İradə TUNCAY: Hər bir TV yaxşıdır .... Hansını istəsən ... keç...

İRADƏ TUNCAY
100120 | 2017-02-03 16:30

Gecikdiyimi bilirəm – qaça-qaça bir zala daxil oluram . Üç tərəfdən pəncərəsiz , səsi udmaq üçün parça ilə qapanmış divarlar , dördüncü divar yerinə isə boyaboy işıqlı şüşə. Şüşənin arxasından rejissor pultu , monitorlar görünür. Hamar döşəmənin üstüylə yüyürüb mikrofonu qapıram və kameranın qarşısında dayanıram....Sonra ayılırdım.... Kameranın qarşısına çatanda ayılırdım... Bu uzun illər mənim yuxum idi (işsiz vaxtlarımda ). Amma təsvir etdiyim məkan televiziyadı. Sehrli məkan ... Tavandan yupiterlər asılıb, rejissor pultundan onları idarə eləmək olur. Mən heç yuxuda da görməmişəm , amma normal TV-lərdə qalxıb-enən operator kresloları da olur . Kran deyirlər buna. Müxtəlif nöqtələri , rakursları çəkmək üçün .... Sadaladıqlarım və sadalamadıqlarım da televiziyanın material-texniki bazası sayılır. Və bu bazada nələrinsə də sayı lap çoxdu . Hər proqramda neçə kamera işləməlidi və işlədikcə deyilən sözlərin vizual təsvirlə dəstəyi məsələsi var... Bu,TV-nin pavilyonudu . Belə pavilyonlarda tamaşalar , talkshowlar, konsertlər , nələr , nələr çəkilir ....di . Və son anda işıqlar masa arxasında , ya da kresloda , ya da ayaq üstə kamera qarşısında dayanmış şəxsin üzərinə yönələndə ,”motor”, ya da "efir " komandası veriləndə artıq TV-nin insan bazası çalışmağa başlayır . Hə, hələ montaj deyilən sehrli masa da var. Orda bir söhbəti hara istəsən çevirmək olar. Ekranın öz dili var . Televiziya yalnızca kütləvi informasiya vasitəsi deyil ki, həm də yaradıcılıqdı. Müəllif fikrinin ifadə vasitəsidi . "Kadr”- yəni kameranın bir baxışı . "Plan”- yəni kadra sığışdırılmış təsvirin miqyası.” Rakurs " - çəkıliş nöqtəsinin, kameranın çəkim obyektinə baxışı. Bu üç anlayışsız TV -nin mövcudluğu mümkün deyil . Bayaqdan danışdığım mədəni sözlər nəzəriyyədi . Həm də normal ölkələrdə qanun halına keçmiş praktikadı. Desəm ki, bunların hamısını bir yerdə görmədim , narazı qalmayın (ya düyü olmadı , ya yağ , ya da yeyəcək biri ). Ammalar isə var. Həm də bu sadalananlar təsvirə aid hissəsidi TV-lərin . Bəs mətn? Bəs məzmun? Bəs mahiyyət ? Bunları həll edəcək insan potensialı ? Redaktor institutu demək olar ki, ləğv olunmuş vəziyyətdə (redaktorlar indi şıltaq əyalət ulduzcuqlarının proqramına qonaq axtarmaqdan başqa bir şeyə yaramırlar . Hətta redaktorların hazırlanmış proqramdakı rolları ancaq "rol" olaraq qalır. Nə qədər hazırlıqlı redaktor var ki, teatr , ədəbiyyat , siyasət, idman , əyləncə janrlarında ixtisaslaşa bilsin ?)

Nostaljiyə qapılıb əvvəlki vaxtlarda bizim TV-nin yüksək səviyyəli TV-lə müqayisə etmək fikrindən çox uzağam . O vaxt da hər kəs (intellektual təbəqə deyək ) narazı idi . İdeal Mərkəzi Televiziya sayılırdı. Adı üstündə - MƏRKƏZİ ... Biz olsa -olsa əyalətlərə ayrılmış paydan yararlanacaq kasıb qohum sayıla bilərdik . Amma rejissor , operator kadrları mərkəzdə hazırlanırdı və bunların içində indi hamımızın təkrar-təkrar baxdığımız tamaşaların , sənədli filmlərin müəllifləri var. Lap dəqiq desəm, elə onlardı . Ya da onlardan nəsə öyrənənlər...

