adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Fevral 2017 12:09
5624
İDMAN
A- A+

Sabiq “Bakı”lı “Qalatasaray”a dönür?

"Bakı”nın sabiq baş məşqçisi Bülənt Qorxmaz "Qalatasaray”a qayıda bilər. 

Adalet.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 49 yaşlı mütəxəssis "cim-bom”un "sükanı arxası”na keçməyə çox yaxındı.

Belə ki, ölkə kubokunda mübarizəni dayandıran "sarı-qırmızılılar” Superliqanın qarşıdakı iki turundan sonra baş məşqçi məsələsinə yenidən baxmaq qərarına gəlib. Hazırkı çalışdırıcı Yan Olde Riekerinkin taleyi də məhz "Kayserispor” və "Çaykur Rizəspor”la görüşlərdən asılı olacaq. Əgər komanda hər iki qarşılaşmada qələbə qazanmasa çempionluq yarışında xeyli geri düşəcək. Belədə rəhbərlik "Beşiktaş”la derbiyə yerli mütəxəssislə hazırlaşmağı üstün tutacaq.

Hazırda bu posta 3 namizəd var ki, onlardan biri də məhz Bülənt Qorxmazdı. Onunla yanaşı, Raşit Çetiner və Hasan Şaş da "Qalatasaray”ın baş məşqçisi ola bilər. Ancaq daha təcrübəli Qorxmaz bir addım öndə göstərilir.

Qeyd edək ki, futbolçu karyerası yalnız "Qalatasaray”la bağlı olan Bülənt Qorxmaz 2009-cu ildə qısa müddət "cim-bom”u çalışdırıb. "Əfsanə kapitan” məhz ordan ayrıldıqdan sonra 2009-10 mövsümündə "Bakı”nın "sükanı arxası”nda olub.