İTİRİLƏN GÜVƏN

FƏRİDƏ RƏHİMLİ
117873 | 2017-01-16 13:53

Heç düşünmüsünüz, nədən kimsə kimsəyə güvənmir bu həyatda? Çünki hər həsin keçmişində, onu çox güvəndiyinə peşman etmiş biri var. İnsanı nə çiynində, nə də belində daşıdıqları yorar, insanı əsl yoran şey ürəyində daşıdıqlarından görmədiyi güvəndir, vəfadır, sədaqətdir.

Güvən özülsüz binaya bənzər. Ən kiçik bir sarsıntıda yerlə bir ola bilər. Yıxılmadığı müddətdə isə bəzilərinə ən möhkəm sığınacaq, bəzilərinə yıxılması lazım olan təhlükəli bir düşmən olaraq görünər. Güvən nə məsafələrə, nə illərə baxar. Nə bir neçə cümləyə, nə illərin dostluğuna sığar. Bir anda meydana gələ bildiyi kimi, illər keçsə belə, şübhə ilə dolu ola bilər, yox ola bilər. Çox vaxt etibarı məntiq idarə edir kimi görünsə də, əsl idarə edən ürəkdir. Bunun başqa bir izahı yoxdur, çünki ilk tanış olduğumuz bir insana belə, çox tez güvənə bilirik. Baxışlar bəzən sözlərdən daha etibarlı gəlir. Baxışlara isə hər vaxt duyğular hökm edir.

Bir insanın etibarını itirmək qədər böyük bir itki yoxdur. İtirilən güvən olunca şübhə deyilən zəli qanımızı yavaş-yavaş əmməyə başlar... İnsan asan güvənə bilmir hər tanışına. Əslində hey narahat olur. Çox nadir insanlar var dost dediyi insanlara tamamilə güvənə bilən. Qazanmaq nə qədər çətin olursa güvəni, etibarı, itirmək o qədər də asandır. Çünki, güvən bir dəfə istifadəlik nemətdir. Aradan getdisə, ikinci kərəyə güman qalmır.

Bir insana "sənə güvənirəm” demək, onda həqiqətən də bu güvənin yaranmasına kömək edə bilər, ancaq o insanın vicdanı safdırsa. Siz yalnız güvəndiyinizi söyləyin, sonrasını qarşınızdakının vicdanına buraxın. Çünki insan, güvən mövzusunda ona inananların nə qədər çox olduğunu hiss etsə, o qədər böyük bir əzm və məsuliyyətlə həyatına və işinə davam edər. Hər insanın belə bir şansa ehtiyacı və haqqı var.

Itirilənin dəyəri...

Təbii ki, ətrafınızdakı insanların hamısına güvənə bilməzsiniz, amma nə olursa olsun güvənmədiklərinizlə aranızda incə bir xətt saxlamağı unutmayın! Bu, o demək deyil ki güvənmədiyiniz insanlardan sizə davamlı bir zərər gəlir. Xeyr, sizə zərər verən, o adamdan davamlı olaraq duyduğunuz güvənsizliyin, eşitdiyiniz şübhənin sizdə yaratdığı stressdən söhbət gedir. İnsan güvənmədən birinə ürək qızdıra bilmir, sərbəst fikir bölüşə bilmir, ürəyini aça bilmir. Bu üzdən ən pisi güvəndiyiniz bir insanın hər hansı bir səbəb üzündən sizdə yaratdığı etibarı itirməsidir. Güvən, etibar itdisə, arxasınca, bağışlanması çox çətin olan xəyanət gəlir. Güvəndiyimiz birini itiririksə, onunla bərabər nələri itiririk bir düşünün. Çünki güvən sevgi yaradır, dostluq yaradır, inam yaradır və güvən məhv oldusa, o dostluq, sevgi də onunla bərabər yox olur. Bir dost itirmənin acısı isə anlayanlar üçün çox ağırdır...

