adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Yanvar 2017 16:38
23375
GÜNDƏM
A- A+

“Ədalət”in ədaləti

Azərbaycan tarixinin ən çətin və təzadlı dönəmində, 1990-cı ildə respublikamızın ictimai-siyasi həyatına "Ədalət” qəzetinin gəlişinin hadisə olması tezliklə hamıya aydın oldu. Çünki, "Ədalət” respublikamızın informasiya məkanına ədalət gətirdi. Belə ki, xalqımızın milli azadlıq hərəkatının geniş vüsət almasında və Sovet imperiyasının dağılmasında, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində, daha sonra dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunda, Ulu öndər Heydər Əliyevin strateji xəttinin dəstəklənməsində, konstitusion dəyərlərimizin qorunmasında, habelə, xalqımızın ictimai-siyasi həyatında bütün tale yüklü məsələlərin həllində "Ədalət” səlahiyyətləri çərçivəsində yaxından iştirak etmişdir. "Ədalət” fəaliyyətə başladığı gündən bu günədək Azərbaycan jurnalistikasında hər bir jurnalist üçün örnək etalonu olmağı bacaqdı. O, hər kəsə sübüt etdi ki, insan hüquq və azadlıqlarının qorunmasına dair qanunvericiliyin tələblərini pozmadan, şərəf və ləyaqəti alçaltmadan, heç kəsi böhtan və təhqirə məruz qoymadan jurnalistin qələmini ən kəsərli silaha çevirib özbaşına məmurun, korrupsiyaya qurşanmış oliqarxın, xalqın inkişafında əngələ çevrilmiş hər bir antipodun üstünə cəsarətlə getmək olar. Xalqın mənafeyi naminə hər bir qanunsuzluğu hayqıraraq hər kəsə bəyan etmək olar.

Bu müddət ərzində "Ədalət” öz adına və jurnalist prinsipiallığına sadiq qalaraq məzlumun yanında, zalımın qarşısında oldu. Dövlətinin və xalqının mövqeyində korrupsioner və harınlamış hər kəsin önündə olmağı bacardı. Haqlı ilə çiyin-çiyinə, haqsızla isə üzbəüz dayana bildi. Lazım olanda səngərdə əsgərin yanında, ehtiyac olduğu zaman tarlada kəndlinin yanında, məqamı gəldikdə Azərbaycan bayrağını qaldıran idmançının yanında, bir sözlə "Ədalət” hər zaman hər yerdə öz varlığını göstərdi. Bax bu idi "Ədalət”in ədaləti!

Ədalət xatirinə deməliyik ki, "Ədalət”ə hörmətli həmkarım, dəyərli jurnalist və millət vəkili Aqil Abbasın rəhbərlik etməsi "Ədalət”in bu keyfiyyətləri qazanmasında və inkişaf etdirməsində müstəsna rolu vardır. Azərbaycanın informasiya məkanına qədəm qoyduğu vaxtdan "Ədalət” qəzetində Aqil Abbasın "filan nazirin əmək haqqını filankəsov filankəs alır " , "filan rayon icra hakimiyyətinin başçısı vəzifəsini filankəsov filankəs tutur " və s. kimi jurnalistik replikalarını hələ də xatırlayırıq. Obyektiv reallığa uyğun olmayan məlumatları dərc etmədən, söyüş söymədən, süründürməçi, bürrokrat, öz vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlarla mübarizənin səmərəli usulunu nümayiş etdirən Aqil Abbas Azərbaycan jurnalistikasının klassik ənənələrinə sədaqətini nümayiş etdirirdi və həmin ənənələrə sədaqət bu gün də özünü göstərməkdədir.

1992-ci ildə Azərbaycanın siyasi hakimiyyəti böhran yaşadığı bir vaxtda çalışdığım Azərbaycan Respublikasının Baş Prokurorluğundan qanunsuz olaraq xaric edildiyim vaxt "Ədalət” in ədalətsizliyə qarşı barışmaz mübarizəsinin şəxsən şahidi olmuşam.

Təbii ki, "Ədalət” öz peşəkarlığından və təcrübəsindən istifadə edərək hər zaman Azərbaycanın haqq səsinin, eləcə də ermənilərin törətdiyi vəhşilik və soyqırımın dünyaya çatdırılmasında müstəsna xidmətləri olmuşdur. "Ədalət”in fəaliyyətinin bu prinsipləri ümumilikdə Aqil Abbasın bütün yaradıcılığında öz əksini tapıb. Qarabağ döyüşləri ilə bağlı Aqil Abbasın eyni adlı əsərinə çəkilmiş "Dolu” filmi həmin nümunənin bariz göstəricisidir. Həmçinin "Ədalət” respublika və dünyada baş verən hadisələri izləyicilərinə çatdıran, Azərbaycan Parlamentinin fəaliyyətini işıqlandıran informasiya vasitələrindən biridir. Müasir texnologiyanın sürətlə inkişaf etdiyi və informasiya müharibəsinin dərinləşdiyi bir dövrdə öz fəaliyyət istiqamətini dəyişməyən, əksinə öz mövqeyini daha da kəskinləşdirən "Ədalət” qəzetinin 5000-ci sayının dərc olunması Azərbaycan jurnalistiksının uğurudur.

Bu münasibətlə başda hörmətli həmkarım Aqil Abbas olmaqla, bütün "Ədalət”in zəhmətkeş və peşəkar kollektivini təbrik edirəm. Onalara bu çətin, lakin şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram.

Rafael Cəbrayılov
Milli Məclisin deputatı