adalet.az header logo
  • Bakı 7°C
21 Yanvar 2017 16:44
7448
MƏMLƏKƏT
A- A+

Cinayətlərin və inzibati xətaların sayı artıb

Bu gün Əlahiddə Çevik Polis Alayında 2016-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Müşavirəni açan nazir Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə quruculuq işlərinin uğurla davam etdiyini, dünyadakı gərgin siyasi və iqtisadi vəziyyətə, yeni münaqişə ocaqlarının yaranmasına baxmayaraq, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, bu proseslərdə yaxından iştirak edən Daxili İşlər Nazirliyi tərəfindən respublikada ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu xatırladıb. Həyata keçirilən kompleks tədbirlərin müsbət nəticələr verdiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdıran nazir hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin ölkədə əmin-amanlığın təmin edilməsini və davamlı olmasını şərtləndirən əsas amillərdən biri olduğunu bildirib.

Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də cinayətlərin dinamikasında müsbət təmayüllər qeydə alınıb, cinayətlərin açılması, axtarışda olan şəxslərin tutulması yaxşılaşıb, mütəşəkkil cinayətkarlığa, insan alverinə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənib, qanunçuluğun möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində müsbət nəticələr əldə edilib.

Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr, həmçinin qarşıda duran vəzifələr barədə Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, Alayın patrul bölüklərinin xidmət apardığı paytaxtın küçə və prospektlərində hesabat dövründə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, cinayətlərin və digər hüquqpozmaların aşkarlanması və vaxtında qarşısının alınması üçün kompleks tədbirlər müəyyən edilərək həyata keçirilib.

Bakı şəhər Baş Polis İdarəsi ilə razılaşdırılmış vahid dislokasiya planına uyğun olaraq post və marşrutlarda 28.292 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 804, inzibati xətalara yol vermiş 27.488 şəxs saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 268-i xuliqanlıq, 211-i oğurluq, 25-i soyğunçuluq, 65-i dələduzluq, 96-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 28-i digər cinayət törədənlər, 111-i isə axtarışda olanlardır. Eyni zamanda, məişət səs-küyünə yol verən 1.240, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 4.506, digər inzibati xətalara görə 15.217 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib. 2015-ci illə müqayisədə aşkarlanan cinayətlərin və inzibati xətaların sayı 890 fakt və ya 3.2 faiz çox olub.

Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətinın yekunlarını müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb.

General-polkovnik Ramil Usubov Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi işinin ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, eyni zamanda, əməkdaşların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən öyrənilməsini tələb edib.

Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübəsi olduğunu xatırladan nazir cari ildə Bakı şəhərində "IV İslam Həmrəyliyi Oyunları” və "2017 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçiriləcəyini, bu və digər kütləvi, mədəni tədbirlər dövründə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb, bu qurumun xidməti fəaliyyətinin respublikanın bütün ərazisini əhatə etməsi baxımından post-patrul naryadlarının daim ayıq-sayıq olmasının, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsinin, peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin zəruriliyini bildirib.