adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Fevral 2017 09:17
10246
LAYİHƏ
A- A+

KƏLAĞAYI NAĞILI

Bir yuxu kimidir kəlağayı nağılı. Göylərin bəmbəyaz yorğanı, yerlərin allı-güllü çəmənzarı kimdir. Vətən torpağının ətri, tariximizin sehri var bu nağılda. Saflıq var dumduru. Qürur var, haqdan gələn, haqqı olan bir qürur. Mənəviyyat dünyamızın ən incə, ən lətif hissləri ilə çulğaşmış bir mükəməllik var bu nağılda. Ana-bacılarımız qədər zəriflik, onlar qədər təmizlik var. Nə yoxdur ki, bu nağılda?! Yüz illərdən, min illərdən süzülən ən doğru etnoqrafik cizgilərmi? Xalqın keçmiş həyatının, inanclarının, iffətinin təzahürümü? Və nəhayət, zamanımızın əksi var bu nağılda.

Bəli, bu bizim yüzillərə dayanmış milli geyimimiz, mənəvi rəmzlərimizdən biri ola kəlağayıdır (mənbələrdə bəzən çarqat da deyilir). Analarımız yasda qarasını, toy-düyündə allı-güllüsünü başlarına örtər, bacılarımız ağını, bər-bəzəklisini salardılar çiyinlərinə. Mərasimlərimizin vazkeçilməzlərindən biri olardı kəlağayı. İndi isə milli musiqimizin öz kökü olan muğamlarımızın bir-birindən istedadlı ifaçıları, musiqiçilərimizin əyinlərində milli geyimləri, başlarına örtdükləri zərif kəlağayılar bizi yenidən ruhumuzun bətninə qaytarır, dünyamızı rövnəqləndirir. Əvvəllər Qərbdə qaliblər zeytun çələngləri ilə qarşılanarkən bizdə qırmızı şal, örpək, kəlağayı ilə taclandırılır, fəxarətləndirilərdilər. Ancaq, bu təkcə ağzı dualı nənələrimizin başlarına örtdükləri kəlağayı deyil. O təkcə şifahi xalq ədəbiyyatımızdan, böyük söz ustadlarının əsərlərindən, rəssamlarımlarımızın fırçasından, tarixçilərin yaddaşından, səyyahların xatirələrindən süzülən bir geyim deyil. Bu, bir millətin tarix boyu yaratdığı, yaşatdığı, enişli-yoxuşlu yollardan keçirib bu günümüzə çatdırdığı mənəvi dəyərlər toplumuzun baş örpəyi, baş ucalığıdır. Kəlağayı ucalıq simvolumuzdur!

O təkcə analarımızın, bacılarımızın, xanım-xatınlarımızın deyil, bir millətin baş örpəyidir. Örpək: örtən, qoruyan, ucaldan, müqəddəsləşdirən, arındıran bir fenomendir. Bəli məhz fenomen. Bir halda ki, sözügedən ana örpəyimiz milli dəyər, milli məsələdir, demək o millətin elə ən böyük dəyərlərindən, bir o qədər də önəmli hissəsidir.

Kəlağayı sözün həqiqi mənasında bir sehirdir, dərin fəlsəfədir. O rənglər harmoniyasının və çeşidlərinin fərqlənməsindən tutmuş naxışlarının məzmun yozumlarına qədər, üzərindəki naxışların sistemli analizindəki ortaya çıxan fikirlərə qədər hər şeyi ilə bir fəlsəfədir. Ən azı xalçaçılıq, ədəbiyyatımız, xalqımızın dünyagörüşünün zənginliyi qədər! Ona görə də kəlağayı bu xalqın içindəndir, içidir!

Kəlağayı bəşəriyyətin olduğu üçün (Azərbaycanın birinci xanımı Mehriban Əliyeva onu daxili-milli səviyyədən 2014-cü ildən YUNESKO-nun Qeyri-maddi Mədəni irsinin Reprezentativ Siyahısına daxil edilməsinə nail olmaqla beynəlmiləl mənəvi dəyərlər sisteminə qovuşdurduğuna görə) sivilizasiyalararası polietnik münasibətlər sisteminin formalaşdırılmasında, qorunub saxlanılmasında olduqca önəmli rola malikdir. Bu rolun getdikcə artırılması, dərinləşdirilməsi hər birimizin ümdə vəzifələrindən biri olmalıdır. Biz milli dəyərlərimizi qorumalıyıq, həm də başına təmiz bir örpək salaraq, mövcud potensial zərbələrdən, təhdidlərdən qorumalıyıq. Xocalıda axıdılan günahsızların, məzlumların məzarları üzərinə də kəlağayı sərmək gərəkdir. Şəhidlərimizin müqəddəs ruhlarının qoruyaq deyə. Bəli, kəlağayı, məhz, kəlağayı, onun kimi mənəvi dəyəri güclü olan dəyərlər xilas edə bilər bəşəriyyəti, onların göstərdiyi istiqamət bizi daha parlaq bir gələcəyə yönəldə bilər.

Bütün bunlar yetərlidir ki, Azərbaycanın birinci xanımı, hörmətli millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın digər tarixi, milli, mənəvi sərvətlərimiz kimi vacib milli atributlarımızdan olan kəlağayını da ölkə çərçivəsindən daha geniş arenada ümumbəşər sərvətinə çevirmək yolunda ötkəm addımlar atması, bu istiqamətdə yorulmaz səylərini davam etdirməsi xalqımızda, xüsusi ilə də biz gənclərdə çox böyük ruh yüksəkliyi yaradır.

Bəli, millilik və beynəlmillilik! Bu iki kateqoriyanın vəhdətindən boy göstərən dəyərlər, məzmun və məna baxımından anlamlı dəyərlər sözün əsl mənasında xalqların dostluğuna, qardaşlığına, millətlərin barış nöqtəsindəki vəhdətinə uzaqörənliklə hesablanmış doğru və vacib addımlardır.

Hər xalq dünya mədəniyyətinə, ümumilikdə sivilizasiyasının təkamülünə töhfələri ilə qatılır. Azərbaycan xalqı da milli təşəkkülündən iftixarla çıxardığı örnəkləri daşıyır müasir bəşəri dəyərlər toplusuna. Onların içərisində baş örtüklərinin, kəlağayının xüsusi yeri, əhəmiyyəti var. Örtmək dar düşüncəlilərin fikrində məhdudlaşdırmaq, əsl tarixi gerçəkliyin təzahüründə isə qorumaq, ucaltmaq mənalarını ifadə etməkdədir. Müasir, demokratik dünyamızın gərəkliləşdirdiyi ünsürüdür. Buradan çıxan məntiqi nəticə isə xalqımızı xalqlar içərisində qorumaq, əriməyə qoymamaq, onu millətlər içində ucaltmaqdır. Budur kəlağayı təbliğatının arxasında duran əsas böyük məna. Biz bəşəriyyətin gələcək mənəvi erroziya dalğalarından məhz, ən milli, həqiqi dəyərlərimizlə qoruna bilərik.

Kəlağayı bizim belə dəyərlərimizdəndir. Başqa sözlə kəlağayı ilə təkcə başımızı yox, geniş mənada mənəvi varlığımızı, milliliyimizi, bütövlüyümüzü qoruya bilərik.

Başqaları cılız, əsassız, mənasız, "tarixçilik", "soyqırımçılıq" çabalarını sürdürərkən Azərbaycanlı ana Mehriban xanımın muğamımız, saz sənətimiz, tarixi-mənəvi yerlərimiz, milli adət-ənənələrimiz kimi vacib atributları dünya mədəniyyətinin bir hissəsinə çevirərək qorunub yaşadılması adına gördüyü misilsiz işlər sırasında onlara həm də müqəddəslik mərtəbəsi qədər yüksək olan kəlağayı ilə cavab verməsi bəşəri-tarixi-milli (bəlkə də siyasi) baxımdan olduqca tutarlıdır.

Bəli bu bir qayıdışdır. Tarixə qayıdış, kökə qayıdış, özünə qayıdış. Biz bu qayıdışla geriyə yox, yalnız irəliyə gedəcəyik. Bunda heç kimin zərrə qədər şübhəsi olmasın. Millət başına qədimi papağını qoyub kəlağayısını sala da bilər, bunu etməyə də bilər. Lakin, papaq, kəlağayı ruhuna qayıdışla biz gələcəyimizi daha doğru müəyyən edəcəyik. At sürməyə bilərik, çövkanı yaşatmaq borcumuzdur. Kəlağayı salmasaq da onu qorumaq, hazırlamaq, dünyaya çıxarmaq bizim vəzifəmizdir, mənəvi, tarixi, sözün nəhayətində gələcək nəsillər qarşısındakı borcumuz. Ən nəhayət, bu bir milli məsələ, milli mücadilə, milli missiyadır. Gələcək dünyanın heç bir millətinin mədəniyyətsiz, ənənələrsiz siyasi-iqtisadi meydanda duruş gətirə bilməyəcəyini kiməsə sübut etməyə ehtiyac yoxdur. Dövlətimizin bu istiqamətdə atdığı fundamental və uzaqməqsədli addımları da məhz buna hesablanıb.

Elə ona görə də Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi işıqlı yol, möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət, Mehriban xanım Əliyevanın böyük və tutarlı işlərinin getdikcə artacağı, genişlənəcəyi şübhəsizdir. Buradaca ölkə başçımız İlham Əliyevin birinci xanımın uğurlu əməllərinə verdiyi siyasi dəstəyi, daha sonra inzibati və icra mexanizmlərini yüksək səviyyədə qurduğuna görə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin şəxsində bütün əzmkar kollektivin zəhmətini qeyd etməmək insafsızlıq olardı. Və nəhayət, ən böyük təşəkkür sözsüz ki, xalqımıza, onun qədirbilən övladlarına düşür. Dediyimiz kimi bu bir milli-tarixi-siyasi mücadilədir. Kəlağayı bu mücadilələrin vacib bir həlqəsi, nağılımızın isə baş qəhrəmanı Mehriban xanımın uğurunda sözün əsl mənasında mübarizə apardığı vacib bir məsələdir. Burada nağıl sona çatsa da milli-mənəvi təbliğat yolumuz davam edir. Qoruyaq, kəlağayımızı, onu yenidən bizə qaytaran qəhrəmanımızı, keçmişimizi, gələcəyimizi, özümüzü. Kələğayı bizim ismət bayrağımızıdır!

Laiq Qələndərli
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