adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Fevral 2017 09:29
2630
GÜNDƏM
A- A+

YOLU SÜPÜRƏN QADINI MAŞINLA

Bir neçə gün bundan əvvəl qəzetimizdə "Qudurğanlıq" sərlövhəli yazı dərc olunmuşdu. Həmin məqalədə Binəqədi rayonunun Mənzil Kommunal Təsərrüfatının işçisinin qarlı gündə yolu buzdan təmizləyərkən bir sürücü tərəfindən vurulduğu yazılmışdı. Məqalədə qeyd edilirdi ki, yolu süpürən qadını vurub qaçan sürücü ona kömək göstərmək əvəzinə hadisə yerindən yayınmışdı.

Həmin yazıda onu da qeyd eləmişdik ki, bu sürücü yerin deşiyində olsa da, o, polis əməkdaşları tərəfindən mütləq nə vaxtsa tapılacaqdır. Heç hadisədən bir neçə gün keçməmiş, artıq hadisə yerindən qaçmış sürücünün izinə düşüldü. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş sürücü qısa zaman kəsiyində aşkar edilmişdir.

Məlum olmuşdur ki, yolu süpürən qadını vurub qaçan sürücü Şəmkir rayon sakinidir. O, "Mercedes" markalı 99 DH 407 nömrəli avtomobili idarə edərkən səhər saatlarında həmin qadını vuraraq aradan çıxıb. O da məlum olub ki, sürücü Emin Həsənovdur. Qadının da şəxsiyyəti müəyyənləşdirilib. Bu isə 30 yaşlı Yadigar Babayevadır. Səhər saatlarında öz vəzifə borcunu yerinə yetirən bu qadın Emin Həsənovun məsuliyyətsizliyinin və səhlənkarlığının qurbanına çevrilib.

Emin Həsənov bayaq dediyimiz kimi, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. O, saxlanılarkən polisə verdiyi ifadəsində bildirib ki, səhər saatlarında Bakı küçəsində hərəkət edərkən bir maneəyə maşın dəydi. Amma bilmədim ki, bu maşın nəyə dəydi. Getdim Şəmkirə, bir gündən sonra ordan polis əməkdaşları bildirdilər ki, sənin barəndə axtarış veriblər. Axırda da polis əməkdaşları gəlib məni evimdə yaxaladılar.

Göründüyü kimi, "Mercedes" markalı avtomobilin sükanı arxasında olan Emin Həsənovun polisə verdiyi ifadə heç də səmimi deyil. Ən azından ona görə ki, o, hadisə yerindən necə yayınıbsa, bax elə də istintaqa yalan ifadə verir. Çünki güclü zərbədən sonra o yaxşı bilirdi ki, maşın heç də divara, ağaca dəyməyib. İnsana dəyib və bu zərbədən yolu süpürən qadın 10-15 metr kənara düşüb.

Aydındır ki, bu hadisəyə heç cür haqq qazandırmaq olmaz. Ötən yazımızda da qeyd eləmişdik ki, piyadanı vurub hadisə yerindən qaçmaq insanlığa sığmır və bunun bir adı var: qudurğanlıq!

Əlbəttə, heç kəs yol-nəqliyyat hadisəsindən sığortalanmayıb. Başqa sözlə demiş olsaq, həm sürücülərin, həm də piyadaların başına hər hansı qəza gəlmə ehtimalı mümkündü. Ancaq sadəcə olaraq bəzən qəza baş verəndə məsuliyyətli, vicdanlı sürücülər avtomobili saxlayır, əgər piyadanı vurubsa, ona köməklik göstərir, xəstəxanaya aparır. Təəssüf ki, vicdanını itirmiş və hadisə törədən, daha doğrusu, piyadanı vurub qaçan bir çox sürücülər elə Emin Həsənov kimi hərəkət edirlər. Və sonra da nə qədər peşmançılıq hissi keçirsələr də, bunun heç bir faydası, köməkliyi olmur. Peşmançılıq hissini piyadanı vurub açandan sonra yox, elə həmin an hadisə törədərkən keçirmək lazımdır. Yəni maşını saxlamaq, xəsarət almış sürücüyə kömək göstərilməlidir.

Tez-tez belə hadisələrin baş verməsinin şahidi oluruq. Və heç kəsə arzulamırıq ki, ya qəzaya düşsün, ya da maşınla onu kimsə vursun. Ancaq bizə elə gəlir ki, Emin Həsənovun bu hərəkəti digər sürücülərə də bir görk olmalı və onlar nəticə çıxarmalıdılar. Nəticə çıxarmalıdılar ki, piyadanı vurarkən qaçıb getmək yox, ona köməklik göstərmək lazımdır. Çünki bu cür adamlar nə qədər qaçıb aradan çıxsalar da, bax, günlərin birində Emin Həsənov kimi polis əməkdaşları tərəfindən yaxalanacaqlar.

Burda biz polisin də ünvanına xoş sözlər deməyi yaddan çıxarmamalıyıq. Çünki onlar isti izlə çox çətinliklə bu cür sürücüləri tapır, onları cinayət məsuliyyətinə cəlb eləyirlər. Deməli, heç kəs törətdiyi cinayətdən yaxalarını kənara çəkə bilməyəcək.