adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Yanvar 2017 16:00
9046
ƏDƏBİYYAT
A- A+

Yazıçı olmaq istəyənlər üçün...

Amerikalı roman yazarı və dramaturq Cesse Oren Kellerman 1978-ci ildə anadan olub. Dünya ədəbiyyatında "Günvurma”, "Əzab”, "Dahi”, "Səni səsləyirəm” "İcraçı” romanlarının müəllifi kimi tanınır. 

Adalet.az müəllifin yeni yazarlar və yazıçı olmaq istəyənlər üçün paylaşdığı məsləhətləri təqdim edir:

İnsanlar tez-tez nəşr olunacaq əsərlər yazacaq müəllif olmaq üçün məsləhətlər istəyirlər. Bu suala həqiqətən də yaxşı cavab, xüsusilə də bir məsləhət çərçivəsində cavab tapmaq mümkün deyil, yoxdur. Professional yazıçı olmaq insandan qabiliyyət, bəxt, zəhmətin kombinasiyasını tələb edir, bununla yanaşı hər yazıçının özünün yazı mexanizmi, iş sistemi var.

Amma yazıçı olmaq üçün çalışdığım bu illər ərzində bir-iki şey öyrənmişəm, onu da paylaşmaq istəyirəm.


Mütəşəkkil olun – Çərçivələrin ən böyük qoruyucusuyam, uğursuzluqdan keçən ən ağır yolu qət etmişəm, amma oynayan, onurğa sütunu oturmayan kitabın da arzuolunmaz nəticələrindən belə yararlanmağa çalışmışam. Hekayənin ortası ən çox əziyyət verən, əziyyət çəkən hissədir. Ən azı mənə belə gəlir, çünki nəsə başlayanda beynimdə əla girişlər və möhtəşəm sonluqlar olur, amma onları bağlamaq üçün lazım olanları tapmaqda çətinlik çəkirəm. Bəzən müəllifə belə aydın olmayan bu hissəni sırf naməlumluq həyəcanı yazdırır, yazıya girirəm və bir də ayılıram ki, artıq o həlledici səhnəni yazmışam. Kəşf etdiyim digər həlledici məqam isə çox işləməklə bağlı idi. Nə qədər çox işləyir, yazırsınızsa, bir müddət sonra hansısa səhnəni təsvir edərkən daha az çətinlik çəkirsiniz, bu sizi sətirlər arasında əziyyətə düçar olmaqdan xilas edir.

Odur ki, çərçivələrlə bağlı olduqca diqqətliyəm, detallarla çox məşğul oluram. Yazdığım nə olursa, olsun, sujetin ana xətlərindən ibarət qeydlər 60-90 səhifə arası olur. Bunu proto-kitab da adlandıra bilərsiniz. Təsəvvür edin ki, bəzən beynimdəki səhnə və ya dialoq məni o qədər həyəcanlandırır ki, bu dialoqu belə protoya əlavə edirəm. Bu 60-90 səhifəlik ilkin versiya məni enerjim, yanacağım tükənəndə pis vəziyyətə düşməkdən sığortalayır, necə ifadə edəcəyimi bilməsəm də, ən azından növbədə nə baş verəcəyini bilirəm. Bunu bilmək yazıçı üçün inanılmaz geniş komfort zonası yaradır.

Əlbəttə ki, bütöv forma yazılanda dəyişikliklər, əlavələr etmək mütləqdir. Heç kim yazacağım əsərin əsas konturlarını müəyyənləşdirməyə sərf elədiyim 4-6 həftənin uzun iş ilimin ən məhsuldar dövrləri olduğunu iddia edə bilməz. Adətən yekun versiyanı qələmə almağa başlayanda əsərin ortalarında yenidən strukturlaşdırmaya və ya əlimdəki proto variantı nə qədər dəyişməyə ehtiyac olduğuna baxıram, çünki çox vaxt hiss edirsən ki, hansısa yeni ideyanı, əvvəldən planlaşdırılmamış yollarla əsərdə kök salmış xarakterləri yenidən işləmək lazım olur.


Yenidən yazmaq – Mənə elə gəlir ki, ilk əlyazma yazarın demək və ya yazmaq istədiklərinin böyük əksəriyyətini deyə bilmir. Bəzən bunun üçün hər şeyi dəfələrlə yenidən yazmaq lazım olur. Bəzən hətta 30 dəfə. Yazdıqlarımı yenidən yazmaq, ya da üzərində yenidən işləməklə keçirdiyim günlərin hamısı tamamlanmış, cilalanmış məhsula xidmət edir. Artıq müəyyən mərhələdən sonra ortaya daha asan satıla biləcək və naşirin yox deyə bilməyəcəyi versiya çıxır. Ümumiyyətlə, adətən yeni yazarlar yazdıqları kitabın artıq inkişaf etdiriləcək bir tərəfi qalmadığından əmin olduqları vaxta kimi yenidən yazmalarını tövsiyə edirəm.


Nədənsə şübhələnirsinizsə, narahatsınızsa, işi dayandırın. Təbiətən bütün yazıçılar demək istədikləri sözlərin səsidir, professional səs olmağın ən çətin tərəfi isə insanların adətən maraqsız və əhəmiyyətsiz hesab etdiklərinin inanılmaz komik, qəribə, əcaib tərəflərini tapmaqdır. Bu təxminən olduqca yararlı, amma udmaq çox çətin olan dərman qəbul etmək kimidir. Yazdıqlarımızın çoxu əksərən pis alınır. Heminqueyin bu vəziyyəti təsvir edən çox sərrast fikri var "hər 91 səhifədən bir nəsə şah əsər hissəsi kimi görünən bir səhifə yazı yaza bilirəm”. Öz yazdığını obyektiv dəyərləndirə bilməyin açarı isə əsərinizi başqasının əsərini oxuyarkən işə saldığınız "tənqid gözü” ilə oxumaqdır. Istər özünüzün, istər başqa müəllifin əsəri olsun, mətni analiz edərək oxumağa çalışın, üstəlik bunu zövq aldığınız işə çevirin, nəyin gedişə mane olduğunu, nəyin onu irəliyə apardığını təyin etməyə çalışın. Hələ kollecdə oxuduğum illərdə dostlarımın sərbəst iş vərəqlərini oxuyurdum, çünki bu fəaliyyət beynimi "yenidən” mexanizminə öyrəşdirirdi, təbii ki, getdikcə öz yazdıqlarıma da eyni cür yanaşma vərdişimi, obyektivliyi də təmin etdi. Sizi yazdıqlarınızdan uzaqlaşdıracaq, nə yazdığınızı unutduracaq nə lazımdırsa, edin. Bir ay ona baxmayın, əlyazmanızı ədəbi zövqünə və etibarlılığından əmin olduğunuz dostunuza, doğmanıza əmanət edin. Bu müddət ərzində başqa kitablar oxuyun, əvvəllər yazdıqlarınıza yenidən göz atın, yanlız yazıldığını, düzəlişə ehtiyacı olduğunu düşündüyünüz şeylərin qeydini götürün. Yanlışları bir daha düzəlişə ehtiyac olmayacağı şəkildə necə düzəldə biləcəyinizi düşünün. Bütün bunlardan sonra cari əsərin əlyazmasına baxın, eyni problem, yanlışların burada da olub-olmadığını müəyyənləşdirməyə çalışın.

Özünüzə güvənin – bunun üçün siz əvvəlcə başqa məziyyəti də mənimsəməlisiniz - insanlara fikir verməməyi, hər deyiləni ciddi əbul etməməyi öyrənməlisiniz. Burada bir haşiyəyə çıxaraq, başqa qeyd etməyi unutduğum vacib detalı vurğulamaq istəyirəm – bu məsləhətlər yaxşı yazıçı olmaq və yaxşı yaza bilmək üçündür, əsla "daha çox satılan kitabın formulu” deyil, yəni bu məqsədlərdən kommersiya məqsədilə yararlanmağa çalışsanız, oyunu başından uduzacaqsınız. Yazdıqlarınıza görə sizə ödəniş edilməsi isə tamamilə başqa mövzudur. Hardasa 20 il yazdıqlarımın əvəzində heç nə qazanmadan keçirdim. Amma buna görə özümü kimdənsə aşağı və ya yuxarı hesab etmirəm, çünki indi kifayət qədər yaxşı qazanıram. Zəhmət və işimə sevginin əvəzidir bu. Yazdıqlarınıza görə nəsə qazanmaq əlbəttə ki, əla hissdir, amma çox qazanmaq sizi yaxşı yazıçı etmir. Üstəlik əbəs yerə demirlər ki, sevdiyiniz işlə məşğul olun. Bazarın qanunları və şərtləri dəyişkəndir, itirmək və ya qazanmaq ehtimallara bağlıdır. Amma məhz sevdiyiniz və ən yaxşısını etmək istədiyiniz üçün məşğul olduğunuz işdə itirəcək heç nəyiniz olmayacaq. Bunun üçün öhdənizə düşən uğurlu kitabın strukturunu və güclü tərəflərini birləşdirməyi bacarmaqdır. Düzdür, hazırda kitab bazarında kommersiya məqsədi ilə nəşr olunmuş və hesablanan məbləğdən qat-qat çox gəlir qazandıran nümunələr çoxdur. Amma onlara kitab demək olmaz, ən yaxşı halda cansız mətndirlər. Bildiyiniz və sevdiyiniz şeylər haqqında yazın. Bunu həlledici prinsip kimi yox, sadə yazar məsləhəti kimi qəbul edin. Məsələn, bir oxucu kimi əsərdəkilərin müəllifin içini göstərmədiyini hiss edəndə onu yarım saxlayıram. Əsla unutmayın ki, hamının, sizin də, dünyadakı ən bəsit həyat tərzi sürən insanın belə başqa heç kim tərəfindən danışılmayacaq, başqa heç kimin yaşamadığı hekayəsi var. Əgər sizdə ədəbi istedad və şans varsa, üstəlik gərgin əməklə hekayəniz üzərində işləyirsinizsə, öz hekayənizi danışmağın ən doğru yolunu tapacaqsınız. Başqa sözlə desək, özünüzü öz hekayənizlə parıldadın. İddia etmirəm ki, bu həyatınızda hər şeyi dəyişəcək, sizə zirvəni fəth etdirəcək, amma səsinizi eşitdirəcəksiniz, həqiqətin, qabiliyyətin səsini.


Əsla əl çəkməyin, imtina etməyin, yolunuzdan dönməyin. Bu, ilk baxışdan sizə çox bəsit görünə, səslənə bilər. Amma təsəvvür edin ki, yazdıqlarınızın çapından minlərlə səbəb göstərərək imtina edəcək naşirlər, ədəbi redaktorlar, agentlər o qədərdir ki. Unutmayın ki, məhz eyni səbəblərə görə başqa birisi yazdıqlarınızı bəyənə, sevə və qəbul edə bilər. Nə olursa, olsun əsla həvəsdən düşüb, yarı yoldan dönməyin. Sizin tərzinizə, üslubunuza yaxın əsərlərlə maraqlanan, sizə yaxın yazarlarla işləyən naşirləri, redaktorları axtarın. Ən azından sektora girməyin bir üsulunu tapın.


Bu bənddə verəcəyim məsləhətə başlıq qoya bilmirəm. Bu yaxınlarda gənc xanım email ünvanlayıb "xammal”-ı necə təyin etdiyimi, yazmaq üçün "baza” olduğunu necə anladığımı soruşub. Əsas xammal əlinizdəki sujet üzərində suallar qoyub, onları cavabladıqdan sonra alınır.


Bu işə başlayan kiməsə hər şeyin olduqca sadə və asan başa gələn olduğu deyilmir. İnsanı yazmağa vadar edən səbəb öz içində gizlidir. Öz yazdıqlarınızın köməyi ilə professionallaşacaqsınız, öyrənəcəksiniz, mükəmməlləşəcəksiniz. Bunun üçün çox yazmalı, mütəmadi oxumalı, özünüzü tənqid etməyi bacarmalı və bunu vərdiş halına çevirməlisiniz. Olduqca istedadlı yazarlar belə illərlə coşğun ədəbi enerjini hara sərf etməli olduqlarını müəyyənləşdirə bilməyiblər. Bu işə girişən hamının yaza bilməməklə bağlı müəyyən qorxuları olur, əgər başlanğıcda sizdə bu varsa, bundan narahat olmayın. Uğursuzluqdan, səfeh vəziyyətinə düşməkdən çəkinməyin. Əsas sizin yazmağı sevməyinizdir, o sizi xoşbəxt edə bilirsə, deməli aid olduğunuz yerdəsiniz. Qələmi əlinizə alın və başlayın.

Mən belə bu qədər ildən sonra hər dəfə həyəcanlanıram, amma əsla şübhəyə imkan vermirəm. Hər yeni əsərə başlayanda vaxtımın çoxu narahatlığa sərf olunur. Ya sakitləşib davam etməlisiniz, ya da yolu bitirməlisiniz. Hər şey son qoymağa qərar verdiyim anlar o qədər çox, çox, çox olub ki. Məni mənəvi cəhətdən sakitləşdirdiyi üçün xanımıma çox şey borcluyam. Yazıçılıq o qədər çətin, əsəb korlayan, öhdəsindən gəlinməsi ağır prosesdir ki, bunun altından qalxmaq üçün sevdiyiniz və güvəndiyiniz insanların əhatəsində olmalısınız.