adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Fevral 2017 21:07
7428
MƏMLƏKƏT
A- A+

Azərbaycanda perspektivli yataqlar aşkarlandı

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Tədbirlər Planının” Milli Geoloji Kəşfiyyat Xidmətinə (MGKX) aidiyyəti olan bəndlərinin 2014-2016-cı illər ərzində icrası zamanı əldə olunmuş müsbət nəticələr açıqlanıb.

Adalet.az xəbər verir ki, ETSN-nin MGKX-nin 2016-ci il ərzində geoloji-kəşfiyyat sahəsində görülmüş işlərin hesabatında bildirilib ki, Abşeron rayonunda axtarış işləri aparılıb və nəticədə Bəyqulu qum təzahürü və Qələndərtəpə dolomit yatağının cənub-qərbində, Arzani qışlağının şimal hissəsində dolomitləşmiş əhəngdaşı təzahürü aşkar edilib, Bəyqulu qum sahəsində xammal ehtiyatları hesablanıb.

Xızıda Dizəvər kəndindən cənub-qərbdə gil xammalı aşkar olunub, yayıldığı sahələr hüdudlandırılıb, kəmiyyət və keyfiyyət göstəriciləri dəqiqləşdirilib, gillərin kərpic istehsalına yararlılığı müəyyən edilib. İlkin hesablamalara görə Sitalçay sahəsində hüdudlandırılan Dizəvər yatağında kərpic istehsalına yararlı gil xammalının ehtiyatları hesablanıb.

Şirvan şəhəri ətrafında axtarış işləri aparılıb və perspektivli qum və gil sahələri aşkarlanıb.

Bərdədə Mollagüllər və Kərimbəyli kəndləri arasında kərpic istehsalına yararlı olan gil yatağı aşkarlanıb. Yataqdan götürülmüş sınaqların kimyəvi tədqiqatlarının nəticələrinə görə xammal yüksək dərəcəli rəngləyici gillər qrupuna aiddir. İlkin olaraq Mollagüllər gil yatağının ehtiyatı hesablanıb.

Biləsuvarda Qanlıtəpə gil sahəsi ayrılıb, kərpic, sement və keramzit istehsalına yararlı gil xammalının ehtiyatları hesablanıb.

Göyçayda Göyçay-İvanovka avtomobil yolunun şərq hissəsində kərpic istehsalına yararlı Çavuştəpə gil yatağı aşkar edilərək ehtiyatları hesablanıb. Bundan əlavə, Daşlı qum-çınqıl yatağı aşkarlanıb və ehtiyatları ilkin olaraq qiymətləndirilib.

Neftçalada axtarış işlərinin aparılması başa çatdırılıb, nəticədə kərpic istehsalına yararlı Müşfiq gil və tikinti işləri üçün yararlı Neftçala qum yatağı aşkarlanıb. Müşfiq gil yatağı Şirvanlı qəsəbəsindən 3,2 km şimal-qərbdə yerləşir.

İsmayıllı rayonunda Ağbulaq qum-çınqıl sahəsi üzrə Gənzə gil yatağının ehtiyatı hesablanıb.

Qobustanda axtarış marşrutları zamanı Qaiblər və Şaiblər yüksəkliyindən cənubda, Ceyrankeçməz qəsəbəsindən 4,0 km şimal-şərqdə mergel təzahürü aşkarlanıb.

Şamaxıda aşkar edilmiş Çıraqlı qum-çınqıl və Nüydü gil sahələrində 1:10000 miqyaslı axtarış-qiymətləndirmə işləri aparılıb, xammal ehtiyatları hesablanıb.

Daşkəsən rayonunda dəmir yatağının şimal-şərq hissəsində qranatlı, epidotlu, maqnetitli skarnların yayıldığı qranat, ametist sahəsi ayrılıb. 1873,9 kq əqiq xammalı hesablanıb.

Göygöl rayonunda Hacıkənddən 2,5 km cənub-şərqdə əqiq-xalsedon təzahürü müəyyən edilib. Zonanın qalınlığı 8-12 m, əqiq-xalsedon damarlarının qalınlığı 3-25 sm, badamların ölçüləri 1-2 sm-dən 15 sm-ə qədərdir.

Samuxda Qırmızı Samux gil sahəsi aşkarlanıb.

Şəmkir rayonunda axtarış işlərinə başlanılıb və plastikli gillərə perspektivli sahə ayrılıb.

Tovuz rayonu üzrə - Kirzan qum-çınqıl təzahürü ayrılıb. Ceyrançöl sahəsindən kərpic istehsalına yararlı ola biləcək gil təzahürü aşkarlanıb.

Şabran rayonunda axtarış işləri nəticəsində beton istehsalına yararlı Gilgilçay-2 qum-çınqıl və Çuxur Əzəmi əhəng daşı yataqları aşkar edilib. Sonuncunun ilkin ehtiyatları hesablanıb.

Xaçmaz rayonunda da perspektivli gil sahəsi aşkarlanıb. Quba rayonunda axtarış işləri nəticəsində 1 əhəng daşı, 1 mergel, 1 qum-çınqıl və 1 gil sahələri aşkar olunub.

Cəlilabadda axtarış işləri nəticəsində kərpic istehsalına yararlı Sərxanlı-1 gil və yol tikinti işləri üçün yararlı Sərxanlı-2 qum-çınqıl qarışığı yatağı aşkarlanıb.

Lənkəran rayonunda axtarış işləri nəticəsində Tükəvilə kəndinin ətrafında kərpic istehsalına yararlı gilcə sahəsi ayrılıb.

Balakəndə Katexçay qum-çınqıl qarışığı və Qabaxçöl-Şambul gil sahələri, Zaqatalada 2 perspektivli sahə Paşan qum-çınqıl qarışığı və Şorməkən gil sahələri ayrılıb.