ANA SƏHİFƏ / YAZARLAR

DÜNYA SƏNDƏN BEZƏNDƏ...

(Dostum Natiq Yaqubova)

29294    |   2017-02-03 22:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Sən də dönüb bu dünyadan bezmə, qardaşım. Sən bu dünyanın adamlarının, ağaclarının, havasının, suyunun - hər şeyinin kədərini və sevincini eləcə sonadək yaşamağa məhkumsan. Biz hamımız məhkumuq. Bu söhbəti düşünməyə də, dinləməyə də... Çünki söhbət böyük bir yazıçıdan, Kişi adamdan gedir!

***

Keçən ilin sentyabr ayında bir dostumla çay içib söhbət edirdik. Söhbətimizin mövzusunun bir az dağınıq və dəyişkən olmasına heç bir səbəb yox idi. Ara-sıra mobil telefon zənglərinin müdaxilələri istisnası ilə. Düşünürəm ki, biz söhbət zövqümüzü də əvvəllərdəki kimi yaşamağı unuduruq deyəsən. Tələskənlik, bəhanəli vaxt darlığı, adiləşən mobil telefon imbesilliyi...

Nə yaxşı, dostum da söhbətimizin üstün çalarlara yönəlməsinə səy göstərdi. Hal-əhval və yarımmental gedişlərin özü də "söhbətin" bu ümumi dağınıqlıq hüdudlarında idi.

Biz isə əsl söhbətə başlamışdıq. Bəzi məsələlər keçmişlə bağlı olsa da, mənim üçün əbədiyyət anlamında idi. Sənətkarlıq, peşəkarlıq müqayisələri konkret mövzunun prelyüdü kimi səslənirdi. Sanki səfərə çıxmış adamlar təki gəlib çatdıq böyük yazıçımız Sabir Əhmədlinin "Yaşıl teatr"ına. Çünki bu romanı biz hələ tələbəlik illərində ilk olaraq jurnal variantında oxuyub "Yamacda nişanə" kimi spesifik əsərdən sonra, ya bəlkə də eyni vaxtlarda qələmə alınan "Yaşıl teatr"da şəhər məişətinin qeyri-adi bədii palitrasını heyranlıqla müşahidə etmişdik. Biz elə Sabir Əhmədlinin özünü görəndə də, iş yerinə yaxın bulvar tərəflərdə rastlaşanda da ona rəğbətimizi, heyranlığımızı gizlətmirdik. Qəribədir ki, mən özüm o vaxtlar 20-21 yaşın dünya görüşündə ən gənc Sovet İttifaqı Qəhrəmanımız Cəmil Əhmədovun qardaşının məhz bu cür əzəmətli yazıçı olmasını təbii bir qanunauyğunluq kimi düşünürdüm. Sonralar dostum Vaqif Cəbrayılzadə məni "Ədəbiyyat və incəsənət" qəzetinə aparıb bizi tanış etdikdə (onlar yerli kimi çoxdan tanış idilər), mən çox sadə, çox səmimi və gözəl bir insanın həm də böyük yazıçı olmasına aşkar təəccübləndim də. İlk görünüşdə bir az sadəlöhv, hətta fleqmatik təsir bağışlayan bu insanın bir çox üstünlüklərini isə sonralar anlayıb başa düşdüm. Heç demə elə yazıçıya, şairə şöhrət gətirən yaradıcılıq üstünlükləri ilə yanaşı, onların şəxsiyyəti, sadəliyi, insanlığı da böyük rol oynayırmış. Gözəl və təbii örnək həmişə ikiqat sevgi qazandırır. Sabir Əhmədli də oxucularından, əsl dostlarından və xalqından bu sevgini çox böyük bir halallıqla qazanmışdı.

...Dostumla həmin o çay söhbəti çoxdan bitmişdi. Mən isə günlərlə böyük yazıçımızla bağlı düşüncələrimlə yaşayıb ağrı-acılarımı azalda bilmişdim, həmişəki kimi onun kitablarını əlimə götürüb sevinmişdim...

Sabir Əhmədlini təkrar-təkrar oxumaq, dönə-dönə xatırlamaq insanda ruh yüksəkliyi yaradır. Ədəbiyyatımızın "altmışıncılar" superliqasında əbədi liderlərdən biri kimi şöhrət qazanan Sabir Əhmədlinin yaradıcılığı ilə yanaşı həyatı da unudulmaz xatirələr qaynağıdır. Gənc yazarlara, eləcə bütün gəncliyə örnək olan Sabir Əhmədli ömrü əvvəldən sonadək bütöv və əyilməz yaşanıb. Əli Kərim kimi, Məmməd Araz kimi... Baxmayaraq, bizlərə məlum olmayan gizlin ünvanlardan onun kişi şöhrətinə dözümsüzlük sindromları da tuşlanıb və müəyyən qədər də öz işini görübdür...

