adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Yanvar 2017 21:30
9784
SİYASƏT
A- A+

XİN rəhbəri Azərbaycanın yeni səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Gürcüstanda yeni təyin olunmuş səfiri Dursun Həsənov yanvarın 16-da bu ölkənin xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.

Adalet.az xəbər verir ki, səfir Dursun Həsənov etimadnaməsinin surətini nazir Mixeil Canelidzeyə təqdim edib, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini və ona göstərilən etimadı doğruldacağını söyləyib.

M.Canelidze D.Həsənovu Gürcüstanda səfir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir ikitərəfli əlaqələrin inkişafında yeni nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.

Görüşdə ölkələrimiz və xalqlarımız arasında mövcud olan, tarixi köklərə söykənən dostluq əlaqələrinin daha dinamik şəkildə inkişafı, nəzərdə tutulan enerji, nəqliyyat, turizm layihələrinin reallaşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Söhbət zamanı regional layihələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb, Gürcüstan-Türkiyə-Azərbaycan formatında siyasi, iqtisadi, humanitar əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Dursun Həsənov ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində mütəmadi olaraq bu cür görüşlərin keçiriləcəyinə ümidvar olduğunu söyləyib.