adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

NƏŞRİYYATLARDA KEÇƏN ÖMRÜM

8270 | 2017-01-20 09:03
(Xatirələr)





Mustafa
Çəmənli

(əvvəli ötən şənbə saylarımızda)

"Yazıçı" nəşriyyatının 1989-cu ilin tematik planında 15 müəllif vərəqi həcmində kitabım plana salınmışdı. Lakin məlum 1988-ci il hadisələri bu kitabı çap etdirmək həvəsimi öldürdü. Mən Qarabağ xanlığının, Şuşa qalasının banisi Pənahəli xan Cavanşir haqqında roman yazmaq fikrinə düşdüm. Bu da təsadüfi deyildi.

Doğrudan da, xəyalından belə ötüb keçən hər sözün bir səbəbi var. Pənah xan mənim yadıma elə-belə, lapdan, heç nədən düşməmişdi. Lap uşaq yaşlarımdan məndə tarixi romanlara, tarix kitablarına, ümumiyyətlə, keçmişə qəribə, mübhəm bir maraq vardı. Orta məktəbdə Azərbaycan tarixinə aid keçirilən dərslər barmaqla sayılacaq qədər az idi. Ümumi tarix kitablarından isə bizə rus knyazlarının, İvan Qroznının, Aleksandr Nevskinin və başqalarının həyatını əzbərlətdirirdilər. Əlimə keçən bəzi kitablarda elə faktlara rast gəlirdim ki çaşbaş qalırdım. Guya bizim nə bir fərli şahımız, xanımız, nə də sərkərdəmiz olmuşdu. Xalqın qürurlanmağa, sanki, heç nəyi yox idi. Ona görə də biz Şuşa kimi bir qalanın qurucusu Pənah xan Cavanşiri, qorxmaz şəkili Çələbi xanı, Nadir şahı, Abbas Mirzəni … tanımırdıq. Çünki onları bizə tanıdan yox idi. Şimali Azərbaycan uğrunda müharibələr aparan Abbas Mirzə kimi ləyaqətli bir sərkərdəni bizə xalqımızın düşməni kimi tanıtmışdılar. Bu cür ögey-doğmalıq o zaman mənim yeniyetməlik, gənclik ruhumu incidirdi. Bəzən özümüzünkülərin təəssübkeşlik hissini unudub çar ordusuna qoşularaq soydaşlarına, dindaşlarına qarşı vuruşduqlarını heç cür anlaya bilmirdim. Beləcə, illərlə başımızın altına yastıq qoymuşdular. 1988-ci il məlum hadisələri bizi qəflət yuxusundan ayıltmışdı. Hadisələr adamı daha önəmli işlərlə məşğul olmağa təhrik edirdi. İstər-istəməz Qarabağın tarixi keçmişini öyrənməyə, Qarabağ xanlığının banisi Pənah xan haqda düşünməyə, XVIII əsr hadisələri ilə çağdaş problemlər arasında paralellər aparmağa daxili bir ehtiyac duyurdum.

Mən Pənah xanın dövründə yaşamış, onunla dostluq etmiş, münaqişədə, müxalifətdə olmuş şimallı-cənublu xanlıqlar barədə də yazmaq istəyirdim. Buna görə də çoxlu kitablar oxuyurdum. O dövrün materiallarını əldə edib araşdırırdım. Bəxtimdən, o zaman nəşriyyatımızın Şərq şöbəsində iki nəfər cənublu çalışırdı: Məmmədəli Müciri və Əyyub Nəmini (Əyyub müəllim ara-sıra bədii yaradıcılıqla da məşğul olurdu.). 46-da gələnlərdən idilər. Boş vaxtım olan kimi onların yanına tələsirdim. Onları sorğu-suala tuturdum:

- Təbriz necə şəhərdi? Ən məşhur məhəllələri hansılardı? Şəhərin özündən, yaxud ətrafından hansı çay keçir? Şəhər dağlıq ərazidə yerləşir, yoxsa düzənlikdə?

