adalet.az header logo
  • Bakı 12°C
07 Fevral 2017 12:26
7686
ELM VƏ TƏHSİL
A- A+

BANM-də Gənclər Fondunun növbəti layihəsi - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun keçirdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində "Gənclər üçün İKT təlimləri” adlı növbəti layihənin yekununa həsr olunmuş tədbir keçirilib.

Bu barədə Adalet.az-a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq layihə iştirakçılarını salamladı və bu təlimlərin şagirdlərin gələcəyi üçün vacib bir istiqamət olduğunu bildirib. O qeyd edib ki, 2016-cı ildə BANM-in tələbələri və müəllimləri Gənclər Fondunun keçirdiyi müsabiqədə 12 qrant layihəsinin qalibi olublar və bu, çox sevindirici haldır.

"Ali Məktəbin Gənclər Fondu ilə əməkdaşlığı tələbələrimiz üçün olduqca vacib və əhəmiyyətli məsələdir. Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən bir qurumdur” – deyə rektor bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev bildirib ki, məhz bu cür ali təhsil ocaqlarının ölkəmizdə yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir. "Mən çox sevinirəm ki, BANM-in tələbələri bizim layihələrimizdə iştirak edib qalib gəlirlər. Bu bir daha sübut edir ki, rektor Elmar Qasımovun başçılıq etdiyi ali təhsil ocağı yüksək səviyyəli mütəxəssislər yetişdirir” – deyə Fərhad Haciyev vurğulayıb.

"Gənclər üçün İKT təlimləri” layihəsinin rəhbəri və BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlili Ali Məktəbin rəhbərliyinə və Gənclər Fonduna rəhbəri olduğu layihənin həyata keçirilməsində verdikləri dəstəyə görə təşəkkür edib. O qeyd edib ki, təlimin əsas məqsədi orta məktəb şagirdləri arasında elektrik, elektronika, robotiks və avtomatika mühəndisliyinə maraq yaratmaqdır.

Tədbirin sonunda şagirdlərə sertifikatlar və ARDUİNO Uno qurğuları hədiyyə olunub.

Xatırladaq ki, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlilinin "Gənclər üçün İKT təlimləri” layihəsi qrant müsabiqəsinin qaliblərindən olub. 2016-cı ilin dekabr ayında və 2017-ci ilin yanvar ayında Mübariz İbrahimov adına Biləsuvar məktəb lisey kompleksinin, Akademik Zərifə Əliyeva adına liseyin və Suraxanı rayonu 232 №-li orta məktəbin 8-9 sinif şagirdləri üçün sözügedən layihə çərçivəsində təlimlər keçirilib.