adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 Yanvar 2017 10:30
4213
GÜNDƏM
A- A+

İlk peşə-ixtisas təhsili ilə bağlı qanun hazırlanır

Milli Məclisin Elm və təhsil komitəsi yaz sessiyasında yeni qanun layihəsi üzərində işləyəcək.

Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA–nın vitse-prezidenti İsa Həbibbəyli deyib. Komitə sədri qeyd edib ki, "İlk peşə ixtisası təhsili haqqında” qanun layihəsi üçün artıq hazırlıq işlərinə başlanılıb:

"Komissiya işə başlayıb, işçi qrupu formalaşıb, dünya təcrübəsi öyrənilir. Uyğun sənədlər, əsasnamələr, qüvvədə olan sənədlər əldə olunub, təhlildən keçirilir. "Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ilə yanaşı, "İlk peşə ixtisası təhsili haqqında” qanun layihəsinin hazırlanmasına start verilib”.

İ.Həbibbəyli qeyd edib ki, bu qanun layihəsi ölkədə ilk dəfə olaraq qəbul olunacaq: "Bu sahədə bu günə qədər Nazirlər Kabinetinin Əsasnaməsi əsasında fəaliyyət həyata keçirilib. Qanun layihəsində peşə məktəblərinin funksiyası, təsis olunma qaydaları, iş prinsipləri, fəaliyyətinin müxtəlif aspektləri öz əksini tapacaq. Cənab prezident İlham Əliyev imzaladığı "Strateji Yol Xəritəsində” peşə ixtisası təhsili ilə prioritet istiqamətlərin prinsiplərini, irəli çıxardığı müddəaları dərindən öyrənirik. Ölkə reallığı, dünya təcrübəsini də uzlaşdırıraq belə qanunun üzərində çalışırıq. İnanıram ki, yaz sessiyasının sonuna qədər qanun layihəsi üzərində ilkin işi tamamlaya biləcəyik”.

Komitə sədri vurğulayıb ki, bu gün ilk peşə ixtisası məktəblərinin maddi-texniki bazasının yenidən qurulması baxımından sürətli iş gedir. "Bir tərəfdən əvvəllər mövcud olmuş, lakin fəalyiyətini dayandırmış peşə ixtisası təhsili məktəblərində təmir bərpa işləri aparılır. Bir çox regionlarda bu məktəblər bərpadan sonra fəaliyyətə başlayıb. O cümlədən, aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində həm Bakı şəhəri, həm də ölkəmizin bütün regionlarında tam müasir avadanlıqlarla təhciz olnumuş peşə məktəbləri yaradılıb. Bu sahə ölkədə prioritet istiqamətlərdən birinə çevrilib. Düşünürüəm ki, yaxın zamanlarda peşə təhsili məktəblərinin maddi-texniki bazasının qurulmasında ciddi dönüş baş verəcək”.