adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Yanvar 2017 15:50
21616
MƏMLƏKƏT
A- A+

“20 Yanvarı necə xatırlayırsınız?” - SORĞU

Qara Yanvar - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur.

Adalet.az 20 Yanvar faciəsi ilə bağlı yazıçılara sorğu ünvanlayıb – "20 Yanvarı necə xatırlayırsınız?”

Cavabları təqdim edirik:


Yazıçı Nəriman Əbdülrəhmanlı 20 yanvar gününü gərginlik hiss ilə keçirdib: "Faciə ərəfəsi hamı kimi gərginlik hissi keçirirdim. Yanvarın 19-u axşamı şəhərə qoşun yeridiləcəyi barədə şayiələr artanda dayana bilməyib yaşadığım 9-cu mikrorayondan 4-cü mikrorayonun girişinə, 16 mərtəbənin yanına gəldim. Camaat çox idi, bir neçə yerdə ocaq qalamışdılar. Bəzilərinin sifətində çaşqınlıq vardı, bəzilərisə qoşunlarının qarşısını kəsmək barədə təbliğat aparırdılar. Arada bir dəstə gəldi ki, Etibar bəy deyir, bərk durun. Amma saat 12-nin yarısı olardı bəlkə, hərbi texnika yaxınlaşdı, əksəriyyəti yaşlı olan əsgərlər güllə atmağa başladılar. İşıqsaçan güllələr binalara, ağaclara dəyirdi. Bir neçə nəfər yaralandı, adamlar qaçıb dağılışdı. Bir dükanın vitrininə dəyən güllə nəticəsinə, şüşənin bir parçası qolumu yaraladı. Binaların arası ilə evə qayıtmalı oldum. Yara ciddi deyildi, amma səhərəcən şəhərdən gələn atəş səslərinə qulaq asa-asa dirigözlü keçirdim. Səhər Mərkəzi Komitənin qarşısına mitinqə gedəndə dəhşətli mənzərənin - minik və yük maşınlarının əzildiyinin şahidi oldum. Adamların sifətindəki nifrət və qəzəb əlamətini heç vaxt unutmaram.”


Yazıçı Səfər Alışarlı həmin günü belə xatırlayır: "20 yanvarın ertəsi günü bütün Azərbaycan xalqı şok yaşamaqda davam edirdi. O cür şoku Bakı bəlkə də son dəfə 1804-cü ildə rus ordusu bu şəhəri alanda yaşamışdı. Şəhərin bəzi yerlərində, məsələn, Salyan kazarmalarında ordu yanvarın 21-də bütün günü avtomat və pulemyotlardan divarlara güllə yağdıraraq guya orada döyüş getdiyini imitasiya eləyirdi. Məqsəd xalqı ora hücuma təhrik etməkdi. Xalq böyük çaşqınlıq içində idi. Azərbaycan KİV-i qapadılmış, Az TV və radio susdurulmuşdu. Dəqiq informasiyanın olmaması xalqı çaşdırır, ölkədə xaosu gücləndirirdi. Ərəfədə Etibar Məmmədovla mənim Bakı Qarnizonunun rəisi general Sokolovla görüşümüz olmuşdu. Bu görüşü və 20 yanvarın bəzi duyğularını mən "Maestro” romanında əhatəli təsvir etmişəm. Bir neçə gün sonra fəaliyyətə başlayan KİV-ə o cümlədən mənim çalışdığım "Gənclik”-"Molodost” jurnalına Moskvadan gəlmiş KQB adamları senzor olaraq oturduldular. Beləliklə, Azərbaycan mətbuatının əsl həqiqəti xalqa deməsinə imkan verilmədi. Biz çıxış yolunu 1989-dan başladığımız qeyri-leqal nəşrlərin davamında gördük. Ağamalı Sadiq Əfəndi, Azər Əbilbəyli, Elçin Səlcuq, Məti Osmanoğlu və bəzi başqa dostlarla "FV-ÇP” qəzetini buraxmağa başladıq. Bu qəzetin ilk nömrəsi fevralda çıxdı. Effekt – sözlə ifadəolunmaz dərəcədə! Ayaq üstdə olan, gecələri yatmayan xalq dərhal toparlanmağa, işğalçılara və satqın hakimiyyətə qarşı müqavimətini dinc üsullarla davam etdirməyə başladı. 40 gün matəm və tətil elan edildi. Xeyli sonra başqa qəzetləri də həmin gizli mətbəədə buraxdıq, o cümlədən "Varlıq” qəzetini də. Ulu öndər Heydər Əliyevin 22 yanvar 1990-cı ildə Moskvadakı mətbuat konfransında bəyanatını həmin ilin may ayınadək heç bir mətbuat orqanı dərc eləməmişdi. O barədə respublikada heç söz danışmaq mümkün deyildi. Mən təsadüfən əlimə keçmiş o materialı videolentdən çıxarıb tərcümə elədim, makinada qəzet sütunları halına saldım və fevral ayında Qaraşəhərdəki zavodların birində tapdığım gizli mətbəədə 2000 tirajla "Varlıq” qəzetində çap elədim. Böyük insanla mənim şəxsi tanışlığım bir neçə ay sonra Naxçıvanda məhz bu əsasda başladı.



"Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz 20 yanvarın iştirakçısı olduğunu vurğuladı: "20 yanvarın iştirakçısı olan, ağrıların içində olan insan necə xatırılaya bilər? Şərəf duyuram ki, iştirakçısı olmuşam. Çünki məhz 20 yanvardan sonra hamıya bəlli oldu ki, müstəqilliyin alternativi yoxdur. Artıq gərəkdir 20 yanvarı qara bayram kimi deyil, novruz kimi qeyd edək.”





Yazıçı Şərif Ağayar həmin günü kənddə olub: "Qarlı gün idi. Əvvəl xəbərlər şayiə şəklində dolaşdı. Danışrıdılar ki, Bakını başdan-ayağa dağıdıblar. Bakı televiziyası tutmadığı üçün hamı buna inanmışdı. Şuşadan veriliş transilyasiya olundu. Amma düzünü demirdilər. "Azadlıq" radisoundan eşitdik hadisələri. O vaxtdan "Azadlıq" radiosu ucqar dağ kəndində yaşayan insanların sirdaşına çevrildi. Uşaqdım onda. Bakıya gəlib "Şəhidlər xiyabanı"nı görmək ən böyük arzum idi. İlhamla Fərizənin dastanı ağız-ağız dolaşırdı. Bütün kənd yasa batmışdı. Deyəsən, kəndin klubunda yas məclisi də keçirdilər.”





Yazar, jurnalist Azər Qismət isə 20 yanvar faciəsini bacısından xəbər tutub: "Rayonda idim. Birdən həyət qapısı açıldı, məktəbdə oxuyan bacım ağlaya-ağlaya həyətə girdi. Nə baş verdiyini soruşduq. Dedi ki, "Bakıda 20 min adam qətlə yetiriblər”. Hamımız hönkürdük. Sonra anam qardaşım Qismətdən narahat qaldı. Təcili rayon poçt idarəsinə gedib qardaşım Qismətlə əlaqə yaratmağa çalışdıq. Nəhayət onun sağ olduğunu öyrəndik. İnanın ki, öldürülənlərlə bağlı müxtəlif rəqəmlər söyləyirdilər. Sonra xalamgilə gedib radioda Mirzə Xəzəri dinlədik. Dalğa pis tuturdu, amma həyəcanla dinləyirdik. Göz yaşlarımız dayanmırdı.”






Şair Etibar Qərib rus qoşunlarının Bakıya yeridiləcəyi xəbərindən bərk narahatçılıq keçirib: "Yanvarın səhv etmirəmsə 17-si rayondan, Bakıya gəldim. 19- u günü axşam saatlarında , "Semaşka" ərazisində yaşayan qardaşımgilə dəyməyə getdim. Bakıya rus qoşunlarının yeridiləcəyi ilə bağlı söz-söhbətlər, o gün hər bir azərbaycanlı ailəsi kimi bizi də narahat etməyə bilməzdi. Mən, bir bəhanə ilə evdən çölə çıxmaq istəsəm də böyük qardaşım buna icazə vermədi... Həm də mən hərbi xidmətdən yeni gəlmişdim deyə, hamı evdə mənim üstümdə əsirdi ki, gedərəm başıma bir iş gələr. Bu minvalla gecə 12-i, 1-ə işləmiş olardı birdən televizorda verliş dayandı, ekran dümağ ağardı. Və aradan bir az keçmişdi ki, atəş səsləri eşidilməyə başladı. Mən tez çölə qaçdım və evdəkilər də dalımca çıxdılar. Qonşular da çölə çıxmışdı... Bir anda küçə adamla doldu. Hərə bir fikir, bir çıxış yolu deyirdi. Mən, üzü "Semaşka"ya doğru yollandım, ardımca da bir neçə nəfərin gəldiyini gördüm. Güllələrin çox yaxında atıldığı aydınca hiss olunurdu, qaça-qaç düşmüşdü... İnsanların qışqırıtısı ilə atəş səsləri, tankların uğultusu şəhəri bürümüşdü. Adama elə gəlirdi ki, qiyamət qopub. Bu arada qardaşım-bacım mənim qolumdan yapışırlar ki, hara gedirsən?! Görmürsənmi ki, hamı üzü bəri qaçır? Dedim: Buraxın, heç olmasa gedim bir yaralıya yardım edim! Qonşular da, mənə getməməyi, geri dönməyi xahiş etdilər. Qardaşımgilə də, mənə - evə qayıdaq əynimizi geyinək, sonra birlikdə gedərik- dedilər. Sözsüz ki, sonra getməyə ehtiyac qalmadı... Çünki çağırılmamış "qonaqlar"ın özləri gəlib dörd yanı tutmuşdular. Hər yandan ölüm qoxusu gəlirdi. Buna baxmayaraq, millətimiz səhər yənə də yalın əllə tankların üzərinə getdi. Düşmənin silahı önündə susmağı! Allahdan Şəhidlərimizə rəhmət diləyirəm!”


Yazıçı Kənan Hacı ölümdən geri dönüb: "Həmin gün atam işdəydi. Kənd camaatı məscidə yığışmışdı. Mən də həmin camaata qoşulub Qala qəsəbəsindəki şəhərə gedən yola çıxdım. Orda barrikadalar qurulmuşdu. Heç kim şəhərə qoşun yeridiləcəyini xəyalına belə gətirmirdi. Mən günorta evə qayıtdım, axşamüstü dayım oğlunun maşını ilə yenidən ora qayıtdım. Anam çox yalvardı ki, getmə. Mən də evdə təkəm. Vəziyyət qorxuludur. Amma getdim və... axşam təxminən 10-11 radələrində uzaqdan güllə səsləri eşitdik. Qışqırıq səsləri gəlirdi. Güllələr havada işıq buraxırdı. Dayım oğlu ilə ikimiz də yolkalıqda saxladığımız maşına tərəf qaçdıq. Magistral yola çıxmaq mümkün olmadığından Qala-Şüvəlan yoluna çıxdıq. Dayım oğlunun əlləri əsirdi, maşını idarə edə bilmirdi. Özünü elə itirmişdi ki, xeyli yolu maşının işıqlarını yandırmadan sürmüşdü.Maşın tez tez çala-çuxura düşüb silkələnirdi. Sağ-salamat evə gəlib çıxdığımıza inana bilmirdik. Evdə işıqlar sönmüşdü. Televizor göstərmirdi, anam radionu açıb vəziyyətdən xəbər tutmaq iatəyirdi. Amma heç bir dalğa tutmurdu. Anam məni görüb qabağıma yüyürdü və qucaqladı. Nolub dedi. Adamları gülləyə tutdular, - dedim. Həyatımın ən dəhşətli günlərindən biriydi o gün. 15 yaşlı yeniyetmə o vaxta qədər belə şeyləri ancaq kinoda görmüşdü. Amma mən o dəhşəti gözlərimlə gördüm və bir günün içində böyüdüm...”