adalet.az header logo
  • Bakı 21°C
18 Yanvar 2017 14:41
16363
ƏDƏBİYYAT
A- A+

"YAXŞILAR HƏMİŞƏ YADDAŞA KÖÇÜR"

Yaxın günlərin söhbətidir. Dəyərli şairimiz, ruh qardaşım Vəli Xramçaylı əlində bir kitab gəldi iş otağıma. Həmişəki kimi ərklə əlindəki kitabı qoydu stolumun üstünə və elə həmin o ərklə də dedi:

- Bu bir yaxşı kişinin, yaxşı şairin kitabıdı. Oxumuşam. Sən də oxu. Yəqin ki, xoşuna gələcək. Sonrasını özün bilərsən...

Təbii ki, bu ərkdən, bu təqdimatdan sonra Vəli Xramçaylının stolumun üstünə qoyduğu kitabı oxumamaq mümkün deyildi. İş gününün sonunda kitabı özümlə birlikdə evə götürdüm. Demək olar ki, həmin gecəm təzə sözlə səhərə çıxdı. Oxudum Əyyub Paşanı. Gördüm ki, ruh adamıdı. Sözü, fikri ustalıqla misralayıb. Canında-qanında olan Qazax şeir havası, şeir məktəbi onu əməlli-başlı yeni sözün, yeni misraların cəfakeşinə çevirib. Elə bu arada kitabın anatasiya səhifəsindəki bir imza da diqqətimi çəkdi. Bu, şeirlərini sevə-sevə oxuduğum Barat Vüsalın imzası idi. Bax, bu da mənə bir əlavə ovqat bəxş etdi. Çünki Barat müəllim sözə çiyin verən, sözü zərgər dəqiqliyi ilə oxucu qarşısına çıxaran böyük ürək və ruh sahibi kimi sevib tanıdığım şairlərimizdəndi. Deməli, onun məsləhəti və məsləhətçiliyi heç vaxt ötəri olmayıb. O, işıq görmədiyi misraya, sözə məsləhətçi yükünü çiyninə götürməz...

Və beləcə, Əyyub Paşanın söz çələnginin içərisində gəzib-dolaşdım. Gördüm ki, şair oxucularına deyir ki, məni yaşadan, mənə qol-qanad verən dostların ilqarıdı, etibarıdı, səmimiyyətidi. Və o da bu ilqardan ruhlanıb yazır:

Yaxşılıq et, yaşa son an,

Halal qazan, halal dolan.

Əyyub Paşanı yaşadan

Dostlarının ilqarıdı.

Bu ilqarı, bu güvəni şeirə çevirmək və hamıya bəyan etmək hər adama nəsib olan iş deyil. Məhz bu səbəbdən mən Əyyub Paşanın səmimiyyətinə inandım və gördüm ki, o, sözün qatlarına enəndə səmimiyyətini, fikir tutumunu yaddan çıxarmır. Əksinə, deyir ki:

Eşitdim ki, Bakıdasan,

Qəm sinəmdən aralandı.

Dedilər ki, Vaqif köçdü

Ümidlərim yaralandı.


Damarımda dondu qanım

Söndü ocaq, çıraq, şamım.

Sızıldadı ruhum, canım

Yandı ürək paralandı.


Heyfsiləndi yurd daşlarım,

Vaqifsevər sirdaşlarım.

Paşa, axdı göz yaşların

"Damcılı" tək şoralandı.


Bu şeir xalq şairi Vaqif Səmədoğluya, Səmədoğlu itkisinə həm də bir eloğlu, bir dost, bir oxucu nekroloqudu. Və misralardan da göründüyü kimi, bu şeirin arxasında sızıldayan, paralanan bir ürəyin göynərtisi, hıçqırığı dayanıb. Və yaxud el-obanın dəyərli bir ağsaqqalının, ziyalısının itkisinə yazılan şeirdə Əyyub Paşanın söylədiyi fikirlərə diqqət yetirsək, həmin o ürək parçalayan sızıltıların bir də şahidi olmaq mümkündü.


Yazdığım bu şeiri al, Paşa, köçür,

"Avey"in döşündə sal daşa, köçür.

Yaxşılar həmişə yaddaşa köçür,

Tanrının sevimli butası köçdü,

Bir elin, ocağın atası köçdü!


Mən Əyyub Paşanın şeirlərini oxuyanda bir məqamın da şahidi oldum. O da doğulduğu məkana, camiəyə bağlılıqdır. Yəni müəllifin demək olar ki, bütün şeirlərində Qazax və onun tanınan, diqqət çəkən məkanları, ünvanları, sayılıb-seçilən insanları, bir də müəllifin ürəyinə doğma olanlar onun şeirlərinin qəhrəmanlarıdı. Zənnimcə, bu təkcə özünə köynəyin qədər yaxın olan əhatəni təbliğ etmək deyil. Bu həm də daha yaxından tanıyıb bildiyin gerçəklikləri oxucuya təqdim etməkdi. Bu mənada Əyyub Paşanın şeirləri mənim üçün həm də Qazaxı tanıtmaq, sevdirmək anlamını yaradır. Təbii ki, şairin bütöv Azərbaycanımızla, Təbrizimizlə, Qarabağımızla, itkilərimizlə bağlı bir-birindən oxunaqlı şeirləri, misraları da var. Sadəcə, mən bir oxucu kimi əvvəldə qeyd etdiyim məqamı hiss etdim və bunu çox doğru və uğurlu yaradıcılıq missiyası hesab edirəm.

Bütün bunlarla yanaşı, Əyyub Paşanın şeirlərində fərdi ağrılar, fərdi sızıltılar da çox peşəkarcasına poeziya nümunəsinə çevrilib. Məsələn, onun "Təklənən atalar qocalır bəzən" şeirində həyat yoldaşını erkən itirən bir kişinin bütün yaşamı elə ustalıqla misralanıb ki, onu ancaq görənlər, yaşayanlar bütün cizgiləriylə gözünün önünə gətirə bilər və şairin nəyi ifadə etdiyini özü canında-qanında hiss edə bilər. Şair yazır:

Qalmışam qələmin umuduna mən,

Sevincim xatirə, qəmim göz yaşı.

Təklənən atalar qocalır bəzən,

Tez köçsə dünyadan ömür yoldaşı!

Bəli, həmsöhbət olduğum Əyyub Paşanın şeirlər və poemalar kitabı haqqında yazdığım oxucu fikirlərimi onun "Ay bənövşə" şeiri ilə bitirmək istəyirəm.

Nərgizim də qoy sevinsin,

"Damcılı"ya qonaq gəlsin,

Paşanın da üzü gülsün,

Xoş gün görüm, ay bənövşə.

Mən təsadüfdən fikrimi belə bitirmirəm. İstəyirəm ki, şairin qəmli notlar üstündə olan pıçıltıları onun növbəti kitabında çağırışla, qələbə ovqatıyla cilalansın və biz onun ömrünün də həmin o sevincli notlar içərisində keçdiyinə baxıb sevinək.

Əbülfət MƏDƏTOĞLU