adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Yanvar 2017 12:30
231128
RUBRİKA
A- A+

"Heç ayılmaq istəmədiyim yuxular olur" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyl-veyl dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapsı" rubrikasının budəfəki qonağı tanınmış telejurnalist Ləman Ələşrəfqızıdır. Adalet.az müsahibəni təqdim edir:


- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

 - Bilirsiz də, nasist Almaniyasında Freydin kitablarını yandırıblar. Buna münasibət bildirən Freyd isə deyirmiş ki, orta əsrlərdə olsaydıq, onlar mənim özümü yandırardılar, amma biz gör nə qədər inkişafa nail olmuşuq ki, onlar mənim kitablarımı yandırırlar. Tarix sübut elədi ki, Freydin kitablarını yandıranlar, onu " intellektual şarlatan” adlandıranlar özləri də yuxu ilə bağlı normal, tutarlı, tamamilə əsaslandırılmış bir nəzəriyyə ortaya qoya bilmədilər. Qaldı Freydə… Heç Freydin özü də yuxugörmənin dəqiq fizioloji mexanizmini aça bilməyib. Yəni, əsrlərdir yuxugörmənin nə olduğunun konkret sübutu yoxdur, amma müxtəlif nəzəriyyələr var. Və o nəzəriyyələrdən biri də isbat etməyə çalışır ki, beyin hüceyrələrində fiksassiya olunmuş müəyyən informasiyalar spontan olaraq yuxu zamanı birləşir və onların qarışığından müəyyən bir məzmun əmələ gəlir. Məsələn, çox hörmət etdiyim həkim- psixiatr Nadir İsmayılov mənə bunu bir yuxunun timsalında belə başa salmışdı. Tutaq ki, adam yatır və yuxuda görür ki, dəvənin belində kosmosa uçur. Deməli, onun beynimdə dəvənin obrazı, kosmosun informasiyası olan nöqtələr birləşir və nəticədə adam belə bir yuxu görür. Şəxsən məndən soruşsanız ki, yuxugörmə nədir? Mən onu beyinin işindən də çox Allahın işi sayaram. Düzdür, alimlər beyində 20- 40 milyard sinir hüceyrəsinin olduğunu deyirlər və dolayısıyla yuxunun sirrini aça bilməmələrinin günahını bu mürəkkəb quruluşda axtarırlar. Amma mən daha çox bunu Allahla əlaqələndirirəm. Professor Azad Nəbiyevin maraqlı bir fikri var. O deyir ki, yuxu qeybdən göndərilən çox mühüm informasiyadır və insan beyni onu deşifrə etməkdə acizdir. Məncə maraqlı mülahizədir, əks halda, yaxın bir adamın ölümünün qabaqcadan yuxuda əyan olmasının hansısa sinir hüceyrəsi ilə nə əlaqəsi?


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Yuxularıma görə plan qurmuram. Amma yuxularıma çox inanan adamam. Bəzən günün sonuna kimi gecə gördüyüm yuxunun təsiri altında oluram, o yuxunun nəticəsini gözləyirəm. Bax, indi sizə müsahibə verəndə də gecəki yuxumu düşünürəm. Yəqin maraqlıdır nə görmüşəm? Evimizi, anamı, rəhmətə gedən xalamı görmüşəm. Xalam 90-cı illərin sonlarında vəfat edib və bu illər ərzində ilk dəfədir yuxuma gəlir. Bir az ona görə rahatam ki, niyyəti pis deyildi. Amma yenə də günün sonuna var və hər telefon zəngi məni diksindirir. Çünki, yuxu beynimdə sanki kodlaşıb, onu yaddan çıxara bilmirəm.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Deyir məşhur islam alimi imam Malikidən soruşanda ki, hər kəs yuxu yoza bilərmi? O bu suala- peyğəmbərliklə oynamaq olarmı?-sualı ilə cavab verib. Mən də yuxuyozmanı Yusif peyğəmbərə Allahdan göndərilən bəxşiş sayıram. Amma eyni zamanda düşünürəm ki, hər bir şüurlu adam da yuxu yoza bilər. Əsas odur ki, o niyyətində saf olsun, bu yuxunu təmiz ürəklə yozsun, pis niyyətlə yozmasın, alver predmetinə çevirməsin. Mən öz yuxumu özüm yozuram. Çox vaxt da düz çıxır. Amma yoza bilmədiyim yuxular da var əlbəttə. Onda da heç əhəmiyyət vermirəm. Ümumiyyətlə deyirlər ki, ən doğru yuxu görənlər danışığında ən doğru olanlardır. Məncə bu həqiqətdir.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Yuxuların mistik hadisə olmasına daha çox inanıram. Ötən il yuxu ilə bağlı sənədli film hazırlayırdım. Çoxlu materiallarla tanış oldum, bir xeyli maraqlı insanlarla söhbət etdim. Eyni zamanda sosial şəbəkədə dostlarımdan xahiş etdim ki, gördükləri maraqlı yuxuları mənə yazsınlar. O qədər yazdılar ki, çaşıb qalmışdım. Məsələn, bir xanım yazmışdı ki, qardaşım şəhid olub. Bir gün anam onu yuxuda görür, Qardaşım deyirmiş ki, ana, bacımın nişan konfetindən mənə də bir dənə ver. Yazır ki, həqiqətən də bir gün qabaq bacıma nişan eləmişdik. Deyir anam səhər duran kimi bacımin nişanında gətirilən konfet qutusunu açdı və hamımız heyrətə gəldik. Bağlı qutuda bir konfet əskik idi. Çox hörmət etdiyim Əsəd Cahangir də öz yuxularını o filmdə mənə elə obrazlı danışıb ki, yuxu elə mistikadır deyə düşünürəm. Tarixdə də üzü Yusif Peyğəmbərdən bu yana bir çox şəxsiyyətlərin gördüyü yuxular adamı daha çox yuxuların mistik tərəfləri ilə bağlı düşünməyə vadar edir. Bu xüsusda mənə daha maraqlı gələn Əmir Teymurun yuxularıdır. Bilirsiz ki, o özünün tüziklərində yuxularından bəhs edib və yuxularına uyğun da hərəkət eləyib. O yazırdı ki, etdiyim yürüşlərin, görəcəyim işlərin sonluğu mənə yuxularımda əyan olurdu. Məsələn tüziklərində o Tuğluq Teymurun öz ordusu ilə gəlib ona birləşməsinin yuxusunu belə nəql edir. "Gecə yuxuda gördüm ki, bir şahin gəlib biləyimə qondu. Bu zaman hardansa bir sürü inək çıxdı və mən onları saymağa başladım. Yuxuyozanlar dedilər ki, şahin əzəmətdir, inəkləri saymaq isə var-dövlətinin artmasıdır. Həqiqətən də Tuğluq Teymurun gəlib mənə birləşməsi gücümü də, var-dövlətimi də artırdı." Və yaxud, çar Astiyakın yuxusu. Deyilənlərə görə o da yuxuda qızının bədənindən ağac çıxdığını və bu ağacın hər tərəfi tutduğunu görür. Yuxusunu yozduranda ona deyirlər ki, qızın oğlan doğacaq və o bütün dünyaya sahiblənəcək. Həqiqətən də Kir doğulur və o nəinki qonşu dövlətləri, hətta babası Astiyakın hakimi olduğu Mİdiyanı da istila edir. Belə yuxulardan çoxlu misallar gətirmək olar. Məsələn biri də olsun Sezarın arvadının yuxusu. O da bilirsiz ərinin öldürüləcəyi işarəsini yuxuda almışdı. Hər halda əsrlər keçib, amma insan övladı bu sualın cavabını tapmaqda aciz görünür. Yuxugörmə elmdir, yoxsa mistika? Hər halda, mən ikinciyə inanıram.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Mənim yuxularım birmənalı çin çıxır. Hətta ailəmizdə də bunu bilir və yuxularımı çox ciddiyə alırlar.(gülür)


