adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Fevral 2017 13:53
12245
ƏDƏBİYYAT
A- A+

Son nəfəsdə yazılan şeir

Adalet.az Furqan Sadiqin şeirlərini təqdim edir:


əslində

1.

əslində eyni şeydi elə
yoxuş və eniş...

birində sən gedirsən,
birində ayaqların...

2.

məsələn,
bu ağac
öz kölgəsini qoruyur
günəşin istisindən...

...və biz də
yarpaq olmalıydıq əslində...
olammadıq-
heyif...

3.

açıq-aydın eşidirəm:
bu qoca ağac
hər dəqiqə,
hər saat,
hər gün
yarpaq pıçıltısıyla
şükür edir Allaha-
insan yaradılmadığı üçün...

4.

bu yağan yağışın
ucundan tutub
ancaq yoxa çıxmaq olar, qadası-
toz üstə yıxılıb qalmış
bir sərxoş ləpir kimi...

5.

çərçivədə şəkiltək
zamanın buz halıyam...
və yaxud da kiminsə
sülənən xəyalıyam...

saat neçədi?
bilmirəm...

həyat necədi?
bilmirəm...

atasını itirən 13 yaşlı uşağın ağlamağı

on üç rəqəmli şifrətək
yüklədim son ümidi...
və sonra dalğa itdi!
şəbəkə xaricindəyəm indi...


taksi

bir gecə yuxuda
bir taksi tutub
düz ömür yolunun başına-
uşaqlıq yaşına sürdürəsən...
neçəyə aparar görəsən?!

son

bütün gedişlərin sonu həmişə
ya matdı, ya heç-heçə...
məğlubiyyət dönmək istəyidi-
keçmişə...

bir də bütün gedişlərin əvvəli var,
canım-gözüm...

...içdən gələn səs...
yəni, nəfs...


hardan biləsən

...çapıqları küləkləri qarğıyan
budaqların mehistəməz halından
daha betər olmaq belə olurmuş...

xəzəl olmuş yarpaqların xalından
daha betər solmaq belə olurmuş...

...sən hardan biləsən, hardan biləsən
payızların mənə çəkdirdiyini?!


xoşbəxtlik

akvariumdan xəbərsiz quşlar,
qəfəsdən xəbərsiz balıqlar varsa...
...qurbağalar xoşbəxdi!


qayıdış

...gedənlərin
geri dönməməsi deyil,
gələnlərin geri dönməsidi
ölüm...


son nəfəsdə yazılan şeir

bu gün bir şeir yazıb məni,
bir hekayə oxuyub,
bir film izləyib məni...

deyəsən...
...bitmişəm!