Baxın, xalq yazıçısı Sabir Əhmədli 1956-cı ildən 1996-cı ilə kimi yalnız "Ədəbiyyat və incəsənət" qəzetində çalışıbdır. Ədəbi işçi vəzifəsindən baş redaktor vəzifəsinə qədər. Böyük qardaşı, yuxarıda qeyd etdiyim kimi ən çox fəxr etdiyimiz Sovet İttifaqı Qəhrəmanlarından biridir. Yazıçının oğlu Məhəmməd də Xəlil Rza Ulutürkün oğlu Təbrizlə eyni dövrdə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucalıbdır. Ancaq...

Mən bu yerdə yazıçı Aqil Abbasın "Sabir Əhmədli Cəbrayıla həsrət qaldı" məqaləsini xatırlamaya bilmirəm. Elə Sabir Əhmədli bu dünyadan köçərkən məlum vəzifə ilə əlaqədar tutduğu mövqeyini də.

Hələ bu harasıdır. "Yamacda nişanə", "Yaşıl teatr", "Yasamal gölündə qayıqlar üzürdü", "Dünyanın arşını", "Aran", "Toğana"... kimi 20-yə yaxın roman müəllifi olan və "Qanköçürmə stansiyası" kimi şedevr povest yazan, müstəqillik dövründə də yazıçılıq missiyasını uğurla davam etdirən Sabir Əhmədlinin adı Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinə "düşməyib". Düşməyib sözünü ona görə fərqləndirdim ki, Ədəbiyyat İnstitutumuz hələ oxucu qəlbi demək deyil, sadəcə.

Hamını nəzərdə tutmuram. Ancaq bizdə son dövrlərdə xoşagəlməz bir hal yaranıb. Öz böyük yazıçılarımızı düz-əməlli oxumadan bir neçə məşhur xarici ölkə ədiblərinin kitablarını qoltuqlarında gəzdirərək özlərinə yer tapa bilməyənlər də çoxalmaqdadır. Bu, tendensiya deyil, sadəcə özünü göstərmək anlamında ötəri bir stixiyadır. Sonunda, necə deyərlər, Əli aşı, Vəli aşı... məsələsi.

Sən məsələn, Sabir Əhmədlinin "Qanköçürmə stansiyası" əsərini bəyənib oxumadan, öz ədəbiyyatını öyrənmədən heç nəyi düzgün qavraya bilməzsən, özünü dahi sansan belə ən azından müqayisələr aparmağı da bacarmazsan. "Qanköçürmə stansiyası"ndan söz düşmüşkən mən bu əsəri dünya nəsrinin şedevrlərindən biri hesab edirəm. Gənc dostlar, heç nə demirəm, Hemenquenin Nobel mükafatına layiq görülmüş "Qoca və dəniz" povestini də oxuyun, Sabir Əhmədlinin də "Qanköçürmə stansiyası"nı.

Əlbəttə, kimlərsə düşünə və deyə bilər ki, uzaq Kuba sahilləri, qoca Santyaqo, köpək balığı hara, Cəbrayıl kəndi, boğazı tamam üzülmədən sahibinin əlindən çıxaraq həyətdə ora-bura qaçıb fınxıran, yıxılıb qalxan, ölümlə çarpışan cöngə hara...

Elə məsələ də burasındadır ki, oxumaq lazımdır, ən yaxşıları çox oxumaq lazımdır. Mən nə qədər danışsam və yazsam da o dahiyanə təsvirləri burada canlandıra bilmərəm. Obrazların düşüncə və hisslərini isə qətiyyən!

Yer üzündə bütün gözəl yazarların, gözəl əsərlərin sanki bir kosmik əlaqələri də olur - uzaqdan-uzağa dünyanı gözəlləşdirmək, insanları sevindirmək və heyrətləndirmək üçün ən utilitar missiya kimi. Bu səbəbdən də dünya ədəbiyyatında gözəl əsərlərin bir qan qohumluğu da olmamış deyil. İstər birbaşa mənada, istərsə də köpək balığının və ya cöngənin qanı məcazında...

Məzahir ƏHMƏDZADƏ



İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK