Aqil ABBAS: ALLAHI QATİL EDƏNLƏR -VIII (DAVAMI)

AQİL ABBAS
97218 | 2023-03-27 09:00
Detekiv romanın əvvəlini BURADAN oxuya bilərsiniz
 
Əsgər:
 
- Mən birinci dəfədi belə şey eşidirəm. Akademik, deyəsən gopa basırsan, axı?
 
- Sən görmürsən ki, mənim sifətim də qurd sifətinə oxşayır.
 
- Yaxşı, Akademik, mənim növbəm bitir. Çalış bu gecə yatma.
 
- Niyə?
 
- Bir sözdü də, dedim!
 
Bir azdan növbətçi dəyişdi. Gecə yarısı qapının açarı şaqqıldadı. Akademik yatmamışdı, qalxdı ayağa, içəri üç əsgər girdig
 
 
 
***
 
Yenə qovluğu qapadı. Tağım yoldaşlarının dedikləri ilə qovluqda toplanmış sənədlərdəki ifadələrin bu qədər fərqlənməsi, Polkovnikin belə bir dəhşətli faciəyə həddindən artıq soyuqqanlı yanaşması, yuxarıların ondan işi tezliklə bağlayıb geri qayıtmasını tələb etməsi, Qərargah Rəisinin söhbətlərig
 
... Yox, bu əsgər heç bir səbəb olmadan boşuna belə bir cinayətə əl ata bilməzdi.
 
Yenidən tağım yoldaşlarını və bütün şahidləri dindirmək qərarına gəldi.
 
Qərargah Rəisinin dediyi kimi elə bil bütün şahidlər bir-birinin ağzına tüpürmüşdülər.
 
- Mən postdan qayıdıb silahı təhvil verdim. Akademik isə silah təhvil götürüb posta gedirdi. Birdən bayırda atəş səsləri eşidildi. Dərhal çölə qaçdım. Qapının ağzında Batalyon Komandiri ilə üç əsgər qanın içindəydilər. Akademikin gözləri hədəqəsindən çıxmışdı. Bir də onu gördüm ki, avtomatı sinəsinə dayayıb atdı...
 
- Mən postdan qayıdırdım, Batalyon Komandiri ilə üç əsgər dayanmışdı. Akademik əlində silah çıxdı, gördüm ki, qəflətən onları gülləyə tutdu, sonra da...
 
- Bir də gördüm ki...
 
- ...Uşaqları öldürəndən sonra özünü vurdu.
 
O şahidlərə nə qədər məntiqi suallar verib bircə kəlmə artıq söz qoparmaq istəsə də, bu tutuquşular elə əzbərlədiklərini təkrarlayırdılar. Çoxillik təcrübəsindən bilirdi ki, yalnız öyrədilmiş yalançı şahidlər ifadələrini belə əzbərləyirlər.
 
- Bəs Akademikin döyülməsi, özü də bir neçə dəfə döyülüb, bu haqda nə deyə bilərsiz?
 
- Nə vaxt döyüblər? Eşitməmişəm.
 
- Bəs xəstəxanaya niyə düşmüşdü?
 
-...Hə, onu deyirsiz, təlim vaxtı kəndirlə dırmaşanda yıxılmışdı, başı-gözü yaralanmışdı.
 
- ...Böyük hərbi hissədi. Düzdü hərdən dava düşür. Amma Akademikin döyüldüyünü eşitməmişəm.
 
- ...Vallah, nə bilim, qabağından yeməyən oğlan idi, bəlkə dalaşıb, amma mənim xəbərim yoxdu.
 
Müstəntiq:
 
- Hadisədən üç gün əvvəl onu döyüblərmiş, təhqir ediblərmiş, özü də öldürdüyü əsgərlər, bu düzdü?
 
- ...Mən postda olmuşam, eşitməmişəm.
 
- Bu boyda hadisəni eşitməmisən?
 
- Yoldaş müstəntiq, siz məni istintaq edirsiz? Deyirəm eşitməmişəm də!
 
- Qulaq as əsgər, indi bu cinayətin üstü açılmasa, cinayətkarlar cəzasını almasa, sabah bu faciə sənin də başına gələ bilər axı.
 
- Yoldaş müstəntiq, elə ona görə də deyirəm ki, eşitməmişəm də. Əmrimə cəmi üç ay qalıb.
 
- Elə bu hadisədən əvvəl özünü güllələyən əsgərin də əmrinə otuz bir gün qalmışdı.
 
Əsgər əlini atıb stolun üstəki maqnitafonu söndürdü:
 
- İndi nə istəyrsiz?! İstəyirsiz ki, tualetdə məni də özümü asmış halda tapsınlar? Ya da özümü vurum ki, sevdiyim qız başqasına nişanlanıb?!
 
Müstəntiq:
 
- Sən gəl həqiqəti de!
 
- Akademik də həqiqəti deyirdi.
 
- Deməli, Akademikin silaha əl atmasının səbəbləri vardı?
 
- Müstəntiqsiz də, araşdırın, tapın.
 
- Axı nə sən, nə də sənin yoldaşların həqiqəti demirsə, mən həqiqəti necə ortaya çıxarım?
 
- Dedim də, müstəntiq sizsiz, mən deyiləm ki!
 
Müstəntiq:
 
- Döyüş meydanında yoldaşlarını qoyub qaçan əsgərə nə deyirlər?
 
- Rəsmi dildə fərari, loru dildə desək, qeyrətsiz.
 
- Bəs indi sənin hərəkətinə nə ad vermək olar?
 
Əsgər tutuldu, sonra stolun üstəki siqaretə baxdı:
 
- Yoldaş müstəntiq, olar siqaretinizdən birini götürüm?
 
Müstəntiq siqareti ona tərəf itələdi:
 
- Buyur.
 
Əsgər bir siqaret yandırdı və tüstünü elə acgözlüklə sinəsinə çəkdi ki, sanki sonuncu siqareti çəkirdi:
 
- Yoldaş müstəntiq, mən nə fərariyəm, nə də qeyrətsiz. O biri yoldaşlarımız da mənim kimi. Amma bizim dediklərimiz nə dəyişəcək ki?! O əsgərlərin də niyə intihar etdiyini, hamı, işi aparan müstəntiqlər də bilirdi, nə dəyişdi ki, indi də nə dəyişə?! Ölənlər diriləcək ki?!
 
Əsgər kövrəldi, Müstəntiq hiss elədi ki, istədiyinə nail olub:
 
- Ölənlər dirilməyəcək, amma onların ölümünə səbəb olanlar cəzalarını alacaq. Gərək onlar cəzalansınlar ki, bir də belə hadisələr baş verməsin, analarımız ağlamasın. De görüm ifadə verməyə hazırsan?
 
Əsgər siqareti külqabına basıb söndürdü, özünü düzəltdi, əlini bir saçına çəkdi:
 
- Hazıram! - dedi və özu stolun üstəki maqnitafonun düyməsini basdı.
 
 
 
***
 
Eyvanda nə oturmaq mümkün idi, nə də Allahın bir stəkan çayını içmək, qızın gözləri ilişib qalırdı qəbiristanlıqda hələ torpağı qurumamış məzarda.
 
Çayın ikiyə böldüyü kəndin düz ortasında salınmış qəbiristanlıq və bu qəbiristanlıqdakı o məzar eyvandan əl içi kimi görünürdü.
 
 
 
Məzarı düz onların eyvanının qənşərində qazanda anası gileylənmişdi:
 
- Bu uşağı niyə gətirib bizim gözümüzün qabağında basdırdılar?
 
Əslində bizim deyəndə, qızını nəzərdə tuturdu.
 
Bunu xanımının sözlərindən sonra qızının hər an məzarı görərkən hansı hissləri keçirdiyini ata da yaşadı və eyvandakı stolu yendirdi həyətdəki ağacların birinin altına.
 
Elə ki, anası gecə duyuq düşürdü ki, qız eyvana çıxıb, azacıq gözləyib sakitcə çıxırdı bayıra və heç nə olmamış kimi:
 
- Qızım, burda niyə durmusan?
 
- Heç, havamı dəyişirəm.
 
- Gəl yat, bala, soyuq olar.
 
Tam əmin olanda ki, atası da, anası da möhkəm yatıb düşərdi qəbiristanlığa.
 
Qapıdan çıxanda həmişəki kimi yenə çevrilib bir neçə anlıq divardan asılmış tüfəngə baxdı...
 
Özündən asılı olmayaraq hər dəfə də çıxanda divardan asılmış tüfəngə baxırdı. Ona elə gəlirdi ki, tüfəng də ona baxır...Evdə heç kim olmayanda hərdən tüfəngi götürür, silib təmizləyirdi. Sonra yerindən asırdı...Tüfəng də yavaş-yavaş ona isnişirdi.
 
Qəbirstanlığın halva iyinə oxşar özünəməxsus qəribə bir havası və bu havanın da çox qəribə bir ağırlığı var. Qəbiristanlığa ayaq basan kimi də havanın bu ağırlığını çiynində hiss edirsən, elə bil səni əzir.
 
 
 
Gecələr bu daha vahiməli olur. Sanki ölülər yatdıqları yerdən qalxıb səni yaxalayacaqlar və özləri ilə götürüb aparacaqlar hələ heç kəsin qayıtmadığı zülmətə.
 
İnsan atasının, anasının, əzizlərinin uyuduğu bir məkandan niyə bu qədər qorxub ürpənirdi, bunu heç nəinki filosoflar, heç şairlər də aça bilmirdilər.
 
 
 
O da ən doğma, ən əziz, ona şahdamarındakı Tanrıdan da yaxın olan bir insan bu qəbirstanlıqda torpağa tapşırılanadək burdan keçəndə qorxardı, nəinki gecələr bu tərəflərdən keçməyə ürək eləməzdi, hətta eyvana çıxanda çalışardı ki, o səmtə baxmasın.
 
