Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi keçiriləcək
Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi keçiriləcək.
Adalet.az-ın məlumatına görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi geniş qeyd olunacaq. Sərəncama "Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” da təsdiq edilib.
Qeyd edək ki, 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin
yaranmasının 50 illiyi tamam olur. Naxçıvan Dövlət Universiteti 1967-ci
ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi
fəaliyyətə başlayıb. 1972-ci ildə həmin filialın əsasında Naxçıvan
Dövlət Pedaqoji İnstitutu yaradılıb, 1990-cı ildə isə onun bazasında
Naxçıvan Dövlət Universiteti təşkil olunub. 50 ildə böyük inkişaf yolu
keçən universitetin maddi-texniki və tədris bazası yaxşılaşdırılıb, 108
hektar sahədə 16 tədris korpusu, Elektron kitabxana, Konservatoriya,
Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq
Təbabəti Klinikası və Tələbə evi yaradılıb. Bununla yanaşı,
universitetdə media mərkəzi də fəaliyyət göstərir. Naxçıvan Dövlət
Universitetində 1967-1968-ci tədris ilində 3 ixtisas üzrə kadr hazırlığı
aparılıbsa, hazırda 57 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr,
31 ixtisas üzrə doktorant hazırlığı aparılır. Fəaliyyət göstərdiyi
dövrdə universitetin 30 minə yaxın məzunu olub.