ANA SƏHİFƏ / GÜNDƏM

REDAKTORDAN VƏ YA ÖN SÖZ ƏVƏZİ

1341    |   2017-01-17 09:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazı masamın üstündə çapa gedəcək bir əl yazması var. Mən bu əlyazmanı böyük maraqla oxuyub başa çıxmışam və oxuduqca da öz-özümə fikirləşmişəm ki, burdakı fikirləri təkcə müəllif yox, elə mən özüm də bilirəm, hətta siz də bilirsiniz. Amma...
Məsələnin "əmması" ondadı ki, mənim də, sizin də bildiyinizi dəyərli yazıçı-publisist, naşir, eləcə də ürəyi yurd nisgili ilə dolu Oqtay Ərgünəş ipə-sapa düzüb. Onu muncuq kimi tumarlaya-tumarlaya, naxışına uyğun, həcminə uyğun, fikir tutumuna uyğun kəlamları üç hissəyə ayırıb. Və hər hissəyə də bir ad veribdi. Mən Oqtay Ərgünəşin özlüyümdə şərti müəyyənləşdirdiyim "Kəlamlar"ını həmin o üç adı ortadan götürməklə də oxudum. Baxıb gördüm ki, adları götürdüyüm nöqtədən sonra bir pauza yaranır, fikrə yeni fikir qoşulur. Bax, onda "Kəlamlar"ın bölgüsüylə razılaşdım.
Bəli, əlyazması stolumun üstündə olan və ötən il 70 yaşını qeyd etdiyimiz Oqtay Ərgünəşin "Deyilən soz yadigardı" adlı yeni kitabı müəllifin həyat təcrübəsindən qaynaqlanan, oxuduğu, yazdığı, gördüyü hadisələrdən boy verən fikirlərin bir nöqtədə birləşib orta məxrəci ifadə etməsi kimi dünyaya gəlir. Bir az da açıq şərh etsəm, onda bu kəlamları oxuyanlar görəcəklər ki, Oqtay Ərgünəş bu günə qədər deyilmiş, yazılmış fikirlərin toplusunu öz süzgəcindən keçirib onu yeni formada, yeni biçimdə biz oxuculara təqdim edir. Və o çox gözəl də bilir ki, deyilən söz həqiqətən də yadigardı və bu söz bitmiş bir fikir kimi təqdim edilirsə, deməli o, həm də yaddaşlara yazılır. Məsələn, onun söylədiyi "Vətən şəhidlərinin yeri qəlbimin başındadır" və yaxud "özüm qürbətdə olsam da, könlüm həmişə Vətəndədir" fikirləri dediyimizə bir sübutdur. Bu fikirlərin yozumunu hamımız bilirik. Amma onu bu cür bitmiş bir fikrə Oqtay Ərgünəş çeviribdi. Eləcə də onun söylədiyi "zəhmət - keçdiyin yolun məhək daşıdı". Həmçinin "milli-mənəvi dəyərlər xalqımızın əxlaqıdır, duz-çörək qədər əzizdir". Sizə təqdim etdiyi bu nümunələr "Kəlamlar"ın "Deyilən söz yadigardır" bölümündə öz əksini tapıbdı. Onun "Tikan əkən üzüm dərməz" adlı ikinci bölümündə söylədiyi "iradəmizə, ağlımıza, istək və sevgimizə asi çıxanda mənalı həyat da tükənir" aforizmi, həmçinin "Qəssab kötüyü onu öz kökündən kəsən insanlardan qisas aldığı üçün qürur duyur. Eləcə də "doğru və haqq sözünü zarafat kimi demə" kəlamları da çox ibarətamizdir. Mən bu kəlamları oxuduqca diqqətimi başqa bir kəlam da çəkdi. Bu, günümüzün reallığını ifadə edən bir kəlamdı. Yəni Oqtay Ərgünəş yazır ki, "qəribə və təzadlı bir zəmanədir". "Sadə insanları təhdid edənlər çox, qayğı göstərənlər isə azdır". Zənnimcə, atalar sözü qədər mənalı və fikir yüklü olan bu kəlama başqa heç nə əlavə etmək mümkün deyil. Kitabın üçüncü bölümü isə "Söz var ötər keçər, söz var kəsər keçər" adlanır. Bu bölümdə mənim üçün maraqlı olan kəlamların sırasında istəklər, xarakterlər, müxtəlif yaltaqlıq nüanslarını qabardan məqamları sözə çevirən kəlamlar oldu. Yəni burada söylənilən bir ifadəni hər birimiz yəqin ki, ürəyimizdən keçirmişik. Məsələn, "kişilik təkcə şalvar geyib papaq qoymaqdan ibarət deyil...". Bu fikri mən inanıram ki, ayrı-ayrılıqda hər kəs ürəyindən, ağlından keçirir. Amma Oqtay Ərgünəş onu, necə deyərlər, öz üslubunda kəlama çevirərək ortalığa çıxarıbdı. Və bu gün də oxucu onunla tanış olanda hiss edəcək ki, bu gerçəklər həyatın özünün diktəsidir. Necə deyərlər, "lazım gəlsə məhkəmələr ədalətli qərarlar çıxara bilərlər" deyimini aforizmə çevirdiyi kimi.
Mən düşünürəm ki, Oqtay Ərgünəşin digər kitabları kimi bu yeni kəlamlar toplusu da oxucular tərəfindən maraqla qarşılanacaq. Təbii ki, kimlərinsə razı qalmadığı, barışmadığı və yaxud deyilmiş fikrin təkrarı kimi qəbul edəcəyi məqamları da istisna etmirəm. Ən azından ona görə ki, biz bir xalq olaraq həmişə sözün içərisindəyik, həmişə yeni fikrin araya-ərsəyə gəlməsinə xidmət edirik. Deməli, fikrə qoşulmaları qaçılmazdır.



SON XƏBƏRLƏR
2017-03-23
2017-03-22
2017-03-21


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK