adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Yanvar 2017 14:32
30336
MƏMLƏKƏT
A- A+

“Cavanlar evlənmək istəmirlər” – REPORTAJ

Bir neçə il bundan əvvəl Bakıda toyların ardı-arası kəslimirdi. Xüsusən yay, payız fəsillərində şəhərin dörd bir yanında toy olurdu. Hər yerdə vur-çatlasın, çal-oynasın baş tuturdu. Elə bil evlənmə yarışında cütlüklər növbəyə dururdular.


Qısa toy arayışı

Toy əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.

Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının keçirilməsi də bu qəbildəndir.

Bu mövsümdə toy edənlərin sayı çox olmasa da, az da deyil. Devalivasiyadan sonra bir çox sahədə, həmçinin də şadlıq saraylarında toy qıtlığı yaranmağa başladı. 

Maraqlıdır, toy bazarında bu gün vəziyyət necədir? Əvvələ nisbətən indi toylar necədir? Toy məclisi neçəyə başa gəlir, qiymətlərdə dəyişiklik varmı?

Evlənmək istəyirəm...

Düşündüm ki, hansısa bir şadlıq sarayına gedib, özümü təqdim eləsəm, məni ordan qovarlar. Çünki, jurnalistlərə qarşı bizim millətdə birmənalı şəkildə xof var. Nəsimi küçəsinin dayanacağında skamyada oturub, fikirə getdim. Eynəyimi düzədib, ayağa qalxdım. Aha, tapdım, ideya ağlıma gəldi. Yaxınlıqdakı şadlıq sarayına üz tutdum. "Bəxt üzüyü” şadlıq sarayının qabağına yaxınlaşdım. Özümü müştəri kimi təqdim elədim. Yəni evlənmək istəyirəm, toyun indiki və əvvəlki vəziyyəti necədir, qiymətlər necədir deyə. Fikirli-fikirli qapıdan içəri keçirəm. Ağ köynəkli bir oğlan qabağımı kəsir. Yəqin ofisiantdır...

- Nə lazım idi?

- Toy eləmək istəyirəm...

- Adminstratorun otağına keçin...

İçəri keçdim. Salam verib, mətləbə keçdim.

- Toy eləmək istəyirəm.

- Hə, nə gözəl, Allah xoşbəxt eləsin.

- Qiymətlərlə maraqlanmaq istəyirəm

- Bu saat tanış olarsınız..

Həmsöhbətim Namiq bəy şadlıq sarayının adminstratorudur. Dediyinə görə, onlara müraciət edənlərin sayı çoxdur, amma yay aylarında müraciətlər bir qədər azalır. Sentyabrda isə toylar daha çox olur. Restoranda bir neçə zalın fəaliyyət göstərdiyini deyən Namiq bəyin sözlərinə görə, qiymətlər hər zala uyğun olaraq dəyişir.

- Keçən illə bu ilin fərqi necə?

- Getdikcə daha da zəifləyir toylarımız. Camaatda pul yoxdu. Eşitdiyimə görə toyları həyət evlərində, kənddə edirlər.

Zaldan çıxıb siqaret yandırıram. Sizi isə Namiq bəylə baş-başa buraxıram:

"Qiymətlərimiz adam sayına görə 60-120 manat arası dəyişir. Bundan da yüksək məbləğdə menyu var. Yüksək məbləğdə olan menyu müştərinin seçimi ilə bağlıdır. Biz çalışdığımız qədər standartlardan qaçmışıq. İndividual yeməklərə daha çox üstünlük veririk, bura qızıl balıq, medalyon və s. daxildir. Çalışdığımız qədər Avropa mətbəxinə daha çox üstünlük veririk. Çalışdığımız qədər şablon menyudan qaçırıq. Müştərilərin özü də standartlardan kənar menyu istəyir, şablon menyuları seçmir. Başqa yerlərdə bir-birinə bənzər salatlar üstünlük təşkil edir, biz isə çalışmışıq masanı bu salatlardan azad edək. Avropa mətbəxinə uyğun bir mətbəx seçmişik. Fərqliliklər tərtibatında, dadında, görünüşündədir”.


İçəri otağa keçib eynəyimi düzədirəm. Namiq bəy sözünə davam edir:
"Bizə müraciət edənlər daha çox aşağı məbləğdə olan menyuları seçir. Çünki müştərilər büdcələrinə uğun menyu seçirlər.”

Ayağa qalxıb fikirləşəcəyimi deyirəm. O, isə susur. Əl tutb xudafizləşirəm.

Küçəyə çıxıb kədərlənirəm. Bir siqaret də alışdırıram. Öz-özümə danışıram: gedib digər restoranlara baş çəkim...


Xərclər bitmir

Bir neçə restoranların menyusu ilə də maraqlanıram. Müştərinin istəyindən və menyunun növündən asılı olaraq qiymətlər 35-40-50 manat arasında dəyişir. Əvvəllər 40 manatlıq menyuda bir çox yeməklər olsa da, indi həmin qiymətə menyudakı yeməklərin bir çoxu çıxarılıb.

