adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Yanvar 2017 10:58
88808
MÜSAHİBƏ
A- A+

Fəzail Ağamalı: “Zəngəzurun geri qaytarılması haqda qərar qəbul edə bilərik”

"Əgər dövlət başçımızın iradəsi ortadadırsa, niyə biz bu istiqamətdə hərəkətə keçməməliyik?”


Bu günlərdə xəbər yayıldı ki, Rusiyada yaşayan bir qrup rus Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı tələb irəli sürüb. Məlumata görə, beynəlxalq platforma olan Change.org saytında başladılan "Zəngəzuru Azərbaycana qaytarın” adlı petisiyaya səsvermə davam edir.

Bəlkə də, Qarabağın işğalının davam etdiyi bir ərəfədə Zəngəzurun taleyinin müzakirəyə çıxarılması kimlərəsə utopik görünə bilər. Ancaq ermənilər tarixən bizim utopiya saydıqlarımızı mümkün edib özlərinə dövlət qurublarsa, biz niyə tarixi faktlara söykənən həqiqətlərimizi dilə gətirməyək?

AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov da bu fikirdədir ki, ermənilər üzərinə götürdüyü bütün öhdəlikləri birtərəfli qaydada pozduğu üçün İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalıdır.

Mövzunu tarixçi-deputat, əslən Zəngəzur mahalından olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə davam etdirdik. Müsahibimiz təşəbbüsü dəstəklədi:

- Yaqub Mahmudovun yanaşması tamamilə doğrudur və tarixi həqiqətlərə, tarixi faktlara söykənir. Əslində 1918-ci il 27 mayda Ermənistan özünü müstəqil dövlət elan edərkən onun ərazi problemi var idi və bu problem faktiki olaraq Azərbaycanın tarixi torpaqlarında reallaşdı. Həmin dövrdə situasiya elə idi ki, Azərbaycan beynəlxalq güclərin təzyiqlərinə müqavimət göstərmək iqtidarında deyildi. Ermənistan dövlətinin yaranması həm də beynəlxalq güclərin ciddi təsiri altında baş verirdi. Erməni məsələsi xeyli əvvəl, hələ 19-cu əsrin ikinci yarısında müzakirə predmetinə çevrilmişdi. Bu məsələni nəhayət, Rusiya imperiyasının dağıldığı dövrdə reallaşdırmaq imkanı əldə etdilər. Beləliklə, Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlı dövlət yarandı. İrəvanın verilməsindən sonra, imzalanan Batum müqaviləsində də Ermənistanın ozamankı rəhbərliyi üzərinə öhdəliklər götürmüşdü ki, Azərbaycanın Zəngəzur və Qarabağ vilayətlərinə iddialarına son qoyacaq. Yəni ermənilər İrəvan şəhəri paytaxt olması, Zəngibasar, Vediabasar, Göyçə ətrafındakı torpaqların Ermənistan dövlətinə aid edilməsi şərtilə, Zəngəzur və Qarabağa olan iddialarından tamamilə əl çəkməli idilər. Lakin Ermənistan öz üzərinə götürdüyü öhdəliklərin heç birinə heç zaman əməl etmədiyinə görə sonradan Dərələyəz və Zəngəzur da başqa bir tarixi situasiyada Ermənistana birləşdirildi. Nəhayət, onlar Qarabağ uğrunda iddialarından da əl çəkmədilər. Tarixi faktlar da birmənalı olaraq bunu sübut edir ki, Azərbaycanın çoxminli ordusu məhz Qarabağda ermənilərə qarşı döyüşlərdə iştirak etdiyi üçün 1920-ci il aprelin sonlarında "11-cı Qızıl Ordu” bu vəziyyətdən sui-istifadə edərək çox asanlıqla sərhədi keçdi və Azərbaycanı işğal etdi. Ondan sonra da Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində cəhdlər yenə də davam etdi. Bu gün də artıq həmin cəhdlərin real mənzərəsi ortalıqdadır.

- Siz necə düşünürsünüz, ermənilərin bir əsr əvvəl imzalanmış müqavilənin şərtlərini dəfələrlə pozması faktı Azərbaycana məsələni gündəmə gətirmək, Ermənistana qarşı ərazi iddiası açmaq şansı verirmi?

- Təbii ki, bizim tarixi faktlara, eyni zamanda, Batum müqaviləsinin şərtlərinə uyğun olaraq tarixi torpaqlarımızın geriyə qaytarılması və Azərbaycana birləşdirilməsi iddiası ilə çıxış etməyə tamamilə haqqımız çatır. Bu haqq təkcə tarixi həqiqətlərə deyil, eyni zamanda, beynəlxalq hüquq sisteminə söykənir. Əgər Ermənistan bu gün Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, işğal etdiyi torpaqlardan çıxmırsa, Azərbaycanın daha 20 faiz toprağını özünə birləşdirməyə çalışırsa, Azərbaycan da, təbii ki, buna qarşı özünün adekvat addımlarını atmalıdır. Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik. Dövlət başçımız daim Zəngəzurun, İrəvanın Azərbaycanın tarixi ərazisi olduğunu bəyan edir. Əgər dövlət başçımızın iradəsi ortadadırsa, niyə biz bu istiqamətdə hərəkətə keçməməliyik? Əgər işğalçı ölkənin Azərbaycana qarşı ərazi iddiaları davamlı olaraq ortalıqdadırsa, əgər bu gün Ermənistanın ərazi iddiaları ayrı-ayrı dövlətlər tərəfindən həm də müdafiə olunursa, biz niyə bu məsələni BMT və digər beynəlxalq təşkilatların gündəliyinə çıxarmayaq, dəlil-sübutlarımızı təqdim edib lazım olan qərarların qəbuluna çalışmayaq?

- Petisiyanın Rusiyada başlanması bir az da şübhəlidir. Ola bilərmi kimlərsə bu məsələdən Azərbaycanı tələyə salmaq üçün istifadə etsin? Reallıq ondan ibarətdir ki, bu gün konfliktin Azərbaycan-Ermənistan dövlət sərhədinə keçirilməsi, nəticədə Rusiyanın prosesə cəlb olunması üçün cəhdlər göstərilir. Bununla bağlı nə demək olar?

- Mən düşünmürəm ki, bu, bir təxribatdır. