adalet.az header logo
  • Bakı 6°C
21 Yanvar 2017 13:54
11385
ƏDƏBİYYAT
A- A+

Dünənin və bu günün türkləri - Əlisa Nicata məktub

Ustad Əlisa Nicata birinci məktub

Əziz Ustad.


Sizə məktub yazmağımı bu qədər gecikdirməyimin bir çox səbəbləri var. İstanbula gəldikdən sonra Azərbaycan və Türkiyə dövlətləri, eləcə də bir millət adlandırdığımız toplumumuz haqqında kifayət qədər düşünməyə ehtiyacım vardı.


Çünki bilirsiniz ki, texnologiya nə qədər inkişaf etsə də, sərhədlər tədricən əvvəlki anlamını itirsə də, bir toplumu anlamaq üçün müəyyən qədər onun içində olmaq, tanımaq, oxşar və fərqli cəhətləri öyrənmək vacibdir.İbn Xəldunun da dediyi kimi "coğrafiya qədərdir"və bir milləti anlamaq üçün bu faktoru da nəzərə almaq gərəkdir.


Əziz Ustad.


İstanbula gəldiyim zaman ilk ziyarət etdiyim yerTopqapımuzeyi oldu. Oradakı salonların birində Osmanlı sultanlarının portretləri asılmışdı və onlardan biri də Sizin çox yaxından bildiyinizSultan Səlim Yavuza aid idi. Məlumunuzdur ki, sırğa taxmış şəkildə təsvir olunan Səlimin bu portretini məhz bu səbəbdənŞah İsmayıla da aid olduğunu iddia edənlər var. Bu ehtimal çox zəif olsa da, bəzi Türkiyə vətəndaşları arasında da qəbul edilir. Elə mənim muzeydə söhbət etdiyim gənc bir türk də bu qənaətdə idi və hətta ortaya mövqe də qoyaraq dedi ki,"bu xainin şəklini kim asıb bura, görəsən?”.


Əlbəttə, Türkiyədə müəyyən kəsim arasındaŞah İsmayıla qarşı 500 ildir ki, belə bir münasibətin olduğunu bilirdim, amma yenə də çox üzüldüm, tarixdə qalmış bir savaşın təsirinin indiyədək yaşadılmasının səbəblərini düşünməyə başladım. Sadə məntiqlə yanaşsaq, bir savaşdan sonra nifrət hissini qaliblər deyil, məğlublar yaşamalıdır. Çaldıran savaşında faktiki məğlub olan Şah İsmayıl və Səfəvilər idi. Amma aradan ötən 500 il ərzində məğlub edilən bir şaha qarşı bir nifrətin hələ də var olmasının səbəbləri nə ola bilər? Bu, əslində, o demək deyilmi ki, Çaldıran savaşında Səlimin topları qalib gəlsə də, Şah İsmayıl artıq bu döyüşə qədər düşüncə baxımından Anadolunu fəth etmişdi. Bu gün Anadoluda şah üçün oxunulan türkülər, dualar kimin qalib gəldiyini göstərən bir amil deyilmi?


Əlbəttə, tarixi hadisələri təftiş etmək, bu günə daşımaq nəinki doğrudur, əgər toplum içində bu kimi düşüncədə olanlar varsa, onlara qarşı mübarizə aparılmalıdır. Biz türklərin elə ciddi problemlərindən biri də budur ki, şanlı keçmişimizə çox ilişib qalır, bu günü bu günün pəncərəsindən dəyərləndirə bilmirik. Elə buna görədir ki, Türkiyənin son 10 il ərzində həyata keçirmək istədiyiYeni Osmanlıçılıqsiyasəti iflasa uğradı.


Ona sevinirəm ki, Azərbaycanda Osmanlı sultanlarına qarşı keçmişin pəncərəsindən baxan yoxdur və ya həddindən artıq azdır, insanlarımız Türkiyə türklərindən fərqli olaraq daha praqmatikdirlər.

Yeri gəlmişkən, buradakı kitab mağazalarında Sizin"Qızılbaşlar”romanınızın hələ də satıldığını görmək çox xoş idi.


***


Əziz Ustad.


Bu gün Türkiyə və Azərbaycan arasında birlik və bərabərlik çağırışları hər iki tərəfdəki alimlər, tədqiqatçılar, millətçilər arasında çox güclü şəkildə davam etdirilir. Amma buna baxmayaraq, şübhəsiz ki, Cənubi Qafqazda yaşayan türklərlə, Anadoluda yaşayanlar arasında müəyyən qədər fərqlər var, bunlar coğrafi regiondan tutmuş, fərqli dövlətlərin, məzhəblərin içində yaşamaq amilinə görədir.


Lap uzaq keçmişi müzakirə etmək istəmirəm. Bu yaxınlarda bir dostumuzla söhbət edərkən maraqlı bir fikir işlətdi. Dedi ki,Mustafa Kamal Atatürkün milli dövlət qurması ilə Azərbaycanla Türkiyə arasındakı Osmanlı-Səfəvi dönəminə aid bütün problemlər bitmiş oldu. Mən o dostumuzun fikirlərini bölüşür, hər iki feodal dövlətin çökməsinin bu gün təsəvvür etməyə də çətinlik çəkdiyimiz geniş əraziləri itirməyimizə səbəb olduğunu bilsəm də, bir amilə sevinirəm ki, nəticədə bizlər arasında yeni birliyin əsası qoyuldu. Bu birlik Osmanlının son qəhrəmanlarından, Sizin də 1990-cı illərin əvvəlində şeir yazdığınızƏnvər Paşanın və onun qardaşıNuru Paşanın sayəsində qurulsa da, Cümhuriyyət və ondan sonrakı dönəmdə daha çox inkişaf etdi.

(Yeri gəlmişkən, həmin şeirinizi bu yaxınlarda aldığım İrfan Ülkünün"KQB arxivlərində Ənvər Paşa"adlı kitabında da gördüm)

Əgər bir zamanlar Osmanlı sultanı Təbrizi işğal edir və bir gecə çadırına üç ox atıldıqdan sonra geri çəkilirdisə, bu dəfə həmin Osmanlının hərb naziri Bakını ruslardan və ermənilərdən azad edilməsi üçün qoşun göndərirdi. Həmin o qoşun isə Gəncədə şərqilərlə qarşılanır, qatılımlar nəticəsində qarşısıalınmaz bir gücə çevrilir.Nəhayət, Bakı azad edilir və çağdaş dünyada qurduğumuz ilkhökumətimiz Gəncədən əsas paytaxtına köçür. Amma onu da bilirik ki, Nuru Paşa ilə milli hökumətimiz arasında müəyyən anlaşılmazlıqlar da olur.

Amma həm Osmanlı dövlətinin I Dünya müharibəsində məğlub olması vəMondrosmüqaviləsi nəticəsində qoşunlarını Cənubi Qafqazdan çəkməsi, növbəti il isə Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən işğal edilməsindən sonra münasibətlər yarımçıq qalır, hətta Azərbaycan tərəfi İstanbula səfirgöndərsə də, Osmanlının səfiri ölkəmizə gəlib çıxa bilmir. TBMM hökumətinin ilk səfiri Bakıya 1920-ci ilin sentyabrında gəlir. Onu da qeyd etmək borcdur ki,Mahmud Şövkət Esendalınçalışdığı səfirlik o zaman Bakıda bir qibləgah rolunu oynayıb.


Orası da həqiqətdir ki, Türkiyə ilə Azərbaycan hökumətləri arasındakı ən strateji dönəmNərimanovlaMustafa Kamaltərəfindən başladılıb. Bu işdə yeni səfirimizİbrahim Əbilovda rol oynayıb.


Əziz Ustad,düşünürəm ki, Azərbaycanda Sovet hökumətinin qurulmasının zərərləri haqqında kifayət qədər bizə danışılıb.LeninStalinin cinayətləri üzərində qurulan bir rejimin xalqlara hansı bəlalar gətirəcəyi aydın idi. 1937-ci il hadisəsinin bu gün də millət olaraq faciəsini yaşayır, indiki problemlərimizin bir çoxu elə o dönəmlə bağlıdır. Amma indi Türkiyə ilə Azərbaycan toplumu arasındakı fərqləri analiz etdiyimdə Sovet dönəmindəki bəzi qazanclarımızdan da bəhs etmək istəyirəm.


Bilirsiniz ki,Mirzə Şəfi VazehMirzə Fətəli Axundzadədənbaşlayan,Üzeyir Hacıbəyli,Mirzə Cəlil,Ömər Faiqlə davam edən maarifçilik axını Azərbaycan türklərində yeni keyfiyyətlərin yaranmasına səbəb oldu. Bir tərəfdən xalq müsəlman kimliyindən soyunub türk libasına büründü, digər tərəfdən isə avropalılaşma prosesi başladı."Molla Nəsrəddin”jurnalı ərəb kültüründən qalma "dəyər”lərə qarşı açıq şəkildə savaş elan etdi və nəticəsi danılmazdır.

Sovet hakimiyyətinin ilk on ilində "allahsızlaşdırma” prosesi iyrənc şəkildə aparılsa da, Mustafa Kamalın da Türkiyədə apardığı siyasəti göz önünə aldığımızda bu prosesin qaçılmaz olduğuna inanmalıyıq. Əks halda bir gün Azərbaycanda da İrandakı kimi rejimin qurulacağı şübhəsiz idi.


Əlbəttə ki, insan haqları baxımından yanaşsaq, məscidlərin və kilsələrin dağıdılması, ibadətin yasaqlanması, təhqir edilməsi xoş qarşılanacaq məsələlər deyildi. Amma unutmayaq ki, Avropa dini dövlətdən ayırıb kilsəyə və insanların qəlbinə salması üçün çox əziyyət çəkib, daha dəhşətli faciələr nəticəsində buna nail olub. Bu gün Avropada dünyəviliyin hakim olmasının arxasında təkcə üç-beş filosofun, siyasətçinin əsərləri və əməlləri dayanmır, həmçinin qanlı mübarizə də dayanır. Bu baxımdan dinin dövlətdən və insanların hadisələrə yanaşmasındakı baxışlarından silmək üçün radikal addımların atılması vacib idi. Sovet hökuməti bunu kifayət qədər bacardı, amma Mustafa Kamal istədiyini tam olaraq əldə edə bilmədi.

Vəfatından sonra tədricən onun gətirdiyi yeniliklər aradan qaldırıldı və bunun nəticəsində bu gün Türkiyədə arxasında minlərlə, bəzən isə milyonlarla insanın dayandığı təriqətlər, icmalar formalaşdı. Həmin icmalarda yetişən, beyinləri yuyulan, türk kimliyinə düşmən şəkildə yetişdirilən adamlar 30 il ərzində hökumətin bütün strateji nöqtələrini ələ keçirdilər və hətta bu ilin15 iyununda hakimiyyəti tamamilə ələ almaq üçün hərbi çevrilişə cəhd etdilər. Eləcə də, bu gün Türkiyə mətbuatında, televiziyasında həmin saqqallı təriqətçilər kifayət qədər yer alır və Atatürkün söylədiyi –Türkiyə təriqətlərin, şeyxlərin idarə edəcəyi dövlət olmayacaqfikri gündəmdən düşmüş sayılır. Acınacaqlısı odur ki, Türkiyə cəmiyyətində bu fikirlər rahatlıqla özünə yer tapır. Azərbaycan türklərini fərqli edən cəhətlərdən ən önəmlisi budur.


Xülasə, əgər TürkiyədəMirzə Fətəli Axundzadəkimi biri zamanında yetişə bilsəydi, bugünkü problemlər indiki səviyyədə olmayacaqdı. Və ya türk milləti Atatürkün təqdim etdiyi yola sadiq qalsaydı, bu gün Suriyada deyil, Avropadakı siyasi hadisələrə yön vermiş olacaqdı. Təəssüf ki, bu gün Türkiyə dövlətini quran,Qurtuluşsavaşı ilə türkün şərəfini özünə qaytaran bir liderin heykəli yerindən sökülüb yük maşınına rahatlıqla yüklənilib daşınıla bilir.


***

Əziz ustad.

"Dünya sərkərdələri”kitabınızda Mustafa Kamal Atatürkə necə qiymət verməyinizi bilirəm. Bu gün bəzi qruplar tərəfindən"allahsız”deyə ittiham olunan Atatürk, əslində, elə Tanrının türklər üçün xilaskar olaraq göndərdiyi bir şəxs idi. Osmanlı kimi bir çöküntüdən milli sərhədlər çərçivəsində Qərb dəyərlərinə, idarəetməsinə əsaslanan bir dövləti qurmaq ancaq seçilmiş şəxslərə məxsus bir hadisədir.


Dünənin türkləri Atatürkə böyük dəstək vermiş, onunla birlikdə dönəmin ən güclü dövlətləri ilə savaşmışdılar. Amma bu gününtürkləri sonu uçurum olan bir siyasətin arxasınca getməkdədirlər.


Hərdən düşünürəm ki, türk millətində milli kimlik şüurunun oyanmasında əsarət illəri önəmli rol oynayıb.

Türkçülük, avropaçılıq kimi dəyərlər bizdə bolşevizmə, islamizasiyaya qarşı yaradılıb. Amma təəssüf ki, Atatürkdən sonra Türkiyə keçmiş dəyərlərinə geri dönməkdə, ərəb kültürünün müdafiəçisi qismində özünü göstərməkdədir. Doğrudur, buna səbəb kütlə içində böyük dəstəkçilərin olmasıdır, amma kütlə psixologiyası məsələsini dərindən araşdırmış biri kimi Siz də bilirsiniz ki, toplumların inşasında aydınların, yazıçıların, siyasətçilərin, musiqiçilərin önəmli rolu var. Bəzi toplumları daşıdıqları dünyagörüşlə gələcəyə doğru getməsinə əsla imkan vermək olmaz. Əgər bir zamanlar bizdə də Üzeyir Hacıbəyli, Ömər Faiq, Mirzə Cəlil, Sabir və digərlərimillətin necə tarac olmasınıgerçəkdən istəsəydilər, yaxalarını kənara çəksəydilər, bu gün bizim dəQumkimi bir mərkəzimiz olacaqdı.


Qumdan söz düşmüşkən,əziz Ustad.


Bu yaxınlarda polyakRışard Kapuşinskinin"Şahənşah”əsərini oxudum. Sizin də çox yaxından tanıdığınızMəhəmməd Rzanın şahlıq taxtını itirməsi vəXomeyninin hakimiyyətə gəlməsi prosesini özünəməxsus yolla izah edən bu kitabla bağlı bəzi fikirlərimi Sizinlə bölüşmək istəyirəm.


Bu barədə ikinci məktubumda.


Hörmətlə, tələbəniz

Dilqəm ƏHMƏD
İstanbul, 27 dekabr, 2016.