adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Yanvar 2017 12:21
181584
RUBRİKA
A- A+

"Yuxular keçmiş həyatlarımızdan fraqmentlərdi" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapsı” rubrikasının bu dəfəki qonağı rəssam Gülər Fahaddır. Adalet.az müsahibəni təqdim edir:


- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

- Fikrimcə, yuxular insanın həyat tərzi, psixoloji vəziyyətilə bağlıdı. Yuxular həm arzularımızı, həm də narahatlıqlarımızı əks etdirə bilir. Mənasız bir şey deyil deyə mən də düşünürəm. Yuxular həm də deyəsən təsəlli üçün var.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Planlarımı qurmuram, yuxulara görə plan qurmaq mənə gülməli gəlir. Amma elə yuxum olub ki, həyatımda köklü dəyişiklik edib. Elə bil, bir növ yuxuda cəsarət tapırsan ya da qətiyyətli olursan. O da bir dəfə olub. Xoşbəxtlikdən peşman olmamışam.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Maraqlı bir əhvalat kimi, film kimi danışa bilərəm. Yuxular mənim üçün fantastik əsərlərdi. Yozumu maraqlı deyil deyə bilmərəm, maraqlıdı. Yozuram, ya kimsə yozur. Yozumlar olmasa yuxuların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını da bilmərik. Bir də görürsən hansısa yuxu gerçək, gələcək həyatın eskizi çıxır.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Pərdənin arxasını görmədiyimçün mənə mistik gələ bilər. Əslindəsə hər şeyin məntiqi açıqlaması var. Nəyi, niyə, necə gördüyümüzün də.Ya bəlkə yuxular bir növ rabitədi, bir mesajdı, keçmiş həyatlarımızdan olan fraqmentlərdi. Bəlkə sadəcə beynimizin bizə oyunu. Bilmirəm.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Çin də olur, əksinə də.


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Yadda qalan ya heç yaddan çıxmayan yuxu deyim. Mənim indi xatırladığım 2 yuxu var ki, təkrarlanan yuxulardı. Detallarda fərqlilik ola bilər, amma məzmun eynidi. İldə bir dəfə ya iki ildən bir eyni yuxunu görürəm. Hər dəfə taxtadan ev görürəm . Ya bir mərtəbəli ya iki. Yuxuda övladım olur, əlimdən alırlar. O evin qabağında ağlayıram. Yadımdadı, hələ məktəbdə oxuyandan bu yuxunu görməyə başlamışdım. Hər dəfə də təsirindən bir müddət sonra çıxıram. O biri yuxuda da ancaq qaçıram, kimsə məni təqib edir. Hər dəfə də başqa bir adam xilas edir. Ya qatarın altına yıxılmaqdan, ya da maşın yolundan. Ən gözəl yuxumu indi xatırlamasam da, gözəl yuxularım da çox olur. Elə özümə də maraqlıdı, uzanıb baxıram.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

 - Mən rəngli yuxu görənlərdənəm. Qoxunu, dadı belə xatırlaya bilirəm.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

 - Anamı. Adətən , mən onu yuxumda görəndə, o da məni görür.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- İnsanlar şablon həyat fəaliyyəti sürdükləri üçün bir növ yuxuya getmiş sayılırlar. Çünki bütün həyat fəaliyyətləri şərti reflektorlara çevrilir. Şüura ehtiyac qalmır. Reflekslər şüura nisbətən nadir hallarda yanılırlar.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Hansı həqiqətə? Nəyin həqiqətinə? Yuxular bizi azdıra da bilər.