Sizcə güvən nədir? Niyə itirilənin dəyərini itirdikdən sonra bilirik? Yaşamaq nə qədər gözəl olsa da, sevdiyimiz, güvəndiyimiz insanın yanında olarkən daha çox xoşbəxt hiss edirik özümüzü və həyatın yaşamağa dəydiyini sanırıq. Amma nədənsə bəzən uzatmağa çalışdığımız o xoş anların da müddəti sanki qısalır. Xəyalımıza gətirək, son dəfə nə vaxt sevinmişik, nə zaman həyatın dadını çıxardıq? O anları siz nə zaman yaşayırsınız? Yaxınlarınızın şad xəbərini eşidib onların sevincini görəndə, yaxınlarınızla birlikdə olanda, sevginizə qarşılıq alanda, sizə dəyər veriləndə... Bu yazdıqlarım yalnız bir qadını deyil, uşaqdan tutmuş yaşlı insanlaradək hər kəsi xoşbəxt etməyə yetərli səbəblərdir. Bundan da belə nəticəyə gəlmək olar ki, bir insanın həyatından məmnun qalması onun ailəsindən, ətrafından çox asılıdır. Eyni zamanda özünə inamlı, güvənli olmasından. Həqiqətən də özünə inamı insanda daha çox ailə və ya ətraf mühit yaradır və ya gücləndirir. Ya da əksinə. Ailə və ya ətraf mühit özünə inamı deyil, inamsızlığı da formalaşdıra bilər.

Özünə inam arzuya çatmaqda ilk və böyük addımdır. İnsanın özünə verdiyi qiymət bu inama bağlıdır. Amma diqqətli olaq ki, özümüzə verdiyimiz qiymət nə qədərindən çox, nə də aşağı olmasın. Çox olarsa bu bizdə eqoizm, az olarsa kompleks yaradar. Əksəriyyət insanın qarşılaşdığı ən böyük problemlərdən biri də özgüvən əksikliyidir.

Sevgi ilə güvən duyğusunu bir araya gətirsək, güvən mənə görə daha ağır gələr. Gərək, bir insana güvənəsən ki, sevəsən də. Aradakı güvən qırılanda sevgi də bitir yavaş-yavaş.

Özünə güvən sözüylə paralel, bir də nəfsinə güvən demək lazımdır. Nəfs də şeytandan birbaşa olaraq damarımıza işləyən istəkdir.

İnsanların özləri və həyatda qarşılaşdıqları hadisələrə müsbət və real baxması üçün güvən böyük şərtdir. Bir insanın özünə güvənməsi, özü haqqında pozitiv və real inanca sahib olmasıdır.

Siz, özünüzü sevəcək və nazıyla oynayacaq qədər qiymətlisiniz. İlk olaraq buna inanın. İkincisi, sağlamlığınıza diqqət edin, sağlam bəslənin, kifayət qədər yatın, nizamlı olaraq məşq edin və istirahət üçün zaman ayırın. Ehtiyaclarınızı sağlam şəkildə tələbata uyğun qarşılayın. Burada məqsəd hədəfinizə kimsəyə zərər vermədən və ən yaxşı şəkildə çatmanız, bu müddətdə digər insanlara da faydalı olmağınızdır. İlk olaraq nəyə ehtiyacınız olduğunu təyin edin, sonra da bu ehtiyacınızı qarşılamaq üçün mövcud olan variantları baxın. Hər ehtiyacınız olanı əldə edə bilməsək belə, özünüzə hörməti artıracaq şəkildə hərəkət etmiş olacaqsınız. Kimsənin haqqına, şərəfinə, xoşbəxtliyinə xələl gətirmədən.

İnsanı ayaqda saxlayan onun skleti və əzələ sistemi deyil, onun güvəni, inamı, imanı və prinsipləridir...

Amma, nədən kimsə kimsəyə güvənmir bu həyatda? Çünki, söylədiyim kimi, hər həsin keçmişində onu çox güvəndiyinə peşman etmiş biri var. Heç kim nəsihətlə anlamır bunu, başına gəlincə anlayır. Necə deyərlər, "yüz nəsihətdənsə, bir müsibət” daha yaxşı başa salır insanı. Bəxtiyar Vahabzadənin bu misralarındakı kimi:

Mənə "cız” dedilər,

Ancaq qorxmadım,

Əlimi yandırıb, tanıdım onu...

O, "cız”ları eşidib, sözə baxıb, əməl eləsək, ağzımız, əlimiz yanmaz. Amma o zaman da həyatda olanları gerçəkliyi ilə anlaya bilməyəcəyik. Bəzən içimizdəki sevgi güvənməyə təhrik edir, bəzən də güvən sevməyə. Amma hər iki halda güvən itərsə, hər şey bitər. Nəfs şeytandır və güvənin düşmənidir. Həzrət Əli (ə) deyir ki, əvvəl öz nəfsinlə mübarizə apar, sonra başqalarına nəsihət et.

Bir-birimizin ümidini, güvənini qırmayaq, sevgiləri məhv etməyək, çünki bunlarsız yaşamaq çox çətindir...


TƏQVİM / ARXİV