adalet.az header logo
  • Bakı 7°C
09 Yanvar 2017 12:36
14950
ƏDƏBİYYAT
A- A+

Xalq şairinə xalqın məhəbbəti - FOTOLAR

Xalq şairi Zəlimxan Yaqubun ölümündən 1 il ötür. Bununla bağlı fəxri xiyabanda anım mərasimi keçirilib.


Adalet.az xəbər verir ki, şairin məzarı başında onun ailə üzvləri, şairlər, yazarlar, deputatlar və xalq şairini sevənlər toplaşıb.

Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Fikrət Qoca, millət vəkili Rəfael Hüseynov və şairin ailə üzvləri iştirak edib.

Mərasimdə çıxış edən Rəfael Hüseynov Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Z. Yaqub böyük şair və vətənpərvər insan olub: "Zəlimxan Yaqub bu gün abidəyə çevrilərək Azərbaycana və Azərbaycan ədəbiyyatına qayıtdı. O, böyük şair olmaqla bərabər, həm də xalqını və millətini sevən böyük insan idi”.

Professor Qəzənfər Paşayev, millət vəkili Nizami Cəfərov Zəlimxan Yaqubun "Peyğəmbər”, "Əbədiyyət Dastanı”, "Saz” poemalarının ədəbi dəyərindən danışıb, onu müstəsna şəxsiyyət kimi dəyərləndiriblər.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2016-cı il, yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Z. Yaqub I Fəxri xiyabanda dəfn olunub.