adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Fevral 2017 12:05
98681
MÜSAHİBƏ
A- A+

"Məşqlərimizi kirayə qaldığımız evdə edirik" - MÜSAHİBƏ

Nihad Qulamzadə gənc aktyor və fotoqrafdır. Hələ uşaqlıq vaxtlarından aktyorluğa həvəsi olmuşdur. Nihad aktyor kimi "ODA" Teatrında tanınmış, fotoqraf kimi bir neçə foto müsabiqədə mükafatlar qazanmışdır. Hal-hazırda "ƏSA" Teatrının təsisçisi və bədii rəhbəridir. 

Adalet.az aktyor Nihad Qulamzadə ilə müsahibəni təqdim edir.


- Tamaşaçılar sizi "ODA" Teatrından tanımışdı. "ODA"-dan ayrılmağınıza səbəb nə olmuşdu?

- Bilirsiniz, bu haqda ümumiyyətlə danışmaq istəmirəm. Sırf ona görə yox ki, nə isə bir hadisə baş verib. Ona görə ki, hal-hazırda mən sırf "ƏSA" Teatrı ilə məşğulam və digər hər-hansı bir məsələ ilə özümü yükləmək, haqqında danışmaq istəmirəm. "Oda" Teatrı yuvamız idi. Mən belə xatırlayıram və sözügedən teatrla bağlı sadəcə bu rəyi bildirə bilərəm. Tamaşaçılara gəldikdə isə, onlar məni "ODA" Teatrında gördülər, lakin "ƏSA" Teatrı ilə tanıyacaqlar. Necə ki, mən artıq özümü "ƏSA" Teatrı ilə tanıyıram və qəbul edirəm.


- "ƏSA" Teatrını ərsəyə gətirmək ideyası hardan ağlınıza gəldi?

- Əlilliyi olan insanların incəsənətlə məşğul olmasına imkanların, təşviqlərin azlığı, əlilliyi olan insanların diqqətdən kənarda qalmaları, incəsənət nümunələrinə dair məsələlərdə nəinki yaradıcı və iştirakçı, tamaşaçı qismində iştirak etmələrinin belə məhdud olması "ƏSA" Teatrının yaranmasına səbəb olan amillərdəndir. 

Qeyd etdiyim amillərdən dolayı, yay aylarında qəti şəkildə qərar verdim ki, əlilliyi olan aktyorlardan ibarət teatr yaradılmalıdır. Hətta bunu bir neçə dəfə qeyd etmişəm ki, biz bu teatrı yaratmağa gecikmişik. Bu teatrı illər əvvəl yaratmaq olardı. Təsəvvür edin, "ƏSA" Teatrı 6 aylıq fəaliyyətində əlilliyi olan insanlarda ruh yüksəkliyi, teatra sevgi, komplekslərinə qarşı mübarizə yarada bilib. Bir də düşünün ki, belə bir teatr 10 il qabaq yaransaydı, necə olardı. Əlbəttə ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya səviyyəyisi yüksələr, həmin şəxslərə yad münasibətin səviyyəsi azalar, nəinki teatr, həmçinin incəsənətin müxtəlif istiqamətləri üzrə məşğul olmalarına şərait yaradılar, cəmiyyətdə həssas qruplarla bağlı sosial mərhəmətlilik, yardımlaşma, empatiya və sair bu kimi sosial institutlaşma artardı. 


Biz "ƏSA" Teatrı olaraq hazırda bu kimi mütərəqqi və yaradıcı əhəmiyyətli məqsədlər üçün əlimizdən gələni edirik və heç bir şübhə yoxdur ki, bu məqsədlərə nail olacağıq.


- İlk tamaşanızın adı "DUMB"-dur. Maraqlıdır, tamaşanın adının mənası nədir?

- Bu, bəlkə də ən çox çəkindiyim sualdır. "DUMB" qəhrəmanımızın düşdüyü psixoloji halın, mərhələnin adıdır. Səs effekti kimi də qəbul etmək olar. Digər bir tərəfdən isə, "DUMB" elə mən özüməm. Bu isə tamam başqa bir dalğaya aiddir...


- Tamaşada gey, molla, psixi xəstə obrazları vardı. Nəyə görə cəmiyyətdəki digər adamlar yox, məhz bu cür adamları qəhrəman kimi seçmisiniz?

- İstəyərdim tamaşamızın mövzusuna biraz aydınlıq gətirim. Mənim üçün də aydındır ki, bəzi izləyicilər tamaşanın gedişatını düzgün müəyyən etməyib, anlamayıblar. Bu tamamilə mənim üzərimə düşən problem və uğursuzluqdur. Qeyd etmək istəyirəm ki, tamaşamızda sadəcə olaraq bir obraz var idi. Biz dörd aktyor bir qəhrəmanın həyatını mərhələlərlə oynayırdıq. Və tamaşamızın başlanğıcı, hekayənin sonu idi. Homoseksual, molla, psixi xəstə, hətta əlavə edim, rəssam. Qəhrəmanın bu mərhələləri yaşamasının səbəbi də uşaqlıqda aldığı travmadır. Hansı ki, biz uşaqlıqda alınan travmanı tamaşamızın sonunda göstəririk. Bütün bu mərhələlər isə xüsusi bir məqsədlə seçilməyib. Bir nüansı da qeyd etmək istəyirəm ki, əslinə qalsa qəhrəman ümumiyyətlə homoseksual olmayıb, düşdüyü psixoloji vəziyyət onu bu hala gətirib. Bu daha çox şəxsin özünü müəyyən edə bilməməsi ilə bağlıdır. Mollalıqla bağlı da bunu demək olar.