Amma indi gecələr ata-anasından oğurlanıb bu məzarların arasından keçib həsrətlə gözlədiyi məktubları poçtdan götürməyə gedəndə necə ürəyi çırpınırdısa, eləcə ürəyi çırpına-çırpına gedirdi onun üçün pirə çevrilmiş bu qəbrin üstünə, heç ürpənib eləmirdi də.
 
Bir obada doğulsalar, bir məktəbdə oxusalar da, az qala hər gün məktublaşsalar da heç vaxt indiki qədər yaxın olmamışdılar, indiki qədər doyunca söhbət eləməmişdilər, sevişməmişdilər. Kənd yeriydi, özü də qeybətdən ötəri ölən bir kənd yeri, bircə dəfə xəlvətcə görüşüb dərdləşsəydilər nəinki arvadların, heç arvad yosun kişilərin də ağzını bağlamaq olmazdı. Ürəklərindən keçənləri gizlin baxışlarla, bir də məktubla bir-birlərinə çatdıra bilirdilər.
 
 
 
Bəlkə də internet əsri başlayandan nəhəngliyini itirib nənəsinin ona cehizlik xalça toxuduğu yumaqlardan birinə çevrilmiş bu bapbalaca dünyada yeganə adamlar idilər ki, məktublaşırdılar. Cib telefonları, bilgisayarlar çıxandan sonra heç kim, heç kimə məktub yazmırdı.
 
Hərə qoyundan-keçidən satıb cibində bir telefon gəzdirəndən day kənddə heç poçtalyon da yox idi. Nə qəzet-jurnal abunəçisi vardı, nə məktublaşan, poçtalyon nəyə lazım idi ki!
 
Məktəbdə Süleyman Rüstəmin "Ana və poçtalyon" şerini keçəndə uşaqlar müəllimdən soruşmuşdu:
 
- Müəllim, poçtalyon nədi?
 
Prezidentin tapşırığı ilə cəbhə bölgələrində yerləşən kəndlərdə yeni, ən müasir poçt-telefon qovşaqlarının tikintilərinə başlayanda Rabitə Naziri şəxsən özü gəlmişdi kəndə, yanında da icra başçısı, rəis, prokuror.
 
Kənd eyni vaxtda birdən-birə bu qədər hörmətli, vəzifəli şəxs görməmişdi. Yeni poçt və ATS-in təməlini qoymuşdular. Forsu göz çıxardan, prezident olma yan yerdə az qala özünü prezident kimi aparan nazir də bir bəlağətli çıxış eləmişdi.
 
Məktəbin direktoru da söz alıb demişdi:
 
- Yoldaş nazir, bu qədər pulu niyə çölə tökürsüz, hərənin cibində bir telefon var, ondansa o pula bu məktəbi təmir eləyin. Bir də görəcəklər biz müəllimlər cəhənnəm, uçdu uşaqların başına.
 
İcra başçısı da ona necə gözünü ağartmışdısa, direktor bir həftə sonra ərizə yazıb vəzifədən çıxmışdı.
 
Rabitə Naziri də pərt olmamışdı, zarafata salmışdı:
 
- Mənim vəzifəm poçt tikməkdi. Qoy sizin nazir də gəlib məktəb tiksin.
 
İndi kənddə adama gəl-gəl deyən yaraşıqlı bir poçt vardı, orda da bir qız oturub işıq pulu, qaz pulu yığırdı, bir də Rusiyadan göndərilən pulları gedib ondan alırdılar. Əvvəllər pensiyanı da ondan alardılar, bir-iki manat da xeyri olardı. Sonra keçdilər karta. İndi pensiyaçılar o qıza verdiklərindən üç-dörd dəfə çox avtobus sürücülərinə verib gedirlər otuz-otuz beş kilometrlikdəki şəhərdəki bankomata və çox vaxt da əliboş, söyə-söyə qayıdırlar.
 
O da məktubun olub-olmadığını poçtdan xəbər tuturdu.
 
Sonuncu məktubu da hadisədən bir həftə əvvəl məktəb direktorunun başını yemiş bu poçtdan götürmüşdü. Və bəlkə də yüz dəfə oxumuşdu. Hər dəfə məktubu oxuyanda elə bilirdi üzbəüz oturub söhbət edirlər.
 
Özünün yazdığı sonuncu məktubu isə göndərməyə macal tapmamışdı, daha doğrusu ANS-in axşam doqquzdakı xəbərlərdən birinin bu kənddə bomba partlaması məktubun sabah göndərilməsinə mane olmuşdu.
 
Və belə xəlvəti gecələrin birində də həmin sonuncu məktubu qəbrin üstə oxumuşdu. Təbii ki, məzardan heç bir cavab gəlməmişdi. Və bilirdi ki, heç vaxt da bu sonuncu məktubuna cavab almayacaq. Cavab gözləməsə də oxuyub ürəyini boşaldırdı və bir az yüngülləşirdi.
 
 
(Ardı var)
 
 

TƏQVİM / ARXİV