adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2017 15:24
9534
GÜNDƏM
A- A+

«RƏCƏB İVEDİK -5» FİLMİNDƏ AZƏRBAYCANLA BAĞLI SƏHNƏ DƏYİŞDİRİLƏ BİLƏR

Bu filmdəki məlum səhnə təkcə Azərbaycanda yox, Türkiyədə də böyük etirazlara səbəb olub. Yəni filmin müəllifləri qaşınmayan yerdən qan çıxarıblar. Yəni həmin səhnə filmə elə bir gözəllik gətirməyib, olmaya da bilərdi. Amma day bu faciə də deyil, yəni belə şeylər Azərbaycanla Türkiyənin qardaşlığına xələl gətirə bilməz. Milçək bir şey deyil, ürək bulandırır. Belə hadisələr zaman-zaman olur. Yadınızdadırsa, daha böyük bir kriz Abdullah Güllə azərbaycanlılara qarşı soyqırımın komutanı Serj Sərkisyanın Türkiyədə birgə izlədikləri Türkiyə-Ermənistan futbol matçı zamanı stadiona Azərbaycan bayrağının buraxılmaması, hətta fanatların əlindən alınıb zibilliyə atılması zamanı da çıxmışdı. Amma sonra hər şey yerinə oturdu. Yenə belə bir kriz Türkiyə hökuməti ilə Ermənistan hökumətinin Avropanın hansısa bir xaraba şəhərində, gərək ki Cenevrədə sərhədlərin açılması ilə bağlı protokol imzalayanda da çıxmışdı. «Kurtlar vadisi» filminin bəzi seriyalarında da Azərbaycan hədəfə götürülmüşdü. «Ədalət» qəzeti olaraq biz də onların layiqli cavabını vermişdik. Bu Rəcəb İvedikdəki səhnə onların yanında toya-bayrama getməlidi.

Olur, abilərimiz hərdən belə səhvlərə yol verirlər və sonra da həmin səhvlərinin altında qalırlar.

Yuxarıda qeyd etdik, bu Türkiyədə də böyük etirazlara səbəb olub, hətta siyasilər bu məsələyə qarışıb. Yanvarın 18-də «Fox» televiziyasının səhər-səhər efirə gedən «Çalar saat» proqramında sunucu İsmayıl Küçükkaya bu məsələyə xüsusi bir yer ayırmışdı. Qonağı AK partidən millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nejdət bəy idi. Nejdət bəy xüsusilə vurğuladı ki, dünyada keçirilən hər hansı çempionatda əgər Azərbaycan idmançısı qalib gəlirsə, o, öz ölkəsinin bayrağı ilə bərabər Türkiyənin də bayrağını qaldırır, eləcə də türk idmançı qalib gəlirsə, o da ölkəsinin bayrağı ilə bərabər Azərbaycan bayrağını qaldırır. Bu bizim bir millət iki dövlət olmağımızın, qardaşlağımızın rəmzinə çevrilib. Nejdət bəy daha sonra filmdəki səhnənin çox yanlış olduğunu xüsusilə qeyd elədi. Və bildirdi ki, filmin müəllifi Şahan Gökbaharla əlaqə saxlayıb, həm etirazını bildirib, həm də həmin səhnənin filmdən çıxarılmasını, yerinə həmin səhnənin başqa bir espiri ilə (yəni zarafatla) əvəz olunmasını xahiş edib. Onu da bildirdi ki, müəyyən razılığa da gəliblər.

Rəcəb İvedik də özünü belə yandırdı.