- Fiziki məhdudiyyətli adamlarla işləmək necədir sizin üçün?

- Əla!.. O qədər əla ki, mən heç düşünmürəm ki, fiziki məhdudiyyətli insanlarla işləyirəm. Hər biri mənim üçün çox doğmadır. Əlbəttə ki, teatr yaranandan bəri daha çox enerji sərf edirəm, daha çox yoruluram amma bunun səbəbi teatrın əlilliyi olan aktyorlardan ibarət olması deyil, vəzifəmdən dolayı üzərimə düşən öhdəlik və məsuliyyətdir.


- "ƏSA" Teatrının bədii rəhbəri və aktyorusunuz. Bir ara fotoqrafiya ilə məşğul olurdunuz. Bir foto müsabiqədə qalib gəlmişdiniz. Fotoqrafiya ilə indi də fəaliyyət göstərirsinizmi?

- Beş ildən çoxdur həmçinin fotoqrafiya ilə məşğul oluram. Ötən illərə nisbətən son vaxtlar bu sənətə daha az vaxt ayıra bilirəm. Amma bunun səbəbi teatrla məşğul olmağım deyil. Ümumiyyətlə mən əgər bir işlə məşğul oluramsa, belə deyərdim ki, daxildən bir sinqal yaranmalıdır. Bu siqnal daha çox ehtiyac xarakterlidir. Çox güman ki, son dövrlər fotoqrafiya ilə intensiv şəkildə məşğul olmağıma ehtiyac yaranmayıb. Lakin təbii ki, bu sənətlə də daimi olaraq məşğul olmağı düşünürəm. Fotoqrafiya daha çox mənim istirahətimdir.


- İlk tamaşanız anşlaq keçdi, növbəti tamaşalar üçün yer tapa bilmisiniz?

- Məşqlər və tamaşa nümayişi üçün lap əvvəldən müəyyən problemlər yaşayırdıq. Bu problemlərin əsasını məkan yoxluğu təşkil edirdi. Lakin biz ilk tamaşamızın məşqi üçün kirayə qaldığımız evin bir otağını ayırdıq. Tamaşa nümayişi üçün isə Xəzər Universiteti təmannasız şəkildə ikinci korpusunda yerləşən teatral zalını bizə ayırdı. Artıq iki dəfə biz bu zalda çıxış etmişik.


Hal-hazırda teatrımızın məşqləri üçün nisbətən müəssər bir məkan icarəyə götürmüşük. Və bütün işlərimizi bu məkanda həyata keçiririk. Lakin sözügedən məkan tamaşalarımızı oynamaq üçün əlverişli deyil. Biz burada sadəcə toplantılarımızı və məşqlərimizi edə bilirik.


- Son olaraq, yeni tamaşalar, yeni ideyalar haqqında məlumat verərdiniz?

- Son tamaşamızdan dərhal sonra daha sürətli şəkildə fəaliyyətə başlamışıq. Hazırda teatrımıza yeni üzvlər qoşulur, könüllü şəkildə bizdə fəaliyyət göstərmək istəyirlər. Teatrımız iki böyük tamaşa üzərində işləyir. Bunlardan birinin adını çəkə bilərəm ki, məşhur ingilis yazıçısı, dramaturq U.Şekspirin yazdığı əsəri səhnələşdiririk. Daha geniş məlumatı tezliklə media vasitəsi ilə bölüşəcəyik.


Bundan əlavə qısa bir zaman çərçivəsində rayonlarımıza və qonşu ölkələrə (Türkiyə, Gürcüstan, Rusiya və s.) qastrollar planlayırıq. 


İdeyalar çoxdur və hər biri gerçəkləşməsi lazım olan ideyalardır. Sadəcə olaraq bunun üçün teatra müəyyən maddi və texniki dəstək lazımdır. Nəzərə alsaq ki, "ƏSA" Teatrına heç bir maddi dəstək yoxdur, bu səbəbdən öz gücümüzə təkcə məkanımızın icarə haqqını ödəyə bilirik, digər məsələlərə isə maliyyə ayıra bilmirik. Bu səbəbdən fəaliyyətimizdə ləngimələr olur. Lakin biz bu problemlərə baxmayaraq məqsədimiz, amalımız uğrunda çalışırıq və çalışacağıq.

Bizi izləyən, dəstəkləyən hər bir tamaşaçımıza dərin təşəkkürlərimizi bildiririk!