adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Yanvar 2017 14:38
9739
MƏMLƏKƏT
A- A+

Azərbaycan və İslam İnkişaf Bankı arasında saziş imzalandı

Azərbaycan və İslam İnkişaf Bankı (İİB) arasında Azərbaycan Hökuməti ilə İİB arasında Azərbaycanda İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında qrant sazişi imzalanıb.

Bu barədə Adalet.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi Siyasi Dialoq Missiyası ilə görüşüb. Görüşdə nazir Ş.Mustafayev Azərbaycanın İslam İnkişaf Bankı və İİB Qrupuna daxil olan digər institutlar ilə əməkdaşlığa önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Azərbaycanda islam ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə və islam həmrəyliyinin möhkəmləndirilməsinə önəm verildiyini qeyd edən Ş.Mustafayev Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin ölkəmizdə "İslam həmrəyliyi ili” elan edildiyini, bu il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğulayıb.

Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir. İİB ilə fəal əməkdaşlıq davam etdiriləcək. Nazir Ş.Mustafayev Bankın özəl sektora, xüsusilə də real sektora investisiya yatırılması, iri müəssisələrin birbaşa maliyyələşdirilməsi, səhm kapitalında iştirak kimi sahələrdə fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, sənaye parkları və zonalarının yaradılması, tikinti materiallarının istehsalı, metallurgiya, maşın və avadanlıqların istehsalı, kimya sənayesi kimi prioritet sahələrə investisiya yatırılmasını təklif edib.

İİB-in vitse-prezidenti S.Ağa ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu bildirib, bankın Azərbaycanla əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. O, qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini vurğulayıb.