adalet.az header logo
  • Bakı 7°C
21 Yanvar 2017 14:52
11461
ƏDƏBİYYAT
A- A+

“Ərdəbildə bir baqqal mənə dedi ki...” - Əlisa Nicat Dilqəm Əhmədə cavab yazdı

Əməkdaşımız Dilqəm Əhmədin İstanbuldan Əlisa Nicata yazdığı açıq məktuba yazıçı-filosof cavab göndərib.


Adalet.az Teleqraf.com-a istinadən Ə.Nicatın cavabını təqdim edir:


Canım, gözüm, Dilqəm


Məktubunu Üzeyir çıxartdı, diqqətlə oxudum. Sənin bir sağlam düşüncə sahibi, hətta gücsüz həqiqəti güclü yalandan ayırıb üstün olduğunu anlama bacarığını görüb xeyli sevindim və rahat oldum ki, artıq heç olmasa bir tələbəm və davamçım dərin burulğanlar içində və hətta altında baş verənləri görüb seçə bilir.


Bəli, bu gün dini düşüncə amilinin qardaş Türkiyədə və 70-80 milyonluq Osmanlı türklərinin sinəsində güclü bir bomba kimi qalması kədərli və təhlükəli faktdır. Mustafa Kamal bunu bilirdi, amma hakimiyyətdə cəmi 15 ilə qədər olduğu üçün bu "bomba”nı təhlükəsizləşdirə bilmədi. Bunun üçün çoxlu vaxt, bir də sənin qeyd etdiyin kimi Mirzə Şəfi, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir. C.Cabbarlı və Mircəfər Bğırovun timsalında uzun dövr qətiyyətli siyasi rejim lazım idi.

Bizimkilər yüzilliklərdə sinədə və kəllədə qalıb bu pas atan bombanı tamamilə zərərsizləşdirdilər. Həm də güneyli-quzeyli ölkəmizdə, İranda və oradakı türklərdə dini məfkurə osmanlılarda olduğundan tamamilə fərqlidir. Sən Qum və Məşhədə fikir vermə. Orda din həm hakimiyyət sahibləri həm də kütlə, xüsusilə bizimkilər üçün tamamilə siyasi və qazanc vasitəsi olub neyronlara qətiyyən nüfuz etməyib. Ərdəbildə allahdan söz düşəndə bir baqqal əlini mənim başıma vurub dedi ki, Allah buradadır. Yəni insan təxəyyülünün məhsuludur.


Biz də isə heç o da yoxdur. Bizimkilər sabah antiklerikal siyasət aparmağa başlayıb hətta məscidləri bağlayıb sökməyə başlasalar belə, heç bir ciddi etiraz və kəskin hərəkatlar baş verməyəcək. Əlbəttə, bəzi dinc narazılıqlar və toplantılar ola bilər, amma çılğınlıqları yox edilsə, az sonra sakitlik bərpa olunacaq. Orda, Türkiyədə isə bu yolda, yəni dinin təntənəsi uğrunda, dinə toxunanları cəzalandırmaq bu yolda ölümə gedənlərin sayı, bəlkə də, milyonlarladır.


Bunun da ən dərin səbəbi odur ki, sultanlıq hakimiyyətində Türkiyədə yüz illərlə dəyişilməzliyi nəticəsində həmin "bomba” toxunulmaz qalıb, güneydə və bizdə isə o bombanı o şah, bu şah, o rejim, bu rejim o qədər silkələyib, o qədər laxladıblar ki, bomba öz enerjisini, partlayış gücünü demək olar ki, itirib. Avropada dini dünyagörüş son durumuna uzun əsrlərin, toqquşmaları və saysız qurbanlar və nəhayət hakimiyyətlərin qətiyyəti, sağlam düşüncəsi və müsbət xarakteri nəticəsində yalnız mənəvi keyfiyyət kimi bu gün də daşımaqdadırlar. Yalnız mənəvi keyfiyyət!


Türkiyədə bir çox şərq və ərəb ölkələrində isə islam yalnız və yalnız hegemonluq iddiasındadır. "ili pan, ili propan”.


Fərq budur, əzizim Dilqəm. Lakin paradoks və ya qanunauyğunluq ondadır ki, İslamın zəif olduğu islam ölkələrində Mirzə Şəfi, Mirzə Fətəli kimi titanlar yetişmir, güclü olduğu ölkələrdə isə heç nə çıxmır. Ona görə yaşasın azad beyinlərin çiçəkləndiyi rejimlər!


Bir neçə kəlmə də Türkiyədə Şah İsmayıla mənfi münasibət barədə. Bu tamamilə kütlə psixologiyası ilə bağlı məsələdir. Sultan Səlim dövründə olduğu kimi bu ölkədə hələ də Xətaini şiəliyə görə dinsiz, kafir hesab edirlər. İkincisi Sultan Səlimin nifrət etdiyi kəs kütlə üçün də nifrət obyekti sayılır və bu da dərinliklərdən gələn dərinlikdə yatan mütilikdən və sərbəst, sağlam düşüncənin tamamilə yoxluğundan irəli gəlir.


Sonsuz hörmətlə və Görüşənədək. Sənin Əlisa Nicatın.