adalet.az header logo
  • Bakı 7°C
20 Yanvar 2017 19:54
6654
SİYASƏT
A- A+

Azərbaycan səfiri etimadnaməsini Gürcüstan prezidentinə təqdim edib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bu gün Azərbaycanın Gürcüstana yeni təyin olunan səfir Dursun Həsənovu qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstana yeni təyin olunan Azərbayan səfiri D. Həsənov etimadnaməsini prezidentə təqdim edib. 

Adalet.az xəbər verir ki, bu barədə APA-ya səfirlikdən bildirilib. Etimadnamə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili tərəfindən qəbul edilib. Sonra Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və səfir Dursun Həsənov arasında görüş keçirilib. Gürcüstan prezidenti Giorgi Marqvelaşvili öncə səfir Dursun Həsənovu yeni təyinatı münasibəti ilə təbrik edərək, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir Azərbaycan prezidenti İlham Əliyevin salamını prezidenti Giorgi Marqvelaşviliyə çatdırıb. Səfir Azərbaycanın strateji tərəfdaşı olan, dost ölkə Gürcüstana təyin olunmasında yüksək etimadı doğrultmaq üçün çalışacağına söz verib və bunun üçün bütün səylərini, gücünü səfərbər edəcəyini bildirib. Gürcüstan prezidenti G. Marqvelaşvili iki ölkə arasında yüksək səviyyəli siyasi, iqtisadi əlaqələrin, eləcə də bir çox energetika, nəqliyyat, ticarət layihələrinin mövcud olduğunu bildirərək, mədəni və turizm əlaqələrinin də inkişaf etdirilməsinin zəruriliyini bildirib. Prezident xalqlar arasında mədəni tədbirlərin - Azərbaycanda gürcülərin, Gürcüstanda azərbaycanlıların yaşadığı bütün bölgələrdə mədəni tədbirlərin təşkil edilməsinin vacib hesab olunduğunu qeyd edərək, həyata keçiriləcək bu cür tədbirlərin həm xalqalar arasında əlaqələrin inkişafına, həm də turizm əlaqələrinin genişlənməsinə yol açacağını bildirib. O, həmçinin turizm sahəsində Qara dəniz və Xəzər hövzəsi ölkələri ilə, xüsusi ilə Azərbaycanla Gürcüstan arasında yeni turizm layihələrinin təşkil edilməsi istiqamətində müvafiq işlərin görülməsinə böyük ehtiyac olduğunu deyib.