Analoqu olmayan imza günü

OĞUZ AYVAZ
43710 | 2017-02-06 12:00
Bazar günü dostumun ilk kitabının imza günü keçirildi. Təqdimata bir yerdə getdik. Çox həyəcanlı görünürdü, sanki böyük kütlə qarşısında çıxış edəcəkdi. Təqdimata vaxtından tez gəldik, kitab evində tək-tük adamlar gəzişir, yeni kitablara göz gəzdirirdilər. Bizimlə bir yerdə dostumun qohumları da təqdimata gəlmişdi. Qohumları təzə əsgərlər sayaq kitablara baxır, alışmadıqları bu mühitdə özlərini qərib hiss edirdilər.


Dostum "müəllif masa”sında yerini bərkitdi, üzündə təbəssüm yarandı. Bir anlıq gözümün qabağında bəy masası canladı. Dostumun yanında gözəl-göyçək bir qız da əyləşdirdim. Sonra bir ofisiant gəlib onlara şərab süzdü, toqquşdurub içdilər.Kitab mağazasındakı kitablar da, dostumun qohumları da darıxırdı. Bayaq bəy masası dedim. Elə bu abzasda xəyalımı davam etdirdim. Deməli, qohumların gözü qapıda qalmışdı. Onlar toya gələnləri qarşılamaq üçün hazır dayanmış toy yiyələrinə oxşayırdılar. Amma şadlıq sarayından fərqli olaraq kitab dükanın qapısı çox nadir hallarda açılırdı. Hər dəfə açılan qapıdan girən adam ya xadimə olurdu, ya da hansısa dərslik üçün maraqlanan tələbə.Dostum isə bütün bunları vecinə almadan gülümsəməyinə davam edirdi. 

Hər şey gözəl olacaqdı, bir azdan qapı açılacaqdı, bir qrup adam hay-küylə içəri girəcəkdi, dostumun kitabı üçün növbəyə duracaqdı. Dostumun həyəcanı çoxdan onu tərk etmişdi. Ona filosof deyirdik. Kitabı da aforizmlərdən ibarət idi. Qəribə orasıdır ki, dostum heç bir kitab oxumamışdı. Tam dəqiq deyirəm sizə: kitab. Ayrı-ayrı səhifələrdən Nitşenin sitatlarını oxuyub içində yatan dinozavrları oyatmışdı. Birdən-birə ona elə gəlmişdi ki, bu dünyaya onun hayqıracağı fikirlər var. Nə olsun kitab oxumayıb? Nə olsun fəlsəfəni əsaslı şəkildə bilmir? Əsas odur sözlər onu cuşa gətirmişdi. Onları aforizm halına salıb insanlara çatdırmaq istəyi dostumu xoşbəxt edirdi. Kitab oxumadığı üçün də narahat idi, bu problemini tezliklə həll edəcəyini deyirdi. Növbəti kitabını çıxardana qədər qollarını çırmalayıb filosofların axırına çıxacaqdı. Təqdimata gəlmədən əvvəl tez-tez mənə belə suallar verirdi:-Birdən sual verərlər orda. Nə deyəcəm? Filosoflardan soruşsalar nə deyim?Mən də ona kitab oxumağın vacibliyindən danışırdım. Deyirdim ki, fəlsəfə ilə məşğul olan adamın suallardan qaçması absurddur. Çünki fəlsəfə başdan-ayağa dünya boyda bir sualdan ibarətdir. 


Vaxt uzandıqca uzanırdı. Artıq bir saat keçmişdi. Təqdimata gələn yox idi. Kitab dükanına gələnlər isə gəmi qəzasından xilas olub adaya çıxan adamları xatırladırdı. Öz-özümə deyinirdim: "Belə də təqdimat olar?” Gənc "filosof”un dost-tanışları, qohumları, vəssalam. Onlar da toplam beş nəfər.Elə bu vaxt bir kişi yanında da iki uşaq "imza masası”na yaxınlaşdılar. -Oğlum sizin fikirlərinizi oxuyub hardasa. Bəyənib yaman, ver görək o kitabdan birini... Bazardan kartof alırdı elə bil. Dostumun üzündəki təbəssüm daha da dərinləşdi. Çox sevincliydi. -Neçəyədi kitab? – kişi əlinə birini götürüb alıcı ağzı ilə soruşdu. Arxasınca bir nəfər də peyda oldu. O da kitabın nədən bəhs etdiyini soruşdu. Dostum iki sualın qarşısında qızardı. Bu da bizim filosofumuz. Həyatın ən çətin sualıdır bəlkə bu iki sual: "Neçəyədi? Nədən bəhs edir?” Mən ağlımda fəlsəfi suallar kitab dükanında var-gəl eləyirdim ki, gördüm dostumla bayaq kitabın qiymətini soruşan kişinin uşağı foto çəkdirir. Düşündüm ki, bu da bir fəlsəfədir. Şəkil bir anın donmuş halıdır. 


Dostum təzədən stula yayxananda bir incə bığlı kişi ona yaxınlaşdı. Kitab təqdimatlarında bu cür geyinən adamlar görməmişdim. Kəpənək qalstuk taxmışdı, parıldayan kostyum əyninə keçirmişdi. Bircə mikrofon da olsa çıxıb mahnı oxuyacaq haldaydı. -Sizə hədiyyəmdir. – deyib dostuma bloknota bənzər bir şey uzatdı. "Təhlükə” uzaqlaşanda yaxınlaşıb dostuma verilənin nə olduğu ilə maraqlandım. Sən demə, kitabmış. Əl boyda, bapbalaca bir kitab. Amma buna kitab deməyə min şahid lazım idi. Elə bil xatirə dəftəriydi. Müəllif üstünə öz şəklini vurdurmuşdu. O şəkildə də əlində bir mikrofon çatışmırdı. Yoxsa onu hansısa manıs müğənniyə bənzətmək olardı. Manıs müğənni demiş! Birdən əlimin içində vərəqlədiyim bu kitababənzər şeyin nəyə oxşadığını tapdım: bu olsa olsa manıs müğənninin kasetinə oxşayırdı. Sən demə, bu manıs müğənnilərə bənzəyən adam bizim baş tutmayan təqdimatımızda özünü reklam etməyə çalışırmış. Belə insanları görəndə cinlərim təpəmə çıxır. Ay balam, yaza bilmirsən, bunu başa düşdük. Bəs bizim heç tanınmayan dostumuzdan nə istəyirsən? Adamın istedadı olmasa da, bicliyi olmalıdır. Yoxsa həyatda baş çıxara bilməz. Bu da bir fəlsəfə... 

İki qız yaxınlaşdı. Dostumun üzü gülürdü. Elə bil qumarda əli gətirmişdi. Bir azdan ortaya atılmış pulları yığıb aradan çıxacaqdı sanki. Aralarında belə bir dialoq oldu:-Varisin kitabları neçəyədi? – qızlardan biri soruşdu. -Mən satıcı deyiləm xanım. -Bəs burda niyə oturmusunuz?-Kitabım çıxıb.-Siz kimsiniz ki?-Filosof.-Doğurdan?-Hə.-Bəs Varisi hardan tapaq?-Bilmirəm. – səsi qırıldı dostumun.Gülməyim tutdu, özümü güclə saxladım. Varis yenə qalib gəldi. -Nitşenin də kitabları satılmayıb. Ürəyini sıxma. – deyib əlimi çiyninə qoydum.Yenə gülümsəyirdi, heç nə vecinə deyildi. Deyəsən, o özünü həqiqətən Nitşe kimi filosof hesab edirdi.Sakitçilik... Gənc filosofumuzun səssiz baxışları. 

Artıq hər kəs getmişdi. Hamı yaxınlaşan gəmiyə özünü atıb xilas olmuş, adada yalnız ikimiz qalmışdıq. Dostum kefini pozmadan qımışdı: - Anoloqu olmayan təqdimat oldu. Əlimi əlimə vurub şaqqanaq çəkdim. Elə bu vaxt dostumun kitabını alan kişi oğlunun qulağından tutub gətirirdi. İkimiz də çaşdıq. Nə məsələdir görən? -Kitabı qaytarırıq. Dostumun gəmiləri batdı. Mən artıq söz tapa bilmirdim. Kişi oğluna təpinirdi:-Görmürsən,ağzına gələni yazıb. Ayıbdı. İblis Tanrını aldatdı... Fəlsəfə zad... Düş qabağıma, küçük...

TƏQVİM / ARXİV