adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Yanvar 2017 13:18
9291
ELM VƏ TƏHSİL
A- A+

DİLLƏR UNİVERSİTETİNİN KEÇMİŞ ŞÖHRƏTİ ÖZÜNƏ QAYTARILACAQ

Biz tələbə olanda üç ali məktəbin adı xüsusi hörmətlə çəkilirdi: Azərbaycan Dövlət Universiteti, Tibb İnstitutu və bir də Xarici Dillər İnstitutu. Bu ali məktəbin tələbələri xüsusi qürurla fəxr edər və forslanardılar. Hətta Xarici Dillər İnstitutunda oxuyanlar çox vaxt oranı el dilində «inyaz» adlandırırdılar. Ümumiyyətlə, bütün dövrlərdə «prestijli» ali məktəblər olub. Amma bayaq dediyimiz kimi, bunların gözü yuxarıda adlarını sadaladığımız təhsil ocaqlarıdı.

Bu gün də ölkə təhsilində bu üç təhsil ocağının öz yeri, öz çəkisi var. Ən azından ona görə ki, hər üç təhsil ocağının çox zəngin tarixi və keçmişi çox şey deyir. Yaxın günlərdə mənə dedilər ki, Azərbaycan Dillər Universitetində kütləvi informasiya vasitələrinin iştirakı ilə tədbir keçiriləcək. Səni də orda görmək istəyirik. Təbii ki, dəvət olunan yerə getmək lazımdır. Və ataların bir sözü yadıma düşdü: «Çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar».

Bizi universitetin mətbuat xidmətinin rəhbəri hörmətli Araz müəllim qarşıladı və görüş keçiriləcək otağa dəvət elədi. Hiss olunurdu ki, onlar bu tədbirə çox ciddi hazırlaşıblar. Belə ki, yanvarın 27-də Azərbaycan Dillər Universitetində 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədilə təhsil ekspertləri, KİV nümayəndləri, QHT təmsilçiləri və ADU-nin İctimai Nəzarət Şurası üzvlərinin iştirakı ilə mediatur keçirilirdi.

Tanıdığım və tanımadığım qəzetlərin, eləcə də saytların nümayəndələri öz yerində əyləşib görüşü açacaq Azərbaycan Dillər Universitetinin rektor vəzifəsini icra edən professor Əfqan Abdullayevin gəlişini gözləyirdilər. Çox keçmədi ki, hörmətli professor Əfqan müəllim otağa daxil oldu və səmimi, yaddaqalan çıxışı ilə bizimlə ünsiyyət yaratdı. Aydındır ki, hər bir rəhbər ona çalışır ki, işlədiyi yerdə çağlam əhval-ruhiyyə və eləcə də yaxşı mühit yaratsın. Əfqan müəllim elə çıxışına başlayan kimi də çox gözəl bir aura yaratdı, təhsil ocağında gedən yeniliklərlə bağlı KİV nümayəndələrini tanış edə bildi. O qeyd etdi ki, dekabrın 23-dən bu vəzifəni icra edir və indiyə kimi də müxtəlif ali məktəblərdə, o cümlədən də Dillər Universitetində ayrı-ayrı vəzifələrdə çalışıb. Bu isə o deməkdir ki, o bu kollektivə təsadüfən gəlməyib. Rektor vəzifəsini icra edən Əfqan Abdullayev bildirdi ki, bizim ali məktəb hamının üzünə açıqdır və biz burda elə bir ab-hava yaratmaq istəyirik ki, həm tələbələrimiz, həm də bizim işimizə nəzarət edən insanlar görsünlər ki, hansı yenilikləri həyata keçirməyə çalışırıq. Hadisələr göstərir ki, tələbənin halal haqqını özünə verməyin və qaytarmağın zamanıdır. Yəni təhsil rüşvətsiz də mümkündür. Dövlət bizə hər cür şərait yaradıb və biz də bu etimadı doğrultmalıyıq. Bu gün bizim ali məktəbdə 6500 tələbə təhsil alır. Eyni zamanda 740 nəfər professor və müəllim heyəti çalışır. Elmlər doktoru, professorların aylıq əmək haqqı 1300 manatdır, kafedra müdirləri isə daha yüksək maaş alırlar. 5 fakültədə 22 xarici dil tədris edilir. Biz əvvəlki ənənəni geri qaytarmaq istəyirik. Bunun üçün bu gün məktəbizimdə hər cür şərait və mühit var.

Həqiqətən də öyrənirik ki, bu gün Azərbaycan Dillər Universitetində çox sağlam mühit yaradılıb. Yəni savadlı, bilikli tələbənin heç kəs haqqını tapdalaya bilməz. İmtahanlar isə əsasən yazılı formada həyata keçirilir. Bir çox tələbələrin isə bu imtahanlardan sonra apellyasiya şikayətləri olur. Demək olar ki, şikayət edən tələbələrin 60 faizi təkrarən yoxlama zamanı onlara qarşı olmuş ədalətsizlik bərpa edilir. Başqa sözlə demiş olsaq, ədalətsizlik aradan qaldırılır və tələbə əsl biliyinin obyektiv qiymətini ala bilir.

Rektor vəzifəsini icra edən professor Əfqan Abdullayev bir fikri də xüsusilə vurğuladı ki, yazıları düzgün yoxlamayan və səhvə yol verən müəllimlər cəzalanırlar. Belə ki, bir müəllim yazını obyektiv yoxlamadığına görə, onun dosentliyi əlindən alınıb.

Bir faktı da qeyd edək ki, ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında artıq bəzi yeniliklər bayaq dediyimiz kimi, tətbiq edilib. Belə ki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır. Mühüm yeniliklərdən biri də imtahanların biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirilməsidir.

Rektorluq vəzifəsini icra edən professor Əfqan Abdullayevin iştirakı ilə KİV nümayəndələri, eləcə də digər qonaqlar imtahan gedən və yazıların yoxlanıldığı otaqlara baş çəkdilər. Bu sətirlərin müəllifi də həmin prosesdə iştirak elədi. Professorlarla və eləcə də imtahan verən tələbələrlə söhbət edərkən bir daha aydınlaşdı ki, bu yeniliklər tələbələrin də ürəyincədi. Hətta bir neçə tələbə ilə qısa müsahibə də apardıq və onlar təsdiqlədi ki, kim imtahana cavab verirsə, yüksək qiymətini ala bilir. Burda tələbənin qiymətinin kəsilməsindən söhbət gedə bilməz. Ancaq faktlar göstərirdi ki, yazıların yoxlanılması zamanı bəzi müəllimlər qeyri-obyektivliyə yol veriblər və onlar da öz cəzalarını alıblar.

Rəyini öyrəndiyimiz tələbələr səmimi olaraq dedilər ki, biz rektorluq vəzifəsini icra edən Əfqan Abdullayevin həyata keçirdiyi yenilikləri alqışlayırıq. Əfqan müəllim də bizimlə söhbətində bir daha bildirdi ki, biz kənardan 11 nəfər müəllim dəvət eləmişdik. Onlar tələbələrdən özləri imtahan götürdülər və onların verdikdəri qiymətdən də bir nəfər də narazılıq eləmədi. Ümumiyyətlə, biz ona çalışırıq ki, tələbələrimizin halal haqqını heç kim tapdamasın və heç kəs də tələbənin üstünə yeriməsin. Və bir də müəllimə ən obyektiv qiymət verən elə tələbənin özüdür.

Hər halda Azərbaycan Dillər Universitetind həyata keçirilən bu yenilikdən KİV nümayəndələri də bizcə narazı qalmadılar. Ən azından ona görə ki, biz görüşün əvvəlindən sonuna kimi rektor vəzifəsini icra edən professor Əfqan Abdullayevin çox səmimi olduğunu gördük. Sonda da o nümayəndələri öz kabinetinə dəvət elədi və bizi bir daha müəyyən yeniliklərlə tanış etməyi unutmadı. Axırda da yenə özünəməxsus səmimi bir zarafatla bizim yadımızda qaldı. Dedi ki, mən həmişə sizin qulluğunuzda hazıram. Ancaq bir şərtlə: gərək heç vaxt məndən kiməsə kömək etməyi və qiymət yazdırmağı xahiş etməyəsiniz! Təbii ki, biz də bunları səmimi qəbul elədik və ali məktəbdə yaranmış xoş auradan razı qalaraq ordan uzaqlaşdıq…

Faiq QİSMƏTOĞLU