ANA SƏHİFƏ / RUBRİKA

"Gördüyüm yuxu həyatımı dəyişdi" - YUXU QAPISI

92575    |   2017-02-03 11:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazar, jurnalist Azər Qismətdir. Adalet.az müsahibəni təqdim edir.


-Freydə görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

-Yuxulara elmi şəkildən yanaşmaqda çətinlik çəkirəm. Alimlərin uzun illər ərzində bu sahədəki tədqiqat işləri hələ öz nəticəsini vermir. Yuxu inadkarlıqla öz sirrini gizlədir. Mən yazı adamı olsam da, müşahidələrim bəzi mətləblərə aydınlıq gətirməyə yardımçı olar. Məsələn, mənə elə gəlir ki, beyinin gün ərzində qapılarını açması saatları olur. Daha doğrusu, bir an ərzində öz qapısını açır və insanın düşündüyündən kiçik qətrə götürüb hansısa küncə toplayır. Sonra yenidən qapını bağlayır. Məsələn, bir ay əvvəl yolda təsadüfən "Kadillak Eldorado” avtomobili gördüm. Və bir anlıq qəlbimdən keçdi ki, 1960-cı illərin "Kadillak”ından olsaydı, şəhərdə şütüyərdim. Sonra xəyalıma gətirdim ki, Amerikadan gələn mütəxəxəssislər o maşını məndən almaq üçün necə dil tökürlər. Ertəsi gün aqrar sektora dair yazı hazırlayırdım, orda örüş sahələrinin əkin dövriyyəsinə qatılması barədə kiçik düşüncəyə daldım. Ki, mal-qara qapalı tövlə şəraitində saxlanılsa, onun qan dövranı normal vəziyyətdə olmayacaq, laktasiya zəif gedəcək, südün məhsuldarlığı aşağı düşəcək. Yadıma düşdü ki, İsveçrənin Alp dağlarının ətəklərində inəklər necə kövşəyir və sair. Deməli, 1 həftədən sonra gördüyüm yuxuya fikir verin. Mən "Kadillak”da sükan arxasında oturmuşam, yanımda da baytar əyləşib. Biz fermaya çatıb laktasiyaya dair elmi simpoziumda iştirak edirik. Tədbirə İsveçrədən nümayəndələr də gəlib. Beynin qapısı açılıb, özünə lazım olanı götürüb, hansısa küncdə gizlədib və kiçik süjet hazırlayıb. O süjetin müsbət və mənfi olması isə qidadan asılıdır. Yuxudan əvvəl qəbul edilən qidaların yuxu süjetinin hansı istiqamətdə hazırlanmasında böyük rolu var. Bu da mənim kiçik müşahidəm.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Həyatıma bu və başqa dərəcədə təsir göstərir. Məsələn, rəhmətə getmiş yaxınlarımı görəndə onların qəbirdə üşüdüyünü, yaxud ziyarət zamanının çatdığını düşünürəm. Ya ziyarət edirəm, ya da rayonda yaşayan qohumlara deyirəm ki, qəbrin üstünə gedib gül qoysunlar, kol-kosdan təmizləsinlər. Anamı görəndə fikirləşirəm ki, onun sağlıq durumunda nəsə var. Qayğı ilə yanaşıb halını soruşuram, nədənsə xiffət çəkdiyi ürəyimə gəlir. Səbəbləri tapıb aradan qaldırıram.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Heç bir yuxunun yozumu barədə düşünmürəm. Yadıma salıram ki, bu barədə nə vaxtsa düşünmüşəm, ya yox. Yadıma salanda ki, yuxuda cərəyan edən hadisələrin ayrı-ayrı detallarını dünən, srağagün, ya bir ay əvvəl düşünmüşəm, onda rahatlıq tapıram. Təkcə bir yuxudan qorxuram: qara camışı görməkdən. Uşaq olanda yaşlı adamlar deyirdilər ki, qara camış əzrayıldır, canı almağa gəlir. Sonralar buna inanmadım. Baş verən hadisələr məni buna inanmağa vadar etdi. Sabirabadın Qalaqayın kəndindən olan sinif yoldaşım bir dəfə dərsə gələndə dedi ki, babası yuxusunda qara camış görüb. Bir az məzələnib yazığa güldük. Ertəsi gün müəllim dərsə gəlib-gəlməyənləri jurnal üzrə soruşanda məlum oldu ki, oğlan dərsə gəlməyib. Qonşusu olan qız da bizimlə oxuyurdu. Qız ayağa durub dedi ki, onun babası gecə rəhmətə gedib. Neftçaladan olan tələbə yoldaşım da qara camışa dair eşitdiklərindən danışanda, həmin yuxunun doğruluğuna inandım. İki il bundan əvvəl isə bir hadisə baş verdi. Gecə yuxudan anamın səsinə ayıldım. O, xırıldayır və ah çəkirdi. Anladım ki, nəsə pis yuxu görür. Çünki anam həmişə sakit yatardı. Oyatdım. Dedi qəribə yuxu görmüşəm. Danışmağını istədim. Məlum oldu ki, yuxusunda ölmüş qara camış görüb. Məndən yozmasını istədi. Eləcə üstüörtlü dedim ki, ömrün artıb. Amma daha qara camışın əzrayıl olmasına dair bir kəlmə də demədim. O, sadəcə ölümün ayağını sındırmışdı.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- İnanmırdım. Ta ki qardaşım Qismət gənc yaşında rəhmətə gedənə qədər. Onu rayonda dəfn edəndən sonra gecə yuxu gördüm. Qardaşım təpənin üstündə dayanıb yas məclisinə baxırdı. Ucadan qışqırdım ki, gəl yaxına. Dedi daha orda işim yoxdur, gedirəm uzaqlara. Həmin yuxu mənə anlatdı ki, röyada mistik qüvvə mövcuddur.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Gecə gördüyüm yuxular heç vaxt çin olmayıb. Amma istirahət günlərində gündüz saatlarında yatanda gördüyüm bütün yuxular çin olur. Ötən həftə günorta gördüm ki, "Yaxşı, pis, zalım” filminə baxıram. Oyananda kanalları çevirdim və həmin kino nümyiş etdirilirdi. Oturub baxdım.