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

Atam insult keçirtdi, komaya düşdü. Burda Semaşkoda yatırdı. Hardasa 6 gün olacaqdı. Gecə yuxuda kənddəki ata evimizin qapısından bir sürü camış çıxdığını gördüm. Bir də rəhmətlik fotoqraf Elxan Kərimov vardı, mənim keçmiş iş yoldaşım. O yuxuma girdi, məni çağırdı, baxanda üzünü divarın arxasında gizlətdi. Səhər mən artıq atamın ölüm xəbərini gözləyirdim. Və bu yuxu məni o ölümə hazırladı sanki. Gözəl yuxularımı isə hələ gözləyirəm. Düzdür, bəzi maraqlı yuxularım olub ki, onları sınamışam. Məsələn, yuxuda pilləkənlə yuxarı qalxıramsa, bu əladır. Mütləq işimdə yüksəliş olacaq, amma enməyin ziyanı da hansısa bir işimdə dərhal özünü göstərib. Özü də deyim ki, bu yuxunu bəlkə də azı 100 dəfə görmüşəm.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

Alimlər izah edə bilmirlərsə, deməli mən heç izah edə bilməyəcəm. (gülür) Amma bu sual yaxşı ideya verdi. Gərək bundan sonra yuxularımın rəngini diqqətdə saxlayım. Bəlkə mən də elə ağ-qara yuxu görənlərdənəm. Amma yox, sonuncu yuxumda qıpqırmızı gilas gördüyüm yadımdadır.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Qızımı görürəm, anamı görürəm. Atamı rəhmətə gedəndən sonra cəmi bir dəfə görmüşəm. O da sanki yuxuda deyildi, həyatdaydı. Yəni, yanımda hiss elədim onu və bir neçə gün bu yuxunun təsirindən çıxa bilmədim. Sonra daha gəlmədi yuxuma. Hərdən ürəyimdən keçir ki, o yuxunu bir də görüm, çünki bu yuxudan çox reallığa bənzəyirdi. Bəlkə də ruhu idi atamın, amma yox. Daha gəlmir.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Elə bir maraqlı fikri də bizim Asif Ata deyib. O yuxunu təxəyyülün sərgüzəştləri adlandırıb. Maraqlı söz birləşməsidir, yox? Və adamı yuxu görməyə həvəsləndirir. (gülür) İstəyirsən ki, yatasan və çoxlu maraqlı epizodlar görəsən. Adam var ki, deyir heç vaxt yuxu görmürəm. Mən bunu normal saymıram və o adamlara da yazığım gəlir. Düşünürəm ki, yuxu həqiqətən də başqa aləmdir və bəzən o aləmdə özünü daha xoşbəxt sayırsan. Bəzən heç ayılmaq istəmədiyin yuxular da olur. Hətta ölən adamın da gəlib sənin yuxuna girməsi nəticəsindən asılı olmayaraq maraqlı gəlir adama. Bu dünya ilə əlaqələri qırılan şəxslə sən yuxuda ünsiyyət qurursan, danışırsan, onu həyatda olduğu kimi yaxından görürsən və s. Bunun nəyi pisdir ki?


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

Fikir vermisizsə, bir adam hansısa əlçatmaz arzusunu dilə gətirəndə başqası ona "hə, yuxunda görərsən!” deyir. Bu təsadüfi deyil, insanların öz həqiqətlərinə daha çox yuxuda çatmalarına işarədir. Amma yuxular da var ki, bizi sözün əsl mənasında həqiqətə çatdırır. Məsələn tarixdə elə maraqlı yuxu nümunələri var. 19-cu əsrdə tikiş maşınını ixtira edən Elyas Xo bilirsiz ki, əvvəlcə iynənin gözünü küt tərəfdə yerləşdirir. İxtira uğurlu alınmır, maşınlar tez-tez sıradan çıxır. Problemi heç cür çözə bilməyən Xo bir gün yorğunluqdan elə çertyojun üzərindəcə yuxulayır və yuxuda görür ki, Şərq hökmdarı onu hədələyir. Deyir ki, tikiş maşınını ixtira etməsən edam ediləcəksən. Xo özünün edama aparılma səhnəsini də açıq-aydın görür. Görür ki, hər birinin süngüsünün ucunda dəliklər olan əsgərlər onun üzərinə yeriyir. Xo yuxudan ayılır və iynənin dəliyini uc hissədə yerləşdirməklə tikiş maşını problemini həll edir. Yəni, Xo öz həqiqətinə tək yuxuda deyil, həm də həyatda çatır. Allah bizi də bu cür imkanlardan və bu cür yuxulardan məhrum eləməsin!