Dünyagörmüş bu kişilər səbirlə mənə Təbrizi təsvir edirdilər. Artıq mən onların gözü ilə Eynal-Zeynal dağının ətəyində qərar tutmuş dumanlı Təbrizi görürdüm.

Məmmədəli Müciri daha savadlı və məlumatlı şəxs idi. Mənə rusca İran tarixinə aid kitab da vermişdi. O, "21 Azər" hökumətinin vaxtında Cənubi Azərbaycanda yaradılmış Dövlət filarmoniyasında bəstəkar Cahangir Cahangirovun yaratdığı Dövlət xorunda oxumuşdu da. Bir dəfə Qəbələdə ekskursiyada olanda meşədə, günəşin batabat çağında, qızılı şəfəqlərin dostların üzündə oynaşdığı bir vaxta onunla qol-qola girib çox sevdiyim "Mürği-səhər" (azadlıq quşu) mahnısını oxuduğumuzu heç zaman unutmaram:



Gəldi baharın xoş səfası,

Aləmi tutdu ziyası.

Səhni-gülüstanda ucaldı

Bülbüli-şeydanın nəvası.

Balam hey, nəvası,

gülüm hey, nəvası.



Sən də çiçəkləndir həyatın baharını,

Gəl oxu bülbültək azadlıq şüarını,

Məhv elə hər yerdə sitəm ruzigarını.

Al səadət,

balam, al səadət.



Mənə o dövrdə fars mənbələrini oxumaqda M.F.Axundov adına Mərkəzi Dövlət kitabxanasında işləyən Məhəmməd Əli Müsəddiq də çox kömək etmişdi.

Hələ 1982-ci ildə Pənahəli xanın nəvəsi Ağabəyim ağa haqqında "Təbəssüm çiçəyi" adlı povest yazmışdım, lakin onun İran həyatını əks etdirən mənbələri əldə edə bilmədiyimdən bu əsəri çap etdirməyə tələsmirdim. Ancaq o zaman axtarışlarımın bəhrəsi olaraq şəxsi arxivimdə bu nakam taleli şairənin həyatından anlar, poeziyasından nümunələr əldə edə bildim. Xoşbəxtlikdən zamanında nəyi harada axtarmağı, kimi kimdən soruşmağı bacarmışam. Axı hər bir işin öz xiridarı var. Mənim o zaman Ağəbəyim ağa Ağabacı ilə bağlı üz tutduğum adamlardan biri də şair, ədəbiyyatşünas Əbülfəz Aslan oğlu Hüseyni (Həsrət) idi. O, 1925-ci ildə Təbrizdə doğulmuşdu. Əbülfəz Hüseyni, gəncliyində Milli Azadlıq hərəkatına qoşulmuş, şah ordusunun təcavüzündən sonra - 1946-cı ildə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdı. Əbülfəz müəllimlə "Yazıçı" nəşriyyatında tanış olmuşdum. Onun tərtib etdiyi Seyid Əbülqasim Nəbatinin "Seçilmiş əsərləri" bizim redaksiyada çapa hazırlanmışdı. Bu kitab 1985-ci ildə iyirmi min tirajla nəşr olunmuşdu.

Əbülfəz Hüseyni Nizami adına Ədəbiyyat İnstitutunda işləyirdi. İ.Nəsimidən bəhs edən "Mən bu cahana sığmazam" pyesinin, şeirlər toplusunun müəllifi idi. Qulamrza Cəmşidinin "Hacı Kərimin aya səyahəti" komediyasında səslənən şeirlər də ona məxsusdur. Tərcümə sahəsində də səmərəli çalışmışdı. Hafiz Şirazinin "Seçilmiş şeirlərini" onun tərcüməsində oxumuşduq. Xəqaninin, Şəbüstərinin bəzi şeirlərini dilimizə çevirmişdi.

