Təkliyimin səsi və ya adsız ağrılar

7900 | 2017-01-20 21:01
Bu qədər göynətmə məni, ürəyim,
Boğur məni belə sınaq qəhərə...
Hələ deyilməmiş bir kaç sözüm var,
İmkan ver qoy çıxım sabah səhərə.



İlin sonunda fərqli bir yazı yazmağı planlaşdırmışdım öz-özlüyümdə. Özü də ağrıdan-acıdan, biganəlikdən deyil, diləklərimdən, tövsiyələrimdən, bu dünyada olmayanda məni unutmayacaqlarına əmin olduqlarıma ismarıclarımdan yoğrulacaqdı yazımın xəmirəsi, lakin o qədər doğru deyiblər ki, "sən saydığını say, gör fələk nə sayır".

2016-nın son həftəsinin ilk günlərində ürəyim məni xəstəxanaya getməyə məcbur elədi. Bu yazımı da elə orada yazmağa başladım. Sal qayaları xatırladan ağır-ağır düşüncələrimin əsirliyindəyəm hal-hazırda. Adım kimi əminəm ki, ürəyimə yük olan bu qarmaqarışıq düşüncələrimi yazmasam, yaxamı qurtarammaram onlardan. İnsan bəzən özü-öz halının izahını verməkdə aciz olur. Aysberqin görə bilmədiyimiz çox böyük hissəsi suyun altında qaldığı kimi, düşüncələrimizin də beyin qatlarının arasından dilə alınacaq qədəri gəlir ağlımıza, qalanını Allah görə bilir...…Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzindəyəm. Bu an düşündüklərim suala dönüb illərin yaşanmışlıqlarını təhvil-təslim almağa çalışır sanki. Burada olmağıma əsla təəssüflənmirəm, çünki ürək həkimim Məlahət Əsgərzadə xeyli vaxtdır ki, mənim xəstəxana şəraitində müayinə olunmağımı tövsiyə edirdi. 20 il öncə də bura yaxın olan bir xəstəxanada xəstə idim. O zaman bundan ağır xəstə olsam da, bugünkü qədər kövrək, küskün və yorğun hiss eləmirdim özümü. Bu günə qədər çəkdiklərim o vaxt məndən çox uzaqdaydı... Hamı başımın üstündə idi, tək Çərkəz yox idi, dərdim də o idi. Qardaşlarım təkliyimi hiss elətdirmədilər o ağrılı günlərimdə mənə... Bu gün isə təkliyimlə çox yaxın təmasdayam, hətta o qədər yaxın ki, bu soyuq qış gecəsində onun vahiməsindən fikirlərim üşəndi, daxilimə qorxu çökdü, köksümün altında ocaq çatıldı sanki. Səsi də varmış təkliyin, əməlli-başlı danışır mənimlə, elə bil qorxur ki, yenə illərlə yan-yörəmdən çəkilməyənlər yığılar başıma və mən ona cavab verməyə macal etmərəm. Onu da deyim ki, mən təkliyi sevməmişəm heç. Məni yaxşı tanıyanlar bilirlər ki, qohumlarıma da, qonşularıma da, həmkarlarıma da qapılarım hər vaxt taybatay açıq, başım isə ömür boyu yığınaqlı olub. Bu gün isə hələ təkliyim qələbəsini bayram edir. Bomboz sifəti ilə yaşadıqlarımı vurur üzümə. Güllə yarasından betər söz yaralarının üstündən keçməyimi, illər yorğunu olaraq əllərimi ovuşdura-ovuşdura, qış, yay, yaz bilmədən dayanacaqlarda boyun bükməyimi, gərəksiz yerə götürdüyüm töhmətləri və çox-çox mənəm-mənəm deyən adamların aça bilmədiyi ağır-ağır qapıları açmağımın təlaşını... Nələri canlandırmır ki, gözlərim önündə o? Bir yaşanmış ömrün zillətini birər-birər gətirib ağlıma nəfəs almadan xatırladır mənə, dedikləri qaynar su kimi tökülür başımdan üzü aşağı, sanki ötən günlərin lent yazısını izlətdirib, ürəyimin nədən bu günə qalmasının səbəbini anlatmağa çalışır. Guya mən bilmirəm zavallı ürəyimə nə çəkdirmişəm? İnsan tək qalarkən təkliyin dərsindən öyrəndiyini heç vaxt heç yerdən öyrənəmməzmiş. Ömür tək keçər, lakin ətraf sağlamsa, candan yananın varsa, səninlə o təkliyin arasına elə bir pərdə çəkər ki...

1994-cü ildən üzü bəri həftələrlə, bəzən də aylarla təkbaşına evimin dörd divarı arasında qaldığım zamanlar çox olub, lakin bugünkü kimi təkliyə yaxa verməmişəm. Çiyinlərimə götürdüyüm yüklər, içimdəki tufanları çoxlarından gizlətmək çabası, bəzən də çıxılmaz problemlərdən çıxış aramağım vaxtımı elə mühasirəyə alardı ki, mən nə vaxtsa öz ürəyimin sancılarına qulaq vermək barədə düşünməyi ağlıma gətirməzdim. 2015-də də, 2016-da da, ondan əvvəlki zülm dolu illərdə də sən demə ürəyim məni bugünkü imtahana hazırlaşdırırmış. İllər boyu onu adicə damcılarla ovutmuşam. İndi daha məni dinləmək istəmir. Təkliyim bir ömür izləyirmiş məni, bir belə olanları yığıb çitədənliyinə, fürsət tapıb indi birər-birər salır yadıma.

Amma olsun, bu da bir imtahandır. Keçdiyim imtahanlar fonunda bu, nədir ki? Ürəyimi qınamağa da əsla haqqım yoxdur, ona nələr çəkdirdiyimi özümdən savayı heç kim bilə bilməz. Mən o yazığı kirkirə daşına döndərib çəkilməz dərdləri onun layları arasında çəkməyə çalışmışam...

Ayın otuzudur. Palatamın qapısı bağlanmaq bilmir, telefonum susmur, İlahi, şükürlər olsun Sənə, nə yaxşı ki, ürəyimi oyuq-oyuq edən laqeydlərə rəğmən ətrafımda mənə düzgün qiymət verən səmimi və ləyaqətli insanlar var, çoxdur. Mən bir-bir xəstəxanaya gələn və ya mənə zəng vuranların hamısının adlarını çəkməsəm də, mütləq çəkmək istədiklərim vardır, çünki bu gün ürəyimin ağrılarının nisbətən səngiməsində onların hər birinin haqqı var. Mən də ki, haqq itirməyi, onların üstündən su içməyi bacarmıram.

Axşamçağıdır. Ən böyük təsəllim olan qardaşım Fəzlinin gəlişi məni kövrəltsə də, özümü tox tutmağa çalışıram. Ümumiyyətlə, mən ağrılarımı hay-haraya çevirməyi sevmirəm... Onları qəfil gələn qonaq kimi qəbul edirəm. Baldızım oğlu Natiq isə həmişəki kimi ilk gündən yanımdadır. Bu insan illərdir mənə münasibətində heç dəyişmədi... Hər birimiz yaxşıya yaxşı deməyi borc bilməliyik, çünki bu, ərdəmdir. Əlbəttə, ürəyimdə xüsusi yeri olan, həyatımın son 22 ilində hər an sözün böyük mənasında qolumdan tutan, yaşadıqlarımı bütün təfərrüatları ilə bilən, ən çətin günlərimdə diqqəti ilə təsəllim olan, qızım olmadığı halda mənə cəfakeş qız övladının istiliyini verə bilən Aynurumu - Aynur Bəşirlini qeyd etməyə bilmərəm. Burada olmağımı gizlətsəm də, təkidlə gəlmə desəm də, o, başımın üstündədir. Həmkarlarımın aramsız zəngləri, nəvələrimin təlaşı, tələbələrimin məhəbbətlə yazdıqları təbriklər ara-ara kövrəkliyimin önünə keçə bilir.

Dünyada hamıdan çox mənə yanan anam isə xəstəxanada olmağımı bilmir, bildirməmişəm. Ömrüm boyu da ondan bacardıqca ağrılarımı gizlətməyə çalışmışam. Onu da qeyd etmək istəyirəm ki, mən ağrılarımı da taleyimin acıları kimi bağrıma basıb, onlarla barışmağa çalışıram, çətin olsa da. Amma quş qanadları ilə uçar, tək çinarın kölgəsi az olar, insan da tək heç nəyin öhdəsindən gəlməyə qadir deyil...

Elə bu cümlələri qələmə alarkən atamın dayısı oğlu İmaməlinin qızı Almaz gəldi yanıma. Nə qədər gəlmə desəm də, məni dinləməyib, həyat yoldaşı Vüqarla gəlib. Atası polis işçisi idi, 20 Yanvarda şəhid olub. İki oğul, bir qız atası idi. Evindən və balalarından doymadan köçdü bu dünyadan. Mən hər zaman deyirəm, oğul, ya qız, qədirbiləni ömür uzadar, cəfakeşi, fədakarı valideynin ürəyinə dərman olar və yaxud ruhunu şad edər. Almaz da belə övlad oldu atasından sonra anasına qarşı. Bu da onun başının ucalığıdır. Beləcə, xəstəxanada başladığım yazını 2017-ci ilin ikinci həftəsində evdə tamamlamağa çalışıram. Əslində, xəstəxanadan müayinələrimin cavabını almadan çıxmışam, mütləq ora dönüb, onları götürməli, həkimlərimlə görüşməliyəm. Bu yazının əsas məğzi də onlara təşəkkürlərimi və minnətdarlığımı bildirməkdən ibarətdir. Xəstəxanaya daxil olar-olmaz, qəbul şöbəsinin müdiri İkram həkimlə görüşdüm. Sən demə, qızı Nigar universitetdə bizim həmkarımızdır. İkram həkim çox sadə və xeyirxah insandır. Terapiya şöbəsinin müdiri Azadə xanım İsayevanı da heç unutmaram. Bu gülərüz və xoşxasiyyət xanıma nə qədər müsbət insani xüsusiyyətlər varsa, yaraşdırmaq olar. Bayram günlərində də bu xəstəxanada hər kəs iş yerlərində idi, həkimlər də, tibb bacıları da, təmizliyə baxan xadimələr də. Burada olduğum müddətdə bir daha əmin oldum ki, yaxşılar var, insanlıq çox ucalardadır. Düşüncələrimi yazdıqca, təkliyimə qalib gəldiyimə inandıqca, nankorları unutmağa çalışıb, fikirləşirəm ki, namərdlər namərdliyində qalırsa, mən mərdliyimi niyə onların ayağına verim?..

İndi isə öz həkimimdən. Gözəl ailə xanımı, qayğıkeş ana, diqqətli övlad, səmimiyyəti ilə ağrılı ürəyimə dərman olub, orada taxt-tac quran Günay xanım İsmayılova. İlk görüşdən, ilk tanışlıqdan Günay xanım anladı məni. Mən də onu çox sevdim. Bir insan olduğu kimidirsə, gözləri onu anladar. Günay xanım bir neçə dəfə mənim palatama gələr, məni dinləyər, məhəbbətlə can yandıraraq təzyiqimi ölçər və hər bir müayinənin cavabını ayrı-ayrılıqda səbrlə anladardı mənə. Məncə, diqqət xəstə üçün çox böyük önəm daşıyan xüsusiyyətlərdəndir. Təvazökar, ləyaqətli və sanballı həkimimə mənə xüsusi sevgi ilə yanaşmasına görə min yol təşəkkür etsəm, azdır. İnsan onu anlayanı qəlbinə yaxın buraxır, dərd-sərini söyləyə bilir. Cod, qeyri-səmimi, "burada mənəm, Bağdadda kor xəlifə" deyənlərə necə ürək açmaq olar? Necə ağrını anlatmaq olar? Elə Günay xanımla söhbət elədiyimiz vaxt Türkiyədən əzizim Tamella aradı məni. Hətta Günay xanımı oralara dəvət etməyi də unutmadı. Məndən nigaran qaldığını söylədi, "nə dəva-dərman gərəkdirsə, gətirim" dedi. Bax, bütün bunlar neçə gündür üstümə qılıncını çəkən təkliyimi yenidən susdurmuşdu. Məni onun caynaqlarından qurtaran əzizlərim, var olun, nə yaxşı ki, sizlərin adı mənim həyat səhifələrimin baş cümləsində yer alıb... Nə yaxşı ki, aramsız zəngləri ilə məni ovudan Milam, etibarına səcdə elədiyim Zemfiram, qara gözlü Gülnarım, düşdüyü ocağın qədir-qiymətini yüksək tutan Cəmiləm, həyatımın keşməkeşlərindən yorulmayan Əntiqəm, əlbəttə ki, ata-ana fədaisi Fəridəm və... adlarını qeyd eləmədiyim (xəstəliyimi gizlətdiyim) yaxınlarım, xoşbəxtəm ki, həyat bizi üz-üzə gətirib, doğmalaşdırıb və heç bir-birimizdən qopmamışıq. Həyatımıza bahar nəfəsi gətirən 2017-nin on beşinci günündə bu yazını bitirirəm. Kövrək anlarımda yazdığım bəzi səhifələri çıxardım buradan. Ürəyimin üstündə ağırlıq hiss etdikcə yazdıqlarımın çoxu nə yaxşı ki, bura yol almadı. Çünki onlar edama hazırlanan adamın sızıltılarına bənzəyirdi, göynədirdi məni...

Bu düşüncələrin məngənəsində ikən fikirləşdim ki, dünyaya baxışları, istək və düşüncələri fərqli olan yüz doğmanın arasında təkliyimiz mütləq ətrafımızı saracaqdır. Arzu edək ki, hər zaman bizi anlayanlarla rastlaşaq, bizi sevənlərlə birlikdə olaq, qoruyaq elələrini, sağ ikən bilək qiymətlərini. Biz qədir-qiymət bilən olsaq, bizim də qədrimiz-qiymətimiz bilinər.

Əslində, fədakar insanlar əvəz gözləməz. Amma hər bir adam ən azı yaxşıyla-yamanı, əzabına qatlaşanla kənardan baxanı bir-birindən ayırmağı bacarmalıdır. Yaxşıdan ona görə söz salırıq ki, pis payını götürsün. Valideyninə biganə olmayan, keçmişini unutmayan, yediyi qabı ağzı üstə çevirməyən, dar ayaqda qolundan yapışana ehtiram göstərən insan seçilmişlərdəndir. Seçilmişləri isə Tanrı sevər...

Beləcə, ötən ilin sonunda yazmaq istədiyim yazını bu ilin əvvəlində belə bir mövzuda yazmalı oldum. Ömrün ahəngi hər an öz yolunu istədiyi səmtə dəyişə bilirmiş. Yaşanmış illərin və günlərin xatirələrinə bürünmüş düşüncələrim bu rəng-ruhla iz saldı bu səhifələrə. Arzu edək ki, heç kəs təkliyin imtahanı ilə qarşılaşmasın, çünki tək ağlayarsan, amma tək gülə bilməzsən.



TƏQVİM / ARXİV