adalet.az header logo
  • Bakı 7°C
09 Yanvar 2017 12:11
10215
ELM VƏ TƏHSİL
A- A+

Müəllimlərin maaşı 2 dəfə artırılıb

2017-cı il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunacaq.

Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edəcək.
2017-ci ildə diaqnostik qiymətləndirmə keçirilməyən bölgələrdə bu prosesin təşkili və imtahandan keçən müəllimlərin 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur.

Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaq.