adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Yanvar 2017 15:36
13581
ELM VƏ TƏHSİL
A- A+

Radiasiya Problemləri İnstitutu ilə AzTU arasında əməkdaşlıq

Yanvarın 26-da AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə Azərbaycan Texniki Universiteti arasında 5 il müddətinə elmi-texniki əməkdaşlıq yaratmaq məqsədilə müqavilə imzalanıb.

Müqaviləyə əsasən AzTU-nun professor-müəllim heyəti ilə Radiasiya Problemləri İnstitutu arasında tədris və elmi-texniki işlər sahəsində geniş təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində həmçinin, bakalavriat və magistratura səviyyəsində təhsildə fərqlənən tələbələrin Radiasiya Problemləri İnstitutunda aparılan elmi-tədqiqat işlərinə cəlb edilməsi və gələcəkdə tələbələrin orada işlə təmin olunması da mümkün olacaq.

Radiasiya Problemləri İnstitutunun bir sıra sahələri üzrə peşəkar kadr yetişdirilən AzTU ilə bu institutun birgə layihələrinin işlənməsi və nəticələrin istehsalatda tətbiqi, keçirilən elmi-texniki tədbirlərdə birgə iştirakın təmin edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, elmi-texniki seminarların təşkili və digər bu kimi işlərin gələcəkdə həyata keçirilməsi də müqavilədə öz əksini tapıb.

AzTU-nun rektor əvəzi Xalıq Yahudov bağlanan müqavilənin əhəmiyyətindən danışaraq Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. Rektor əvəzi qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Strateji Yol Xəritələrində əqli mülkiyyətin geniş istifadəsi, xüsusilə istehsalata tətbiqini nəzərdə tutan mühüm müddəalar yer alıb. Bildirilib ki, bu müddəalardan irəli gələrək praktik imkanların genişləndirilməsi mümkünləşəcək ki, bu da əməkdaşlığın daha səmərəli olmasına zəmin yaradacaq.

Radiasiya Problemləri İnstitutunun direktoru Oktay Səmədov da öz növbəsində imzalanan müqavilənin mümkün imkanlarından danışıb. Oktay Səmədov bildirib ki, rəhbərlik etdiyi institutun bir sıra mühüm sahələrində AzTU məzunları çalışır. Qeyd olunub ki, müqavilə Radiasiya Problemləri İnstitutunda çalışan və Azərbaycan elminə töhfə verən AzTU məzunlarının sayını artıracaq.