Toy üçün xərclər bununla bitmir. Maşın sifarişi toya hazırlığın əsas hissələrindən sayılır. Bəylə gəlini məclisə aparacaq lyuks marka maşınların bir günlük icarəsi 150 manatdan başlayır. 4 min manata da maşın karvanı sifariş etmək mümkündür. Maşın karvanının qiyməti avtomobillərin sayından asılıdır, karvanda bir maşının ortalama qiyməti 400 manatdır.

Toy xərclərinə son dövrlər biri də əlavə olunub. Söhbət bəylə gəlin üçün toydan əvvəl fotosessiya sifarişindən, "Love story” hazırlamaqdan gedir. Bir fotosessiyanın qiyməti 100 manatdan başlayır, 2000 manatda bitir. Qiymətlər fotoların sayından, çəkiliş məkanlarından asılıdır.

Cavanlar qorxur, evlənmək istəmirlər…

Üzümü tuturam "Altay” şadlıq sarayına. Günorta olduğundan içəridə süstlük, bir sükut hökm sürür. Masalarda qab-qaşıqlar gözümə sataşır. Axşama toy olacaq!

Zalda o baş-bu baş gəzirəm. İçimdə öz-özümə deyinirəm ki, hardadı bu adamlar. Elə bu an smokinli bi adam mənə tərəf yaxınlaşır. Məlum olur ki, burda inzibatçıdır. Toy eləmək fikrində olduğumu deyib, sualları üzünə çırpıram. Cavabları ürək açan olmur:

"Ötən illə müqayisəyə gəlməz. Bu insanların sosial durumu ilə əlaqədardır. Bu il bu şadlıq sarayında heç bir qiymət artımından söhbət belə gedə bilməz. Əksinə bəylə-gəlin üçün xüsusi hədiyyələrimiz var, əhalinin az təminatlı təbəqəsi üçün isə xüsusi güzəştlər edirik. Deyəsən cavanlar ailə məsuliyyətindən qorxur, evlənmək istəmirlər. Toy sifarişlərində azalma var. Amma sifarişlərimiz də var. Menyulara görə qiymət müəyyənləşdirilir. Buna uyğun endirimlər də edirik. Qiymətlər 35-60 manat arası dəyişir".


May ayında toy eləmək qadağandır

Ölkəmizdə may ayında toy mərasimlərinin keçirilməsi ilə bağlı qəribə bir ənənə mövcuddur. Artıq əksər ailələr "may ayında toy etməzlər" deyimini əsas götürərək bu ayın həqiqətən də uğursuz olduğuna və xeyir gətirməyəcəyinə inanır, mayda xeyir iş görməkdən vaz keçirlər. Bununla bağlı "Fəridə” şadlıq sarayının inzibatçısı Bəxtiyar bəy bu sualımı cavablandırır:

"Əcdadlarımız bu ayı "yaşıllıq" ayı adlandırır və onu təbiətin son oyanışı, yaşıllığın artması ilə bağlayırdılar. Amma bu ayda toylara xüsusi qadağa çox sadə izahata malik idi: mayda əsasən kənd təsərrüfatı işləri başlanırdı, kəndliləri işlərindən ayırmamaq üçün bunlar düşünülürdü. Çünki kəndlinin bütün qışı normal və ehtiyacsız yaşaması üçün onun işləməsi lazım idi.”

Ənənələrdən qaçmaq olmur. May ayında toy eləməzlər, vəssalam.


Üstümə bıçaq çıxartdı

İçəri keçib zalda ofisinatları gözdən keçirdirəm. Ağ köynəklilərdən birinə yaxınlaşıram. Tələbə olduğumu bildirirəm. Həmsöhbətim Tural da tələbəyəm deyir. Axşamları dərsdən sonra ofisiantlıq edərək, dolanır. Tural sizə toyda yaşadığı maraqlı əhvalatı danışsın, sizlər də dinləyin: "Qarabağ toyu idi. Zalda o qədər adam vardı ki, iynə atsan yerə düşməzdi. Mahnılar da fasilə vermirdi. Baş-beynim dağılırdı. Baxdığım stola yemək çatdırmaq olmurdu. Stoldan yarımçıq salatı götürdüm ki, bu an ofisiant yoldaşım kürəyimdən toxundu və salat masad əyləşən keçəl bir kişin başına töküldü. Neyləməli olduğu bilmirdim. Ayağa qalxıb masanın üstündəki bıçağı üstümə çəkdi. Qorxudan uzaqlaşdırm ordan.”

Turalla sağollaşıb zaldan çıxıram...


Son

Müşahidələrimdən bu qərara gəldim ki, ölkəmizdə toy edənlər, toylar həddindən artıq azalıb. İnsanlarımızın maddi vəziyyətinin çətin olmağı, devalivasiya toyları, şadlıq saraylarına da mənfi şəkildə öz təsirini göstərmişdir.