adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Yanvar 2017 13:04
8247
MƏMLƏKƏT
A- A+

SÜRÜCÜLƏR VƏ PİYADALAR MƏSULİYYƏTSİZLİK EDİRLƏR

Bu gün hərəkətin təhlükəsizliyi tək sürücülər deyil, həm də piyadalar tərəfindən tez-tez pozulur. Belə ki, əksər piyadalar xüsusi təyin olunmuş zolaqlı yerlərdən, yerüstü və yeraltı keçidlərdən keçmək əvəzinə hərəkətin intensiv olduğu avtomobil yolundan keçməyə çalışırlar. Daha doğrusu, onlar bu cür sıxlıqda yolu ya qaça-qaça, ya da tullana-tullana keçib gedirlər.

Təbii ki, bu cür vəziyyətlə ən çox Bakının küçə və prospektlərində rastlaşmaq mümkündür. O da təsadüfi deyil ki, yağışlı, yağmurlu havada və gecə saatlarında yollar yaxşı işıqlandırılmayanda yolu keçməyə cəhd edən piyadalar bir çox halda sükan arxasında əyləşmiş sürücülər tərəfindən vurulurlar. Belə bir şəraitdə piyadanın maşınla vurulması bir tərəfdən sürücünün məsuliyyətinə dəlalət edirsə, digər bir tərəfdən piyada diqqətsizliyiylə izah edilə bilər.

Dəfələrlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reydlərdə biz də iştirak etmişik. Xüsusən də Neftçilər, Azadlıq, Babək, Qara Qarayev, Nobel prospektlərində keçirilən reydlər zamanı piyadaların yol hərəkəti qaydalarını necə kobud surətdə pozduqlarının şahidi olmuşuq. Onun da şahidi olmuşuq ki, yerüstü və yeraltı keçidlər olduğu yerdə piyadalar bundan istifadə etmir, yanlarında uşaq qaça-qaça nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yoldan keçməyə can atırlar. Və bəzən də piyadavurma hallarıyla üzləşən sürücülər bu anı görüb əsəbləşir və qışqıra-qışqıra deyir ki, Allah evinizi tiksin, niyə keçiddən yox, maşının qabağından yolu qaçıb keçirsiniz? Sürücü çətinliklə də olsa yol hərəkəti qaydasını kobud surətdə pozan piyadaya şərait yaradır, amma özü çıxılmaz vəziyyətə düşür. Yəni arxadan gələn maşınlar fasiləsiz olaraq siqnal verir və həmin sürücüdən yol istəyir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov piyadalarla bağlı keçirilən reydlər barəsində danışarkən qeyd etdi ki, elə bir həftə olmur ki, əməkdaşlarımız küçə və prospektlərdə reydlər təşkil etməsin. Əlbəttə, bu reydlər zamanı biz çoxlu sayda piyadaların yol hərəkəti qaydalarının kobud surətdə pozduqlarının şahidi oluruq. Görürük ki, piyadalar təyin olunmuş yerdən çox nadir halda keçirlər. Qaydaları pozan piyadalar əməkdaşlarımız tərəfindən saxlanaraq 20 manat məbləğində cərimə edilirlər. Yol polisi əməkdaşları onlardan soruşanda ki, «niyə yeraltı və yerüstü keçiddən istifadə eləmirsiniz?» Görün həmin piyadalar necə cavab verirlər. Onlar əməkdaşlarımıza deyirlər ki, ya ayağımız ağrıyır keçidi qalxıb düşə bilmirik, ya da harasa tələsirik. Bütün bu bəhanələr isə birmənalı olaraq hər hansı vəziyyətdən çıxış yoluna xidmət eləyir. Piyada onu anlamaq istəmir ki, bu tələsməklər və ayağın ağrımağı onlara həyatı bahasına başa gələ bilər. Təbii ki, hər bir piyadanı əməkdaşlarımız məsuliyyətə cəlb edərkən həm də onları maarifləndirməyi yaddan çıxarmır. Yəni bir daha yol polisi onlara xatırladır ki, qaydalara əməl etməyiniz öz həyatınızı mövcud təhlükədən xilas edir.

Vaqif Əsədov bizimlə söhöətində onu da vurğuladı ki, Qara Qarayev prospektində, 8-ci kilometr bazarının yanındakı keçidin yaxınlığında, eləcə də «Neftçilər» metrostansiyasının yaxınlığındakı keçid tərəfdə xidmət aparan əməkdaşlarımız çoxlu sayda piyadaların yol hərəkəti qaydalarını pozmalarını qeydə alıblar. Təəssüflə deməliyik ki, onlar avtomobillərin sıx olduğu bu yoldan keçərkən keçiddən istifadə eləmir, qaça-qaça yolu keçməyə çalışırlar. Bir neçə dəfə piyadaların səhlankarlığı üzündən həmin yerlərdə nəqliyyat vasitələri onları vurub. Ümumiyyətlə, bu cür hadisələrdən piyadalar nəticə çıxarmalı və öz həyatlarını təhlükə qarşısında qoymalı deyillər.

Aldığımız məlumata görə, son 6 ayda 30 mindən çox piyada yol hərərəkəti qaydasını pozduğuna görə cərimə edilib. Bu günlərdə isə mətbuatda belə bir maraqlı xəbər oxuduq ki, Milli Məclisdə piyadalarla bağlı daha sərt qanun layihəsi müzakirə ediləcək. Yəni bu qanun layihəsinə əsasən yolun kənarındakı dəmir mühəccəri aşıb hərəkətin intensiv olduğu yolu keçən və qəza şəraiti yaradan piyadalar hətta 15 sutka azadlıqdan məhrum ediləcəkdir. Göründüyü kimi, gələcəkdə piyadaların məsuliyyəti ilə bağlı qanunda daha ciddi dəyişikliklər edilməsi nəzərdə tutulur. Ona görə də hər bir piyada yolu keçərkən diqqətli olmalı, nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi yolun ortasıyla digər tərəfə keçməməlidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alayının 8-ci tağımının komandiri, polis baş leytenantı Nurlan Əliyev bildirir ki, xidmət apardığımız vaxt qaydaları kobud surətdə pozan sürücülərlə yanaşı, piyadaların da qanuna əməl etməməyini qeydə alırıq. Onları saxlayarkən bir daha xatırladırıq ki, aeroport yolunda, eləcə də Heydər Əliyev prospektində yolu təyin olunmuş yerdən keçmək lazımdır. Bu məqsədlə yerüstü və yeraltı keçidlər fəaliyyət göstərir. Adını çəkdiyimiz prospektlərdə hərəkət sürəti yüksək olduğuna görə, bu yoldan keçmək hər bir piyada üçün ölüm təhlükəsi yaradır. Sadəcə olaraq piyadalar çox diqqətli olmalı, yol hərəkəti qaydalarına əməl etməlidilər. Xüsusən də yağışlı-yağmırlı havada və gecə saatlarında daha diqqətli olmaq tövsiyə olunur. Əgər piyada diqqətli olarsa, onun vurulması halları da minimuma enər.

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün maksimum səviyyədə qabaqşlayıcı tədbirlər gerçəkləşdirir. Amma təəssüflə qeyd etməliyik ki, bir çox piyadalar aparılan maarifləndirmə və təbliğat işlərindən ciddi nəticə çıxarmır və yol hərəkəti qaydasını kobud surətdə pozmaqda davam edirlər. Yol hərəkti qaydasının pozulması isə gec-tez həmin piyadanın öz başında çatlayır.

Faiq QİSMƏTOĞLU