Fransalı deputat: İslam sülh və İlham Əliyevin dediyi kimi, həmrəylik dinidir
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə
"İslam həmrəyliyi ili” elan etməsi bizi çox sevindirir. İslam Fransada
çox vacib məsələlərdən biridir. Ölkəmizdə İslam dininə mənsub olan
milyonlarla həmvətənlimiz var. Müxtəlif dinlərin birgə sülh şəraitində
yanaşı yaşaması baxımından Azərbaycan dünyaya örnək bir ölkədir. Dünyəvi
ölkə olan Azərbaycanda hər kəs aid olduğu dinin inanclarını azad
şəkildə icra etmək hüququna malikdir.
Adalet.az xəbər verir ki, bu sözləri
Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları
Assosiasiyasının sədri Jan-Fransua Mansel AzərTAc-a müsahibəsində
bildirib.
Fransalı deputat qeyd edib ki, Fransa bu
sahədə Azərbaycanın təcrübəsindən yararlanmalıdır. Ancaq etiraf etmək
lazımdır ki, Fransada baş vermiş terror aktlarından sonra bu, heç də
asan deyil. Çünki bəzi insanlar tələsik nəticələr çıxarır, terrorizmlə
İslamı əlaqələndirir, səhvə yol verirlər. Halbuki, terrorizmin İslamla
heç bir əlaqəsi yoxdur. Eləcə də bir çox həmvətənlimiz çox emosional və
tələsik nəticə çıxararaq buna inanır. Biz Azərbaycanın təcrübəsindən
çıxış edərək onlara yenidən öyrətməliyik ki, İslam dini sülh və
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmrəylik dinidir.
Azərbaycandakı kimi İslam digər dinlərlə birgə bərabər yaşayır və yaşamalıdır.
J.F.Mansel
ölkəmizdə dinindən, irqindən asılı olmayaraq insanlar arasında hökm
sürən qarşılıqlı hörmətin şahidi olduğunu xatırladıb. Əhalisinin
əksəriyyəti müsəlman olan bu ölkədə digər dinlərin nümayəndələri eyni
hüquqa malikdirlər və birlikdə mehriban, tam dünyəvilik şəraitində
yaşayırlar. Məhz buna görə Azərbaycanın dünyəvilik modeli digər ölkələrə
ən yaxşı örnəkdir və onun təcrübəsini digər ölkələrdə də tətbiq etmək
lazımdır. Mənim ölkəm də bu sahədə Azərbaycanın təcrübəsindən
yararlanmalıdır.
İki ölkə arasındakı münasibətlərə
toxunan Jan–Fransua Mansel may ayında Fransada prezident, sonra isə
parlament seçkilərinin keçiriləcəyini qeyd edib. Azərbaycanın Dostları
Assosiasiyası 2017-ci ilin iyul ayından hakimiyyətə gələcək bütün
dostları ilə ölkələrimiz arasındakı mövcud münasibətləri daha da
möhkəmləndirməyə və inkişaf etdirməyə çalışacaq. Qarşıdan gələn
prezident və parlament seçkiləri müddətində Assosiasiya öz dostlarını
Azərbaycanın xeyrinə səfərbər etməyə çalışacaq. Azərbaycanla maraqlanan
insanlarla münasibətlər daha da genişləndiriləcək.
Yanvar
ayının sonunda Fransa Milli Assambleyasında merlərin, deputatların,
senatorların və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə "Dövlət
xidmətinə asan yol” adlı kollokvium təşkil ediləcəyini bildirən
Jan-Fransua Mansel bununla Azərbaycanda Prezident İlham Əliyevin fərmanı
ilə vətəndaşlarla administrasiya arasındakı münasibətləri
sadələşdirməyə, onların bir-birinə yaxınlaşmasına necə nail olunduğunu
təqdim etmək istədiyini diqqətə çatdırıb. Bildirib ki, kollokviumun əsas
iştirakçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam
Kərimov olacaq.
Jan-Fransua Mansel müsahibəsində
ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə də toxunub. Qeyd edib ki, Fransadakı Azərbaycanın dostları
Azərbaycan xalqı ilə həmişə həmrəydir. O deyib: "Biz daim Azərbaycan
xalqı ilə birgə, həmrəy oldugumuzu bildiririk. Münaqişənin qurbanlarının
ailələrinə səbir diləyir və onlarla həmrəy olduğumuzu bəyan edirik”.
O,
Fransada Azərbaycanın dostlarının ölkəmizin torpaqlarının 20 faizinin
Ermənistan tərəfindən işğal olunması ilə bağlı həqiqətlərin yerli
ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdirdiyini
bildirib. Diqqətə çatdırıb ki, bu münaqişənin ən qanlı səhifəsi olan
Xocalı hadisəsini, eləcə də yüz minlərlə insanın doğma yurdundan
didərgin düşərək qaçqın və məcburi köçkün şəraitində yaşadığını
fransızlara çatdırmaq üçün il ərzində həyata keçiriləcək tədbirlər
planlaşdırılıb.
Bildirilib ki, Fransadakı
seçkilərdən sonra Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və onun
ətrafındakı 7 rayonla bağlı məsələ yenidən gündəmə gətiriləcək. Çünki
Dağlıq Qarabağ münaqişəsi dondurulmuş vəziyyətdə davam edə bilməz. Öz
doğma yurdlarından, evlərindən didərgin düşmüş azərbaycanlı qaçqın və
məcburi köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar.