adalet.az header logo
  • Bakı 18°C

KƏMALƏ XANIMIN POEZİYA ÇƏLƏNGİ

7022 | 2017-01-19 21:28
Həmzə
VƏLİMƏMMƏDOV,
Respublikanın əməkdar jurnalisti


Çağdaş ədəbiyyatımızın xanım-xatın şairəsi Kəmalə Ağayevanın imzası mənə keçən əsrin 70-ci illərindən tanışdır. Onun "Məhsəti" mənzum dramına Azərbaycan Milli Teatrının səhnəsində Naxçıvan artistlərinin ifasında tamaşa elədikdən sonra yaradıcılığına marağım artdı və əsərlərinin fəal oxucularından biri oldum. 22 şeir kitabının, 18 səhnə əsərinin, onlarla oçerk və bədii yazıların müəllifi ilə dostluğumun 45 illik tarixi vardır.

Kəmalə xanımın son illərdə çap olunmuş "Əlixan məhəlləsi" kitabı onun avtobioqrafiyası, ömür səlnaməsidir. Kitab ilk səhifələrindən, ilk şeirindən oxucunun diqqətini çəkir. Nəşrdə şairənin uşaqlıq və gənclik çağlarından xatirələr, ilk qələm təcrübəsi olan şeirlərindən nümunələr, ona həsr edilmiş şeirlər, ünvanına göndərilən məktublar toplanılmışdır. Məktublardan biri bu sətirlərin müəllifinindir.

Şairənin boya-başa çatdığı, ilk şeirini burada yazdığı Əlixan məhəlləsi neçə-neçə elm, sənət adamının, böyük dramaturq və mütəfəkkir Hüseyn Cavidin dünyaya göz açdığı məkandır. Filologiya elmləri doktoru Adil Bağırovun kitaba yazdığı 2 səhifəlik ön söz nəşr haqqında ilkin məlumat verir.

Yeni ilin ilk günlərində Kəmalə xanım mənə "Elm və təhsil" nəşriyyatında nəfis çap olunmuş "Ay-ulduzlu gülüstanım" kitabını göndərib. Şeirlər məzmununa görə bölümlərə ayrılır. "Diyarımız Azərbaycan" bölümündə 5 min illik tarixi olan, özündə qədim antik və orta əsr şəhər mədəniyyətini əks etdirən Naxçıvan şəhərinin müstəqillik illərində dəyişib gözəlliyə qovuşduğunu belə vəsf edir:



Yurdum sanki bir çilçıraq,
Gəlin tamaşaya duraq.
Yad əllər dəyməsin deyə,
Dövrəsində hələ quraq.



Gərək göz muncuğu taxaq,
Bədnəzərdən olsun iraq.
Gərək könül gözləriylə,
Ona məhəbbətlə baxaq.


Bayraq hər bir xalqın suverenlik, milli azadlıq, milli istiqlal ideyalarının simvoludur. Respublikamızın dövlətçilik rəmzlərindən olan üçrəngli bayraq mühüm beynəlxalq tədbirlərdə, idman yarışlarında idmançılarımızın qələbəsi şərəfinə qaldırılır, milli birliyimizi təcəssüm etdirir. Şairə bayrağımızı göydə ikinci qövsi-quzehə bənzədir, Tanrıya daha yaxın olması ilə fəxr edir:


Tanrıya daha da olmusan yaxın,
Qoy sənin boyuna doyunca baxım,
Uca zirvələrdə ol qibləgahım,
Sən mənim sarsılmaz bir dayağımsan.



Azərbaycanın qədim yaşayış məskəni Xocalı şəhərinin erməni qəsbkarları tərəfindən yerlə- yeksan edilməsindən 25 il keçir. Xocalıda törədilmiş soyqrım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixdə ən dəhşətli cinayətdir, XX əsrin sonunda baş vermiş kütləvi qırğın hadisəsidir. Qırğın qəddarlığına görə təkcə xalqımıza deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir. Düşmən işğal etdiyi Xocalıda uşaqları, qadınları, qocaları xüsusi amansızlıqla qətlə yetirmiş, qəsb olunmuş şəhərdə ən böyük qətliamını törətmişdir. Şairə faciəni ürəkağrısı ilə qələmə almış. "bu dərdi yer götürməz, göy götürməz" deyib göz yaşı ilə yazmışdır:



Hanı sənin ocağının istisi?
Göylərində ah-nalənin tüstüsü.
Külə dönüb gül qönçənin dəstəsi,
Taledənmi, yağıdanmı öc alım?
Odu sönən, külü yanan Xocalım!



Müəllif sakini olduğu diyarın tarix və mədəniyyət abidələrini oxucusuna sadə dildə təqdim edir. Dünya əhəmiyyətli Əlincə qalası tarixin daş yaddaşıdır. Qalanın ziyarətinə gələn şairə təəssüratını belə ifadə edir:



Burda hər daş bir söz dedi könlümə,
Sehirləndim hüzuruna gəlincə.
Onsuz da sən həmdəm idin könlümə,
İndi köçdün gözlərimə, Əlincə!



Kitabın bir bölümü "Tarixə bəzəklər" adlanır. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş "Səni yad edirik" şeiri bu misralarla başlanır:



Bu gün dünyamıza gəldiyin gündür,
Səni yad edirik bir ehtiramla.
Hər yerdə, hər zaman sənin özündür,
Bəs nədən gözümdə yaş damla-damla?



Taleyin Azərbaycan xalqına bəxt ulduzutək bəxş etdiyi Heydər Əliyevin məzarı önündə baş əyən şairə bu Vətəni ulu öndərin bizə yadigar qoyduğunu, elin-obanın onun varisi fədakar İlhamla xoş sabahlara getdiyini, əsrlərboyu ehtiramla yad olunacağını qələmə alır.

"Gözlərə nur verən bir çıraq idin" misrası akademik Zərifə xanım Əliyeva haqqındadır. Zərifə xanım sözün əsl mənasında insanlara işıqlı bir dünya bəxş eləyirdi. Yazda doğulmuşdu, elə yazda da dünyadan köçdü. Onun doğum və ölüm tarixini bir-birindən cəmi bir neçə gün ayırdı. Şairə bu itkini kədərlə qarşılayıb akademikə dərin ehtiramını misralara çevirdi:



Yaxşılar getsə də qalır dünyada,
Sən də könüllərə, gözlərə köçdün.
Mələklər beləcə olur dünyada,
Sən torpağa deyil, gözlərə köçdün.



Bu bölümdəki şeirlərin əksəriyyəti elm, ədəbiyyat və incəsənət xadimlərinə, ozanlara həsr edilmişdir. Şairənin "Məhsəti" mənzum dramında Məhsəti rolunun gözəl ifaçısı, xalq artisti Zəröş xanım Həmzəyevaya məhəbbəti bu misralarda əksini tapmışdır:



Sənin qüdrətinlə bir arzu güldü,
Elə bil başıma çiçək töküldü.
Odlu sənətinlə cahana gəldi,
Uzaq əsrlərdən Məhsətim mənim.



"İlahiyyət" bölümündə şeirlərdə ulu Tanrıya, haqqa, ədalətə, xeyirxah əməllərə, halallığa, təmizliyə məhəbbət təbliğ olunur. Bu da şairənin islama bağlılığından irəli gəlir. "Mənim əziz peyğəmbərim" şeirində oxuyuruq:



Sən Allahın həbibisən,
İnsanlığın təbibisən.
Bizə Quran gətirmisən,
İnam İman yaradıbdır.



Fatimeyi Zəhraya, İmam Rzaya, Həzrəti Əliyə, Həzrəti Həsən və Hüseynə müraciətlə yazılmış şeirləri oxuduqca adam daxilən rahatlıq tapır.

Kitabın "Könül dünyası" bölümündə şeirləri nəzərdən keçirdikcə oxucu sanki Naxçıvanın daş bulaqlarından su içir, kəklikli qayalarına qalxır, yamaclarında bitən min bir dərdin dərmanı otlardan dərir, barlı bağlarının meyvəsindən dadır, payızda qızılı rəngə çalan meşələrini gəzib dolaşır, cunalı dağlarının seyrinə dalır, yaz yağışında islanır. "Güllü bulaq" şeirindən bir parça:



Ay bizim elli bulaq,
Ətrafı güllü bulaq.
Nə gözəl oxuyursan,
Ay şirin dilli bulaq.



Şairənin məhəbbət haqqındakı şeirləri ayrıca bölmədə verilmişdir. Hər sətri insanı düşündürən, bəzən kövrəldib gözlərini nəmləndirən poeziya nümunələridir. Əziz adamını itirmək kədəridir, ürək ağrısıdır. Bu kədəri yaşayan insan kimi Kamilə xanımın ömür-gün yoldaşına həsr etdiyi "Sənə bir vəfa borcum var" şeirini dönə-dönə oxudum və bu misralar yaddaşımda qaldı:



Əyildiyim məzarındır,
O əyilməz diyarındır.
Yarın əvvəlki yarındır,
Bu vüqara baş əyirəm.


Mənəvi saflıq, ləyaqət, təmizlik, böyük-kiçiklik haqqında poeziya nümunələri kitabın "Abır-həya nemətdir" bölməsindədir. Həya-abır bilməyənlərin həya-abırdan danışması naqislikdir. Çox təəssüf ki, həyatda hələ də belələri var. Ləyaqət həqiqətdir, səadətdir, cəsarətdir, sədaqətdir. Şairə yerində deyib:

Kaş olaydı o hər kəsin qisməti,
Ləyaqətdir qadınların isməti.
Nəbilərin qırılmayan qeyrəti,
Vətənimə sədaqətdir ləyaqət.

Şairə qızlara müraciət edib onları xətalardan qorunmağa, paklığa, lazımsız bəzək-düzəkdən çəkinməyə, mələk kimi görünməyə çağırır:

Qız göllər sonasıdır,
Leylitək yanasıdır.
O gərək unutmasın,
Sabahın anasıdır.

"Gülləri tez solan dünya". Kitabın bu son bölməsi də maraqla oxunur. Buradakı şeirlər əsasən Milli Qəhrəmanlarımız Mübariz İbrahimovun, Gültəkin Əsgərovanın, Çingiz Mustafayevin, Çanaqqala şəhidlərinin, şairənin ata-anasının xatirəsinə həsr olunmuşdur. "Şəhid məzarı" şeirində şairənin ürək çırpıntısı, qəm və kədəri aydın hiss olunur:

Nə torpaqdır, nə daşdır o,
Nə gözlərdə qan-yaşdır o,
Pozulmayan yaddaşdır o,
Zaman-zaman dinəcəkdir.

Unudulmaz bir qəmdir o,
Qərənfilə sitəmdir o,
Yaralanmış sinəmdir o,
Hər an qəlbə enəcəkdir.



Analar haqqında çoxlu şeirlər yazılıb, mahnılar bəstələnib, filmlər çəkilib, tamaşalar hazırlanıb. Kəmalə xanım da ənənəyə sadiq qalaraq bu mövzuda dəyərli əsərlər yaradıb. Anasına həsr elədiyi şeir də onun nisgilindən xəbər verir:

Özüm bir anayam, anaya möhtac,
Düşübdür yerlərə başımdakı tac.
Məgər ki, bu dərdə yoxdur bir əlac?
Bir kimsə vermədi, yerini ana.

"Ay-ulduzlu gülüstanım" kitabı respublikanın Əməkdar incəsənət xadimi, ədəbiyyatımızda özünəməxsus yeri və dəsti-xətti olan, şairə-dramaturq Kəmalə xanımın çoxşaxəli yaradıcılığından bir nümunədir. Yeni nəşrdəki şeirlərin qayəsi mənəvi saflığa, birliyə və həmrəyliyə çağırışdır. Kitab şairənin qarşıdakı yubileyinə dəyərli hədiyyədir. Heç şübhəsiz, oxucular tərəfindən maraqla qarşılanacaq, müəllifinə şərəf gətirəcək.


TƏQVİM / ARXİV