adalet.az header logo
  • Bakı 6°C
19 Yanvar 2017 18:29
16799
MƏMLƏKƏT
A- A+

Əbülfət Mədətoğlundan- Müraciət

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri akademik Ramiz Mehdiyev cənablarına

Çox hörmətli cənab Ramiz Mehdiyev!

Bu müraciəti Sizə etməmişdən öncə xeyli düşündüm, götür-qoy etdim. Sizin işinizin çoxluğunu, ölkənin indiki durumunda bütün səy və bacarığınızı əsirgəmədən çalışmağınızı, Ulu Öndərimizə sədaqətinizi, həmçinin hamımızın prezidenti cənab İlham Əliyevə dəstəyinizi gözümün önünə gətirdim və tərəddüdlər içində nəhayət ki, son ümid kimi Sizə üz tutmağı qərara aldım. Vaxtınızı aldığıma görə, təkrar-təkrar Sizdən üzr istəyirəm, amma başqa bir çıxış yolu olmadığını nəzərə alıb məni bağışlamağınızı rica edirəm. Bu mənim son şansım, son ümid ünvanına müraciətimdir. Çünki döydüyüm qapıların heç birindən cavab ala bilmirəm.

Çox hörmətli cənab Ramiz Mehdiyev!

Bildirirəm ki, mən Dağlıq Qarabağdan qaçqın düşmüş Azərbaycan vətəndaşıyam. Həyatımda qaçqınlığı bir neçə dəfə yaşamalı olmuşam. Öncə doğulduğum Tuğ kəndindən Füzuliyə üz tutdum, sonra Beyləqana, daha sonra isə Bakı şəhərinə. Özüm uzun illərdir ki, mətbuatda çalışıram, cənab Prezidentimiz mənə "Əməkdar jurnalist" adını verib. 1995-ci ildən Binəqədi rayonunda, yəni Motodrom ərazisində ev alıb məskunlaşmışam. 9 nəfərdən (3 ailə) ibarət ailəm var. Amma yataqxanada, uşaq bağçasında, inzibati binada çəkdiyimiz zülmlərdən sonra nəhayət ki, bir isti ocaq sahibi olmuşdum. Həyətimizdə meyvə ağacları, gül-çiçək əkmişdik, normal insan həyatı yaşayırdıq. Bu gün həmin evi çox ucuz bir qiymətə tərk etməyi bizdən tələb edirlər. Səbəb kimi elə "Avtovağzal" metrosunun tikintisini göstərirlər.

Çox hörmətli cənab Ramiz Mehdiyev!

Mən dövlət tədbirinin əhəmiyyətini çox yaxşı anlayıram və bu günə qədər də hərbi və mülki jurnalist kimi dövlətimizə xidmət etmişəm. Cənab Prezidentimizin sökülən evlərlə bağlı müəyyən etdiyi kompensasiyanın məbləğini də bilirəm. Amma nədənsə həmin məbləği bizə ödəməkdən boyun qaçırırlar. Mənim ailəmin alacağı kompensasiya indi sığındığı evin müqabilində çox cüzidir. Və sizin 26 dekabr 2016-cı il tarixdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın müşavirəsində söylədiyiniz bir fikir mənim və bu ərazidə yaşayan hər kəsin ürəyindən xəbər verir. Həmin müşavirədə vurğulamısınız ki, "Binəqədi və Gəncədə sökülən evlərə görə verilən kompensasiyanın az olması şəhərdə xoşa gəlməyən söhbətlərə əsas verir". Bəli, bu həqiqətən belədir. Bu gün mənim məskunlaşdığım və demək olar ki, son günlərimi yaşadığım evimlə bağlı çıxarılmış qərar 9 nəfərlik (3 ailə) ailənin küçəyə atılması deməkdir.

Çox hörmətli cənab Ramiz Mehdiyev!

Sizin səsləndirdiyiniz fikir məndə bir inam, bir ümid hissi yaradıb. Bütün ailəmiz indi Allahımıza, Prezidentimizə və Sizə böyük ümid bəsləyir. İnanırıq ki, bu xoşagəlməz halın aradan qaldırılmasında Siz qəti münasibətinizi bildirəcək, bizim küçəyə atılmağımıza, haqqımızın tapdalanmasına imkan verməyəcəksiniz. Bir daha bildirirəm ki, biz Prezidentimizə və onun ən yaxın silahdaşı olan Sizə güvənirik!

Əbülfət Mədətoğlu (Əliyev)