyən olsa Prezidentimiz İlham Əliyevin səyi nəticəsində torpaqlarımız tezliklə alınar, bayram tonqalımızı düz Zəngilanın, Şuşanın ən ucqar zirvəsində alovlandırarıq.


Akif Kərimli,
yazıçı-jurnalist,
AYB-nin və AJB-nin üzvü