adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Yanvar 2017 13:22
81793
MÜSAHİBƏ
A- A+

"Şairlər hələ də Sovet dövründə qalıb" - MÜSAHİBƏ

Qazaxda yaşayan gənc yazar Hikmət Orhun ədəbi mühitdə tanınan imzalardandır. Bir çox ədəbi portallarda, qəzet və jurnallarda hekayələri, şeirləri ilə çıxış etmişdir.

Adalet.az gənc yazar Hikmət Orhunla müsahibəni təqdim edir:


- Nə vaxt oldu ədəbi mühitlə tanışlıq?

- On altı yaşım var idi. Birinci kitabımı yenicə çapa hazırlayırdım. Hələ dünyadan xəbərim yox idi; elə bilirdim, göy çatlayanda AYB-nin Qazax filialı düşüb, yanında da filial sədri Barat Vüsal. Bu ərəfədə təsadüfən Bəxtiyar Hidayətlə tanış oldum. O tanışlıq mənim üçün yeni qapılar açdı.


- Qazax ədəbi mühitində nələr var?

- Köhnə hamam, köhnə tas... Nə mövzular dəyişir, nə leksikon... Bir balaca gül-bülbüldən, dağ-bağdan kənara çıxan kimi adamı top atəşinə tuturlar. Şairlər hələ də Sovet dövründə qalıb. Əlacları olsa "Göyəzən" qəzetinə epiqraf yazarlar:


- Sizi gah nəsrdə, gah da poeziyada görürük. Sizə şair deyə bilərik, yoxsa yazar?

- Mən hələ axtarış mərhələsindəyəm.


- "Şərikli çörək” filmində belə bir epizod var: Vaqif xəstəxanada yatan qırçı Məhəmmədin yanına gedir. Qatarda söhbətləşdiyi zabitlərdən biri onun ustasının papağını geyinir və dostlarına göstərib gülür. Vaqifin reaksiyası: Sən atam kimi gülürsən. Bütün uşaqların ən böyük arzusu nə vaxtsa atalarına bənzəməkdir. Siz də atanız kimi olmaq istəmisiniz?

- Atam müalicə üçün Moskvaya yollananda görüşə bilməmişdim. Həyamdan bir küncə çəkilib ağlayırdım. Öləcək deyirdilər! Bir il sonra doğum günümdə sağ-salamat qapıdan girdi. Kökəlmiş, üstəlik, saçının keçəl yerlərinə tük gəlmişdi. Aladəmgil ağaran bığları indi qaraya çalırdı. Onu görən kimi qucağına atılıb bir daha ayrılmamaq şərtiylə boynuna sarıldım. Övladlarına qarşı həddindən artıq sərt adamdır, ancaq ömrüm boyu atam kimi olmaq, onun kimi yaşamaq, onun kimi danışmaq, onun kimi yerimək istəmişəm. Siqareti belə atam kimi çəkirəm. Elə buna görə, bir neçə dəfə əlimdə tutsa da, söz demədiyindən ayağım yer alıb. Fürsətcil adamam (gülür).


- Belinski deyir ki, öz həyatından yazmayanlar istedadsızdırlar. Kitablar, filmlər, yoxsa uşaqlıq xatirələrin sizi yazmağa məcbur edir?

- Hələki uşaqlıq xatirələrim.


- Ailə, yoxsa dost?

- Arada fikirləriylə barışmıram, di gəl, ailə mənim üçün hər şeydən öndə gəlir. Adamlarla dərhal isinişməsəm də, könlümə yatanları heç vaxt unutmuram. Yəni həm də kifayət qədər dostu-tanışı olan adamam. Orta məktəb vaxtı kəndimizin avaraları, söhbətə gedənləri dostum olub. Özüm də sən deyən ağıllı adam olmamışam. Üzüyola, əldən isti olduğuma görə, bir balaca problem olan kimi çağırırdılar.


- Uşaqlıq deyəndə ilk yadınıza düşən hadisə...

- Bir üçtəkərli velosipedim vardı. Hər dəfə məhəlləyə çıxaranda qonu-qonşunun uşaqları minmək üçün başına yığılar, təkərlərini, oturacağını təriflərdilər.


- Qoqol deyir ki, yazmaq ibadətə getmək kimi bir şeydir. İlk dəfə "ibadətə” nə vaxt getmisiniz?

- Beşinci sinifdə oxuyurdum. Sinif yoldaşlarımdan birinin qəzetdə şeiri dərc olunmuşdu. Qızlar, oğlanlar, müəllimlər, bir sözlə, hamı tərifləyirdi. Qısqandım. Dəftər-qələm götürüb yazmağa başladım. Yeddinci sinifdə oxuyanda şeirlərimdən bir neçəsi rayon qəzetində dərc olundu. Evdə ata-anamı, məktəbdə müəllimlərimi və sinif yoldaşlarımı əməlli-başlı təəccübləndirdim.


- Dilinizdən düşməyən tez-tez dediyiniz bir şeir...

- Nazimin Hikmətin "Masalların masalı” şeiri. Əzbər bilmirəm, ordan-burdan bir neçə misra yadımda qalıb. Kefim yaxşı olanda deyirəm:

"...Su başında durmuşuz,

çınar, ben, kedi, güneş, bir de ömrümüz.

Suda suretimiz çıkıyor,

çınarın, benim, kedinin, güneşin, bir de ömrümüzün.

Suyun şavkı vuruyor bize,

çınara, bana, kediye, güneşe, bir de ömrümüze” .


- Elə bir düstür varmıdır ki, ona əməl etməklə əsl yazıçı olmaq olar?

- Yazmaq, yazmaq, yazmaq...



- Ədəbiyyatla kino arasındakı əlaqəni hansı səviyyədə görürsünüz?

- Əlaqə hansı səviyyədə olur-olsun, nəticədə ikisi də külüngü bir yerə vurur, yəni insanlara zövq aşılayır.


- Necə olacaq bu işlərin axırı?

- Hər zaman pozitiv düşünən adam deyiləm. Ancaq məni tanıyan adamlar bilir ki, bu həyatda yeganə inandığım şey: Bir gün hər şey yaxşı olacaq!