Respublika böyük bir dövlətin tərkib hissəsi idi – ölkənin hər tərəfində quruculuq , tikinti işləri vüsət almışdı. Bir yerdə üzüm yığımı , bir yerdə BAM salınırdı, bir yerdə tələbə-inşaat dəstələri , bir yerdə ucsuz –bucaqsız Tayqada odun tədarükü görən meşəçilər, bir tərəfdə kosmik sahənin kiçik də olsa təkərciyi –vintciyi olan qolları , səmamızın təhlükəsizliyini qoruyan təyyarələrə daşınan neft , qida sənayesinə xidmət sahələri , geyim fabrikləri , kitab sənayesi , nəqliyyat , dənizçilik ... Bir sözlə, sənaye... Bir sözlə, iqtisadiyyat... Və bu mövzuları əhatə edən sənət ... Ədəbiyyat , teatr, kino ... VƏ TELEVİZİYA... Əslində saydığım sənət növlərinə radionu da əlavə eləsəm bunlar televiziyanın böyük qardaşları idi . Televiziya bunların üstündə bərqərar olub formalaşmışdı . Daha yeni sahə idi . Amma az vaxt ərzində yer tuta bilmişdi insanların düşüncəsində. Məsələ də elə bu düşüncədədi . Daha doğrusu, düşüncəyə bazar kimi baxmaq . Bazarı isə reklamsız təsəvvür eləmək mümkün deyil ... Reklam hamıya lazımdı – satan malını daha tez , daha baha satmaq istəyir . Alan isə vaxtına və puluna qənaət etməklə almaq istəyir . Deməli, ortaq nöqtə var – vaxt və maddiyyat . Deməli, alan və satan bir-birini tapmaq üçün çaba göstərməlidi . Həm də qarşılıqlı hörmət əsasında . ( Nigar Camalın pampers reklamındakı hörmətdən danışmıram haaa, insan övladı doğulandan altını batırır. Amma bu o demək deyil ki, bunu müştərinin üzünə sürtmək lazımdı ). Satanın da, alanın da obrazı bəlli konturlarda cızılmalıdı . İndi gəlin bunu düşüncəyə tətbiq edək . İdeologiyaya tətbiq edək . Eyni mənzərə yaranmırmı ? İndi iqtisadiyyat toy və xəstəxanayla bağlıdı təəssüratı yaranıb. Şadlıq sarayı , sarayın dizaynı , qadınları bəzədən salonlar , musiqiçilər , toy maşınları, xına mərasimləri ... Yenə toya aid nə yadınıza düşürsə, özünüz əlavə edin... Həəə, sonra toydan çıxandan xəstəliklər başlanır – filan hospitalda filan yerinizi qəşəng müalicə edəcəklər... (müalicə etməyə də bilərlər , amma bu artıq məhkəmə məsələsidi –TV-lərin göstərib -göstərməyəcəyi sual altında . Kim öz çörək ağacını kəsər ki?) Ardını yenə özünüz əlavə edin.... Qapalı dairə və belə də davam edir... Ciddi müştəri deyil əsas? Nə varsa budu ... Kadr , rakurs , plan.... Allahım, bu balaca ölkədə Qara Qarayev yetişmişdi bir vaxtlar...

Hələ ki müəyyən çərçivəyə sığışan bu dördbucaqlı yeşiyin təsir qüvvəsində olan nəsə ixtira edə bilməyib bəşəriyyət. Düzdü, indi internet də daxil olub insan həyatına , amma televiziya yenə birinciliyinı qoruyur . Həm də internetin senzuraya tabe olunma mexanizmi çətindi – bu da öz möhürünü vurur çox şeyə. Senzuradan danışmışkən, mübahisə yaradan sözcükdü –lazımdımı senzura ? Deyək ki , ölkənin əsas kanalları mütləq şəkildə bu anlama tabe tutulur . Özü də təkcə siyasi tendensiyalara görə yox . Qeyri-normativ leksika, qeyri -normativ görüntülər burda yoxdu . Olmalı deyil və tamaşaçı gözləmir də bunu . Tamaşaçı isə fərqlidi – ciddi nəsə gözləyəni var, siyasi təhlilə baxmaq istəyənlər var , ədəbiyyatdakı yeniliklər , yenidən dirçəlməyə çalışan kino , teatr haqqında debatlar , gəncləri maraqlandıracaq mövzular , idman, kənd həyatı ... Yəni axtarsaq var təsnifat .... Daha doğrusu, yoxdu, amma ola bilər . Senzura isə yalnız bir istiqamətdə tətbiq olunur – Hər şey gözəldir həyatda !!!! O zaman göstərməyi öyrənin, lütfən !!!

Bir dəfə canlı yayında TV-lərin birində çox gənc aparıcıya təklif kimi dedim ki , müğənnilərin evindən verdiyiniz reportajlar kimi yazıçıların , rəssamların , memarların , ümumiyyətlə, həyatın hər sahəsinə aid insanların evindən də proqramlar hazırlayın da . Kamera məni göstərirdi , tamaşaçı aparıcının hansı rəngə düşdüyünün , üz ifadəsinin necə dəyişdiyinin , mənə necə göz ağartdığının şahidi ola bilməzdi . Lap yazığım gəldi uşağa ... Uşaq dedim - halbuki aparıcı uşaq olmalı deyil , nəyin deyilə biləcəyinin , nəyə necə cavab verəcəyini gözəl bilən biri olmalıdı . Yazığım gəldi və özüm mövzunu dəyişdim . Yazığım gəldi həm də özümüzə - biz axı hamılıqla kiminsə kirli paltarları içində eşələnənlərdən ibarət deyilik. Adamlar ekranda çəkənlərin və göstərənlərin təsvirlərinə baxmağa məhkum olublar , özlərinin istədiklərinin yox . Və nəticə budu – yeni insanlar formalaşıb inamsız , nifrət , kin dolu , heç nəylə maraqlanmayan .... Müzakirə olunan: flankəsin saçın gördünüz ? Hahahahaha . Beşmənkəsin yataq otağına baxdınız ? Hihihihi .... Məhkum olub dedim, əslində indi məhkumluq televizorun pultundan asılıdı. Və nəyi seyr edir baxan , pult hara yönəlir ? Qonşu ölkədə evlənmək proqramlarına, çünki indi orda da həyat ancaq xəbər bülletenlərində fetonun dünya səviyyəli qorxusu, ya da 15 temmuz fantaziyaları haqqındadı . Bu da yorub...

Bir dəfə sosial şəbəkədə Alisa Freyndlixlə bağlı proqrama baxıb – niyə bizdə yoxdu belə proqramlar sualını vermişdilər . Bunun o qədər cavabı var ki: sayımız azdı , proqram hazırlanacaq barmaq hesabı adamlar ya qalıb , ya qalmayıb. Və buna baxıb anlayacaq adamlar qalıb , ya qalmayıb?

Yenə keçim mədəni sözlərə . Televiziya siyasətlə yaradıcılığın texnika zəminində sintezidi . Və ən əsası biznes sahəsidi . Ağlımı itirməmişəm – gücümüzün hara qədər olacağını da anlayan biriyəm. Amma dünya mədəniyyəti deyilən bir anlam var – bəhrələnmək, təcrübədən yararlanmaq , öyrənmək də var axı. Həmişə Amerika kəşf eləmək lazım gəlmir . Amerikalılar bunu kəşf edib tətbiq edirlərsə ... Teleindustriya yaradıblarsa... Saysız- hesabsız kanalların , production kampaniyaların yalnızca yeddisi ölkənin telebazarında söz sahibidi (ola bilər rəqəmlərdə səhv edim , amma bu mahiyyəti dəyişməyəcək ) və bu sahiblərin vizual mediadan başqa söz , kağız dəstəkli yardımçıları var . Söz sahibi kanalların gəlir yeri reklamdı (yenə Amerika kəşf elədim, deyəsən ), reklamın 30 saniyəlik çarxının qiyməti isə 3 milyon dollar civarındadı. Kəşflərimə əhəmiyyət verməyin – ölkənin qüdrəti bu sıfırların sayını da artırır, ən əsası sıfırın qarşısına hansı rəqəmi qoyacağını da həll edir . Biznes varsa rəqabət var , rəqabət varsa inkişaf var , inkişaf varsa çoxrəqəmli sıfırlar da olacaq . Bunu onlar çoxdan həll ediblər . Böyükdülər , qüdrətlidilər , dövlət prinsipləri Konstitusiya tərəfindən qorunur .

Və bu Amerika xülyasıdı bəşəriyyət üçün ....

Toydan çıxım xəstəxanaya ....

Biz bəzənməyi sevirik . Geyim zövqümüz formalaşıb deyirik (hərçənd par -par parıldayan rəngli makiyaj , par-par parıldayan muncuqlu paltarlar əksini deməyə də imkan yarada bilər , ta demirəm ) .Gözəl maşınlarımız var , binalar tikmişik , turizm kompleksləri açılır dalbadal ... Deyirik də, bacarıqlı oğlanlarıq, televiziyaların bəzək-düzəyi niyə belə miskindi ??? İki kreslo , bir divan – ildə bir dəfə üzlüyünü dəyişirik və qaldığımız yerdən davam . Mikrofon çatışmır , biri söhbətə qoşulmaq istəyəndə o birinin əlindən dartıb zorla alır, pavilyonlarda cırılmış linoleum döşəmə ... Hələ çəkilişə gedəndə kamera məsələsi .... Səbəb reklam yoxluğudu ? Zəngin deyilik ...Yoxdu deməli .... Tamam da bunların hamısı keçər- gedər .... Bəs, tsı-psı ilə, dz ilə danışan aparıcılar nəyin göstəricisidi ? Bu da kasıblıqdan doğur ??? Buna da inandıraq özümüzü – doğrudan yoxdu efirdə özünü efirə layiq aparacaq adamlar ??? Onda nəyə lazımdı bu özəl kanallar – oturmağa divanı yox , danışmağa mikrofonu yox , mikrofona söz deyəcək adamı yox .... Varmı? Varsa niyə qaçaq düşüb tamaşaçı öz TV-lərindən ? Həəə, tamaşaçı əyləncəyə baxmaq istəyir ? Toy istəyir ? Nazir Mikayılın reytinqi aparıcı Mikayılın reytinqindən çox aşağıdı .... Səbəb bu...

Hərdən olur, elə-belə mənzərəni görmək üçün kanallarda keçid edirəm ... Baxıram, məsələn, aparıcı bir topa adamla məzələnir . Yığıblar bu insanları proqram anturajı üçün – onlar da çox xoşbəxtdi . Mikrofonu dartırlar , qohumların , əzizlərin ad gününü təbrik etmək istəyirlər . Bir qadın az qala qışqırır: bacım qızı Aydanı təbrik edirəm , Aydanı !!!! Aparıcı hırıladyır, nə Çaydan? Hihihihi ....

Nə olub ? Nə baş verir ? Yetişdirmək istədiyiniz tamaşaçı bu deyildimi ? Toyda dingildəyən və efirdən bacısı qızını təbrik etməkdən xoşbəxt olan ? Onda niyə Çaydan ? Ən azı Günəşdan demək lazım idi . Əlindən, ayağından öpmək lazım idi . Onlar sizə bənzəyir – uğurlu bir iş görmüsüz, nəhayət ....

Sumqayıt bir vaxtlar böyük sənaye şəhəri idi ... Nələr -nələr vardı burda ... Hətta teatr da vardı (indi də var ) . Televiziya yox idi (indi var ). Toy edirlər hər gün Çaydanlara .... Və həkim də var .... Toy olsun, xəstəxana olsun – həyat firavan olsun?! Həə, bir də toyda dalaşıb bir -birini öldürən adamlar da krimxronikaların bəzəyi olsun ....

Mədəni sözlərdən gəlsin – aparıcı prestij kateqoriyasında TV-də ən yüksək mövqedə qəbul olunan şəxsdir. İdeya halında olan, rejissorun və redaktorun tamaşaçı kütləsinə deyəcəyi sözü o çatdırır. Mətn , süjet, kompozisiya quruluşunun uğuru aparıcının ifadə tərzindən , ifadə tərzinin ritmindən , dialoq qurma bacarığından asılıdı . O, qonağını da , tamaşaçısını da inandırmalıdı . Savadlı nitqi , komandada işləmək kimi keyfiyyəti , xarici görkəmində cazibədarlıq və ən önəmlisi isə soyuqqanlı olması , özünü ələ alma bacarığının olmasıdı . Çoxları aparıcı olmaq istəyir . Axı o , (yəni aparıcı ) məşhur , ictimailəşmiş insanlara tanışdı, özü də məşhurdu , ictimailəşib , böyük qonorarlar alır (böyük ölkələrdə təbii)... Amma bu arzularla yaşayanlar işin o biri tərəfini fikirləşmir – onların özəl həyatı yoxalır , ciddi psixoloji gərginlik altında olurlar, hər zaman da formada olmağa məhkumdular .... Və .... Heç bir sənət sahəsi insan simasını belə sürətlə , dönüşü olmayan şəkildə , kardinal şəkildə deformasiyaya məruz qoymur . Bir neçə ay mütəmadi görünən kimi ekrandan artıq Qafqaz dağlarını yaradan (kiçik də böyük də ola bilər ), ətrafa Elbrusdan baxan , özünün "sevimlisi " , hər şeyi hamıdan yaxşı "bilən” bir insan yaranır !!! Bunlar mədəni sözlər idi .... Nəzəriyyə yəni ...

Görmək istəyərdim amma bu nəzəriyyəni bizdə ....

Amma xəstə... liklər görürəm. Və bu xəstəlikləri yaradan iki "T”-di diaqnoz.

( ardı var )

 

 

 

 

 

 

 

TƏQVİM / ARXİV