Mən bir gün növbəti görüşümüzdə Ağabəyim ağa ilə bağlı niyyətimi Əbülfəz müəllimə də söyləmişdim, ondan şairə ilə bağlı əlinə bir fakt keçərsə mənə verməsini xahiş etmişdim. Aradan bir müddət keçəndən sonra Əbülfəz Hüseyni şairə haqqında tarixi mənbələrdən götürdüyü bəzi məlumatları, şeir parçalarını farscadan tərcümə edərək mənə vermişdi. Əlbəttə, bu faktlar bədii əsər yazmaq üçün kifayət deyildi, ancaq dəyərliydi. Onun cənublu alimlərdən Ələkbər Müşir Səliminin "Zənani-süxənvər" (şairə qadınlar) əsərindən Ağabəyim ağa ilə bağlı etdiyi tərcümə şairənin həyatını öyrənmək baxımından maraqlıdır. Ələkbər Müşir yazır: "Bu şairə xanım İbrahim xan Cəvanşirin qızı, Əbülfət xan Məluminin bacısıdır. Ağabacı xanım (Ağabəyim ağanın təxəllüsü - M.Ç.) şahın sarayında böyük cəlal ilə yaşayırdı. Xanım özü ilə Qarabağdan iki yüz nəfər adam aparmışdı. Onların hamısı iş bilən, qoçaq şəxsiyyətlər idi. O cümlədən Məlik bəy adlı biri xanımın xüsusi xadimi-vəziri idi. Məlik bəy Qarabağın möhtərəm şəxslərindən olmaqla çalışırdı ki, bir nəfər də olsun xanıma hörmətsizlik eləməsin. Ağabacı xanım İmamzadə Qasim yaxınlığında gözəl bir saray tikdirmişdi. Əsasən orada yaşayırdı. Elə bir əzəmət və böyüklüyünə baxmayaraq ömrü boyu şaha yaxınlaşmadı. Aralarında toy gecəsi bir neçə kəlmə söhbət oldu. Sabahı gün xanım azərbaycanca belə bir şeir yazdı:



Yarım gecə gəldi, gecə qaldı, gecə getdi,

Ömrüm necə gəldi, necə qaldı, necə getdi.



Şah, Qum vilayətinin gəlirindən ona böyük bir məbləğ ayırmışdı. Xanım Quma köçdü, ömrünün axırınadək orada qaldı. 1248-ci ildə orada vəfat etdi (miladi 1827. Başqa bir ehtimala görə 1831-ci ildə vəfat etmişdir - M.Ç.)". Bu mənbədən öyrəndim ki, fransız Sergüz Özlü (ola bilər bu ad təhrif olunub - M.Ç.) arvadı ilə İrana səfir gələndə etimadnaməsini brilyant düyməli qutuda şaha təqdim edir. Səfir təqdimat mərasimində şahın baş hərəmi Ağabəyim ağa ilə də görüşür və ona ənbərçə almaz (sinəbənd) hədiyyə edir.

M.Tərbiyətin yazdığına görə, İranda fransız dilini öyrənən Ağabəyim ağa Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsi ilə Napoleon Bonaparta məktub göndərmişdir.

Ağabəyim ağanın poeziyasından bizə çox az nümunələr gəlib çıxıbdır. Deyilənə görə Ağabəyim ağa Qarabağı tərk edib İrana gedərkən farsca belə bir rübai söyləmişdir:



Xorrəm onku be səri-kuy-e to cay-e darəd,

Ke səri-kuy-e to xoş abü həva-ye darəd.



Be səfər rəft deləm şod cərəsi naqeye o

Rəsm inəst ke hər naqə dəra-ye darəd.



Əbülfəz Hüseyni həmin rübaini azərbaycancaya belə çevirmişdi:



Kim küçəndə məskən etdi xoş onun dövranına,

Burda bir cənnət olar ömrü boyu dövran ona.

Zəng asarlar rəsmdir fəryad üçün karvanlara,

Könlümü qoşdum gedərkən yarımın karvanına



Əbülfəz müəllim şair olduğu üçün, həm də fars dilini kamil bildiyinə görə, rübaini özündən qabaq tərcümə edənlərdən daha dəqiq və poetik çevirmişdi. Bu fikri Əbülfəz Hüseynin şairənin farscadan çevirdiyi digər iki beyti haqqında da demək olar:



Soxtəm əz atəşi-qəm, naseha, ta key ze məni,

Mizəni bər atəşəm damən bero, xamuş baş.



Tərcüməsi:



Az nəsihət eylə naseh, yandırıb eşq atəşi,

İnsaf eylə, yelləmə, bəsdir yanan odlarımı.

***

Tə həşr nəvisənd əgər minəşvənd tey,

Nə dəftəri-hüsn to, nə tumar fəraqəm.



Tərcüməsi:



Yazsalar ta həşrəcən əsla inanma qurtara

Hüsnünün tərifi ilə hicranın dastanları.



Əbülfəz Hüseyni Ağabəyim ağanın bir qəzəlini də (əlyazmalar fondu, rəf vərəq 97) tərcümə edərək mənə vermişdi. Buyurun oxuyun:



Əgər verəm yelə bu zülfi-ənbərasanı,

Çəkib tora salaram səhralarda ceyranı.



Bu qəmzə ilə əgər mən niqab açam üzdən,

Çağır təmaşaya gəlsin tamam dünyanı.



Baxanda nərgizi-məstimlə mən xumar, məxmur,

Qan ağladar baxışım qibtədən Züleyxanı.



Neçə-neçə ölü can işvəm ilə canə gələr,

Görəndə mat eləyər möcizəm Məsihanı.



Əgər düşərsə güzarım mənim kəlisayə,

Gətirrəm öz dinimə hüsnüm ilə tərsanı.



Qızıl quşam, mən o kəklik kimi də yol getsəm,

Önümdə heyran edər ehtişamım ənqanı.



Yeri gəlmişkən deyim ki, Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında Ağabəyim ağaya həsr etdiyi oçerkdə bu qəzəli "Fəxriyyə" adı altında tərcümə edərək vermişdir.

Onu da xatırladım ki, Fətəli şah özü də şeir-sənət aşiqi olmuşdur. Onun iki dildə - Azərbaycan və farsca divanları var. Şeirlərini "Şah", "Xaqan" təxəllüsü ilə yazardı. Aşağıdakı şeir ona məxsusdur:



Meyi-gülfamilə gər ləli-ləbin rəngindir,

Bəs nədir vəchi ki, mey təlx, ləbin şirindir.



Aşiqin qanını kim etdi bu millətdə həlal,

Bu necə din, necə məzhəb, bu necə aindir.



Ey gözəl, rəhm elə, insaf elə, ehsan eylə,

Şahinə busə verib, könlünü al, miskindir.



Beləcə Ağabəyim ağa, onun mühiti, Qarabağla bağlı həyatını araşdırarkən istər-istəməz Pənahəli xan haqqında da müəyyən məlumatlar əldə etmişdim. Nə isə, roman üzərində çox həvəslə işləməyə başladım. Baş verən ictimai-siyasi hadisələr də mənim bu işimə təkan verdi. 1990-cı ildə romanın böyük bir hissəsini yazıb, o zaman 45 min tirajla nəşr olunan "Karvan" jurnalına verdim. Əlyazmanı redaksiyanın bütün əməkdaşları - baş redaktor Oqtay Salamzadə, məsul katib Əmir Mustafayev, şair Ağasəfa, Dilarə Vəkilova, Mahmud Abbasov oxuyub çap üçün qəbul etdilər. Romanın böyük bir hissəsi elə həmin il jurnalın 10-11-ci saylarında çap olundu. Mən bundan ruhlanıb romanı bitirdim. Lakin tarixi mövzuda ilk qələm təcrübəm olduğundan çox nigarançılıq hissi keçirirdim. Nigarançılığıma son qoymaq üçün romanı Qarabağ xanlığının tarixini yaxşı bilən bir adama oxutmaq istəyirdim. Bu niyyətlə soraqlaşanda dostlar romanı professor Nazim Axundova oxutdurmağı məsləhət bildilər.



(ardı gələn şənbə sayımızda)



TƏQVİM / ARXİV