adalet.az header logo
  • Bakı 7°C
09 Yanvar 2017 12:54
9726
SİYASƏT
A- A+

Dilarə Cəbrayılova: “Uşaqların silaha çevrilməsi yolverilməzdir”

Sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq ciddi müzakirə olunmaqdadır. 

Bununla bağlı Adalet.az saytına açıqlama verən Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova deyib ki, məhkəmə prosesində belə bir hadisələrin yaşanması uşaqlar üçün ciddi sarsıntıdır. Onun sözlərinə görə, baş verən hadisəyə hüquqi qiymət verilməlidir: "10 yaşlı Nurayın fəryad dolu ağlamağına dözə bilməyib bu hadisəyə öz münasibətini bildirməmək mümkün deyil. Məhkəmə prosesi böyüklər üçün belə çox ağır, çətin bir proses olduğunu hamımız bilirik. Təsəvvür edin ki, bir neçə rütbəli şəxsin səni ata deyilən adama güclə verilə bilmə ehtimalı, qorxusu 10 yaşlı uşaq üçün necə psixoloji basqı, sarsıntı və travmadır. Qışqırıq və söyüşlərin içində dünyanı hələ təzəliklə dərk etməyə çalışan bir uşaq üçün bu hadisə çox ağır bir işgəncə, yolverilməz davranışdır. İnanın ki, bir ana, bir müəllim kimi bu fəryad dolu videoya laqeyid qala bilmədim. Onsuzda böyüklərin bir biri ilə bitməyən intriqalı yaşam tərzi uşaqlara mənfi təsirsiz ötüşmür”. Millət vəkili qeyd edib ki, ailə daxili münaqişələrdə gözümüzün nuru,ailələrimizin sevinc mənbəyi -uşaqların silaha çevrilməsi yolverilməzdir: "Uşaqların böyüklər kimi fəryadla, hönkür-hönkür ağlamağına heç bir zaman şərait yaradılmamalıdır. Azyaşlı Nurayın gözyaşlarına səbəb olan hər bir insan tutduqu mövqedən asılı olmayaraq məsuliyyət daşımalı, onlara qarşı qanunamüvafiq tədbirlər görülməlidir. Təcili olaraq ancaq və ancaq azyaşlı Nurayın maraqları, psixoloji durumu nəzərə alınaraq onun mənafeyinə uyğun olaraq bir qərar qəbul edilməlidir.