Aqil ABBAS:ALLAHI QATİL EDƏNLƏR - X (DAVAMI)

AQİL ABBAS
92142 | 2023-03-29 17:17

Detekiv romanın əvvəlini BURADAN oxuya bilərsiniz

***

Akademik düz bir həftə xəstəxanada yatmalı oldu. Babat döyülsə də özünü məğlub saymırdı, onun xəlvətdə üstünə düşən əsgərlərin üçü də az-çox paylarını almışdılar. Elə gecəynən üçü də məzuniyyətə göndərilmişdi ki, onları tanıyan olmasın.
 
Xəstəxanada yerləşdiriləndən dərhal sonra Qərargah Rəisi yanına gəldi:
 
- Səni kimlər döyüb?
 
Akademik zorla gülümsədi:
 
- Məni heç kim döyməyib.
 
- Necə yəni heç kim döyməyib?
 
- Dedim ki, məni heç kim döyməyib, yıxılmışam, vəssalam. - Sonra istehza ilə əlavə etdi;- İnanmırsız həkimlərdən soruşun.
 
Qərargah Rəisi nə qədər təkid etsə də Akademik dediyindən dönmədi:
 
- Yıxılmışam, vəssalam.
 
- Özün həmişə onun-bunun hüququn qoruyursan, bəs indi özüyünkün niyə qorumursan?
 
- Yoldaş polkovnik, onlar özlərini müdafiə edə bilmirlər. Amma mən hələ ki, özümü müdafiə edə bilirəm.
 
 
 
***
 
Atası qədim kişilər kimi tüfəngi xanımının cehiz gətirdiyi xalçanın üstündən asırdı. Tüfəngin bir tərəfində patrondaş, digər tərəfində dəstəyi ceyran ayağından hazırlanmış xəncər, tüfəngdən yuxarıdakı mıxdan isə qarakul dərisindən bir bəy papağı asılmışdı. Bu tüfəng də, xəncər də, bəy papağı da babasından atasına, atasından da ona qalmışdı. İndiyədək nə o papağı atasının başında görmüşdü, nə də o xəncərlə patrondaşı belində. Amma atası bunlarla nəfəs alırdı, onlar uşaq olanda atası onları bağrına basıb iylədiyi kimi, hərdən o bəy papağını da qəribə bir sevgi ilə üzünə basıb iyləyirdi.
 
Qardaşı əsgərliyə gedəndə atası öz əli ilə xəncəri onun belinə qurşamışdı, patrondaşı sinəsindən keçirmiş, üzünə sıxıb iyləyəndən sonra papağı oğlunun başına qoymuşdu. Sonra xalçanın önündə stulda oturdub tüfəngi də dizlərinin üstə qoydurub şəklini çəkdirmiş və sonra da həmin şəkli çərçivəyə saldırıb babasının şəklinin yanında asmışdı. Elə bil babasının eyniydi, sadəcə babasının burma bığları vardı, qardaşının bığ yeri isə təzə-təzə tərləyirdi.
 
Atası qardaşının boyunu sevəndə həmişə deyirdi:
 
- Bax, sənin oğlun olanda bunların hamısını sənə bağışlayacam.
 
O da küsürdü:
 
- Ata, bəs mən?
 
- Xalçanı da sənə cehiz verəcəm.
 
- Mən tüfəngi istəyirəm.
 
Bir dəfə evdə heç kim olmayanda atası qardaşını geyindirib-kecindirdiyi kimi geyinib-kecinib əlində tüfəng, sinəsində aşırılmış patrondaş, belində xəncər güzgünün qarşısında dayanmışdı. Və ona elə gəlmişdi ki, bu papaq, bu silah, bu xəncər və patrondaş ona qardaşından daha çox yaraşır.
 
Atası heç vaxt bu tüfəngdən istifadə etməzdi. Yalnız Novruz bayramından Novruz bayramına, cin-şəətini qorxutmaq üçün bir-iki güllə atardı. Savaş başlayanda kəndi düşmənlərdən qoruyan cavanların birinə verib demişdi:
 
- Qundaqdakı işarələri görürsən? Bu, Andraniklə vuruşanda babamın vurduğu işarələrdi. Hərəsi bir düşməndi. Görüm neyləyəcəksən?!
 
Ara sakitləşəndən sonra tüfəng yenidən öz yerinə qayıtmışdı, üstündə də yeni işarələr.
 
Atası həftədə bir dəfə tüfəngi söküb elə silib təmizləyirdi ki, elə bil bu dəqiqə savaşa gedəcəkdi. Hərdən o da silahı silib təmizləməkdə atasına kömək edərdi:
 
- Ata, mənə də güllə atmağı öyrət.
 
- Allah eləməsin sənin tüfəng atmağına ehtiyacımız olsun.
 
Tüfəng həmişə dolu olardı, anası bunu sevməzdi:
 
- Ay kişi, tüfəng şeytan əməlidi, onu dolu saxlama.
 
- Ay arvad, sən bilməzsən, tüfəng boş olanda küsür. Silah da ki adamdan küsdü, çətin barışar.
 
Tüfəngi divardan aldı, əski ilə qəşəng-qəşəng sildi, sonra qundağını çiyninə dirəyib nişan aldı.
 
Bu vaxt anası girdi içəri:
 
- Nə qayrırsan, ay itin qızı, tez as yerindən. Atan bilsə ona əl vurmusan, səni öldürər.
 
Tüfəngi təzdən asdı yerindən.
 
 
 
***
 
Polkovnik də gəldi yanına, özü də əliboş deyildi, mer-meyvə gətirmişdi. Oturdu yanında, hətta başını da sığalladı.
 
- Hə, oğul, necəsən?
 
"Əsgər" demədi, "oğul" dedi və bəlkə də Polkovnik ilk dəfə idi ki, əsgərinə "oğul" deyirdi.
 
- Sağ olun, yoldaş Polkovnik.
 
- Siz hamınız nə qədərki burdasız, mənim övladlarımsınız. İndi bir ata kimi soruşuram, səni kimlər döyüb?
 
Polkovnikin dili bir söz deyirdi, gözləri başqa söz. Dil ilə hamını aldatmaq olar, hamıya yalan danışmaq olar, amma gözlərlə yox. Akademik Polkovnikin gözlərini oxuyurdu.
 
- Məni heç kim döyməyib, yoldaş Polkovnik. Sadəcə olaraq yıxılmışam, vəssalam.
 
- Yaxşı, qalx ayağa. Tapşırmışamkı səndən muğayat olsunlar. Sənin kimi ağıllı, savadlı əsgərlərə bizim ehtiyacımız var. Sən də bu yazı-pozunu burax, hərbi hissədə sənə pis baxırlar, demaqoq kimi baxırlar. Buna görə də əsgərlər səni sevmirlər. Dedin-demədin, bilirəm ki, səni döyüblər. Axtarıram. Səni döyənləri tapdırıb cəzalandıracam.
 
Akademik ürəyində güldü; onu xəlvətdə döyməmişdilər, qauptvaxtda döymüşdülər, qaravulçu məlum, içəri girənləri o buraxıb, hamısını tanımasa da görüb, kimi axtaracaqsan, kimi tapacaqsan, sənin göstərişin olmadan bu mümkün deyil axı. Amma ürəyindən keçənləri demədi, dili bağırsaqlarını kəssə də demədi, bir də ki, deməyin mənası yox idi.
 
- Sağ olun, yoldaş Polkovnik, heç kimi də axtarmayın. Məni heç kim döyməyib. Amma sizə deyirəm, hərbi hissədə gördüyüm haqsızlıqları yazacam, əsgər yoldaşlarım məni sevməsələr də, məni böhtançı adlandırıb həbs etsələr də yazacam. Bu mənim hüququmdur.
 
Polkovnik tutuldu, yox, bunu nə sındırmaq mümkündü, nə susdurmaq, qalxdı ayağa:
 
- Yaxşı, yastığın yüngül olsun. Qalxarsan, bir söhbət edərik. - dedi və getdi.
 
O da Polkovnikin gətirdiyi mer-meyvəni yemədi, payladı xəstəxanadakı əsgər yoldaşlarına.
 
Xəstəxanadan çıxandan sonra bir həftə onu nə itirən oldu, nə axtaran, nə yat deyən oldu, nə də qalx, gününü kitabxanada keçirirdi.
 
Tağım yoldaşları deyirdi:
 
- Akademik, döyülmək sənə düşüb, kefdəsən.
 
Amma çox gözəl başa düşürdü ki, bu kef deyil, başlanma vaxtı dəqiq bilinməyən tufandan öncəki sakitlikdi. O özünü qarşıdan gələcək və özü ilə hansı bəlalar gətirəcəyi məlum olmayan tufana hazırlayırdı.
 
 
 
***
 
- Ona bu döşlərimdən süd vermişəm. Mənim oğlum xain ola bilməz, bu döşlərimi kəsib ataram.
 
Bu ağır zərbədən ürəyi parça-parça olmuş Ata başını itirmişdi, bilmirdi ki, nə etsin, kimə nə desin, kimi necə sakitləşdirsin, ölüsünün dərdini çəksin, yoxsa dirilərinin.
 
Böyük Qardaş hamının gözü qabağında əlini qəbrə basıb qardaşının intiqamını alacağına, bu qanı yerdə qoymayacağına and içmişdi. Amma intiqamını kimdən alacaqdı, qanı tökən də qardaşıydı, qanı tökülən də.
 
Böyük Qardaşın içdiyi and ən çox Atanı qorxudurdu: cavan idi, beyniqandı, öz əlləri ilə qurd ürəyi yedirtdiyi oğul sözü boşuna deməzdi. Bir oğul torpağın altında, biri də bu tökülən baiskarının kim olduğunu bilmədən, kiməsə silah çəksin, kimisə vursun, əlini hansı bir günahsızın qanına batırsın və o da getsin. İndi onu dirilərinin dərdi daha çox götürmüşdü, bircə an da olsun Böyük Qardaşı gözdən qoymaq istəmirdi.
 
Gündə bəlkə əlli dəfə zəng edirdi.
 
Böyük Qardaş əsəbləşirdi:
 
- Ata, qoyassan işləyim?
 
Bir tərəfdən də Ana:
 
- Yox, mənim oğlum xain ola bilməz!
 
- Ay arvad, bir özünə gəl, kim sənin oğluna xain deyir?
 
- Xain necə olur?! Əsgər yoldaşlarını öldürüb? Öldürüb! Tabutunu bayrağa sarımadılar? Sarımadılar! Qəbrinin üstə yaylım atəşi açmadılar? Açmadılar! Day xain belə olur də! Kəndin içinə çıxa bilmirəm.
 
Böyük Qardaş:
 
- Ana, sənin oğlun, mənim qardaşım xain ola bilməz. Qardaşım heç toyuq başı da kəsməmişdi. Yadına düşür, yanına getmişdik. Dedi yıxılmışam, yalan deyirdi, döymüşdülər. Görünür indi də nə isə olub, onu elə həddə çatdırıblar ki, əlini silaha atıb. Öyrənəcəm.
 
Ana:
 
- Öyrən, oğul! Əgər bunu öyrənməsən, qardaşıyın qanın yerdə qoysan, südüm sənə haram olsun!
 
Ata əlindəki stəkanı yerə çırpdı:
 
- Bəsdir, ay arvad! Nə axmaq-axmaq danışırsan? Qoy öldüyümüz yerdə ölək də! Bunu da qatil eləmək istəyirsən? Biri azlıq eləyir? Hökumət araşdırır, qoyun bir istintaq başa çatsın də. Bilək nə var, nə yox. Əgər mənim oğlumu bu faciəyə vadar edən olubsa, nə o əsgərlərin, nə də oğlumun qanını mən özüm yerdə qoymayacam! - dedi və gəlib durdu Böyük Qardaşın qarşısında: - And iç qardaşıyın gorunakı sən bu işə qarışmayacaqsan.
 
Böyük Qardaş udqundu, gah anasına, gah atasına baxdı.
 
Ata:
 
- Demədim, and iç?!
 
Ana:
 
- And içmə oğul, qardaşıyın gorun yandırma.
 
- İtin qızı, kəs səsini! - dedi Ata və çevrilib bir yastığa baş qoyduqları gündən bəri ilk dəfə xanımına tərs bir sillə vurdu.
 
Ana yerə çöküb hönkürdü, Böyük Qardaş dodağını dişləyib otaqdan çıxdı. Ata da xanımının qarşısında oturdu və onun başını sinəsinə sıxıb ağlaya-ağlaya dedi:
 
- Ağla, ağla qoy ürəyin boşalsın!
 
 
 
***
 
Darvaza elə möhkəm döyülürdü ki, Ata çıxdı eyvana:
 
- Ay kimsən, gir içəri.
 
- İt bağlıdı? - qonşunun uşağı idi.
 
- Ay oğul, bizim heç itimiz yoxdu.
 
Uşaq girdi həyətə, yüyürmüşdü deyə təngənəfəs idi.
 
- Nə olub, ay oğul?
 
- Əmi, qəbrin üstündə bir mayor dayanıb.
 
Müstəntiq kəndə çatanda əvvəlcə ölənə hörmət əlaməti olaraq qəbir üstünə getdi. Qəbrin yerini də indicə qaçıb xəbər verən uşaqdan soruşmuşdu.
 
- Nə mayor? Mayor kimdi?
 
- Mayor də, nə bilim?
 
Ata həyətdən çıxıb yendi qəbiristanlığa, qonşunun uşağı da arxasınca, Müstəntiqlə də qəbiristanlığın ağzında rastlaşdılar...
 
Oturmuşdular həyətdə. Müstəntiqin xahişi ilə Ata zəng edib Böyük Qardaşı da evə çağırmışdı.
 
Müstəntiq çox gözəl başa düşürdü ki, ağır bir faciəni yaşayan ailə üzvləri ilə söhbət o qədər də asan olmayacaq.
 
- Oğul, mənim oğlum Vətən xaini ola bilməz! - Ana yaylığının ucu ilə dolmuş gözlərini sildi.
 
- Kim deyir ki, sizin oğlunuz Vətən xainidir?
 
Ata qırıla-qırıla dodaqlarını gəmirərək dedi:
 
- Vətən xaini necə olur, rəis? Mənim oğlum əsgər yoldaşlarını güllələyib. Düşmənə atılacaq güllələri qardaşlarına atıb. Axı bu necə ola bilər?
 
Müstəntiq əlini qoydu Ananın sümükləri çıxmış əlinin üstə:
 
- Ay ana, mən də elə bunu araşdırmaq üçün burdayam. İstəyirsiz əsl həqiqəti üzə çıxarım, siz də mənə kömək edin.
 
 
 
(Ardı var )
 
 
 
 

TƏQVİM / ARXİV