- Həyatınızda gördüyünüz ən yaddaqalan yuxu və ən gözəl yuxu hansılardır?

- Elə yuxular var ki, onları illərlə görmüşəm. 6-9-cu siniflər ərzində yazıçı Kir Bulıçevin romanı əsasında çəkilən "Gələcəkdən gəlmiş qonaq” filminin qəhrəmanı Alisa Seleznyovanı görmüşəm. Yuxuma gəlir, halımı xəbər alır, dərslərimin necə getdiyini soruşur, üzümdən öpüb uzaqlaşır. Elə bir yuxu da olub ki, onu 10 il sərasər izləmişəm. Pərdə qalxır, səhnəyə gəlirəm, hamı məni alqışlayır. Qızım dünyaya gələndən sonra başqa röya məni illərlə qorxutdu. Qızımla meşəyə göbələk yığmağa gedirik, hava qaralır və canavarların əhatəsinə düşürük. Qızımı başımın üstünə qaldırıram ki, canavarlar onu yeməsinlər, özüm isə əl-qol atıram. Və o anda düşünürəm ki, təki məni yeyib doysunlar, qızıma toxunmasınlar.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Bəzi adamlardan bunu eşidirəm, doğrusu mən görməmişəm. Məncə, ağ-qara yuxuları yalnız yaşlı nəsil görə bilər. Çünki ömürlərinin 90 faizini ağ-qara ekran qarşısında keçiriblər. Ya da Çin fəlsəfəsi ilə maraqlananlar.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Qardaşım Qisməti və ilk ibtidai müəlliməm Bikə xanımı. Mərhum atamı görəndə bilirəm ki, həmin gün əlimə pul gələcək. Rəhmətlik pullu kişi idi. Rayonda pullu ailələrdən tanınırdıq. Qardaşımı o vaxt görürəm ki, sağlamlığımda nəsə problem var, aradan qaldırmalıyam. Onlar mənə işarələr ötürürlər. Bikə müəlliməni görəndə isə məlum olur ki, hansısa sinif yoldaşımın başına nəsə gəlib. Bir dəfə onu yuxuda görmüşdüm. Ertəsi gün zəng gəldi ki, sinif yoldaşın Rahib rəhmətə gedib. 25 il əvvəl isə sinif yoldaşlarımdan birini Rusiyada həbs etdilər.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Mən də yuxularımın içində fırlanıram. Lakin məsələ burasındadır ki, kor-koranə fırlanmıram, verilən işarələri duyuram.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Əlbəttə. Bayaq da dediyim kimi həmişə pərdə qalxır və məni alqışlayırdılar. Veriliş aparıcısı oldum, ölkədə azdan-çoxdan tanındım. Gördüyüm yuxu gələcəkdən xəbər verdi.



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK