adalet.az header logo
  • Bakı 7°C
20 Yanvar 2017 22:56
13052
İQTİSADİYYAT
A- A+

Azərbaycanda 1 milyonluq rüsum tətbiq ediləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi müzakirə olunub.

Adalet.az xəbər verir ki, təklif olunan layihədə lisenziyalar üzrə dövlət rüsumlarının məbləğlərində dəyişikliyi nəzərdə tutulub. Belə ki, əvvəllər dövlət rüsumu 22 min manatdan çox deyildisə, indi artıq layihədə 1 mln. manat məbləğdə rüsuma rast gəlmək olar.

Mobil rabitə xidmətləri (texnioloji standartın adı göstərilməklə) üçün 1 mln. manat dövlət rüsumu nəzərdə tutulub.

Layihədə teleradio yayımı üçün ümumrespublika televiziya yayımı üçün 50 min manat, Bakı şəhəri üzrə TV yayımı üçün 22 500 manat, regional TV üçün 1 500 manat, ümumrespublika radio yayımı üçün 2 500 manat, Bakı şəhəri üzrə 1 250 manat, regional radio yayımı üzrə 500 manat nəzərdə tutulub.

Layihədə olan rüsumlar lisenziya Bakıda oduqda 100% həcmində, regionlarda olduqda 50% ödənilir.

Bundan başqa, layihə rüsumların ödənilməsi qaydasında dəyişikliyi nəzərdə tutur. Belə ki, hazırda dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarına əsasən, qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun ("Avtomobil yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25%-i (bu qanunun 4.1-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.

Dəyişikliklə, "istisna olmaqla" sözlərindən sonra "və ödənilən dövlət rüsumu üzrə 5 min manatdan çox olmamaq şərti ilə" sözləri əlavə edilir. Yəni, həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının xəzinə hesabına köçürülən məbləğ 5 min manatdan artıq olmamalıdır.

Layihə plenar iclasa tövsiyə olunub.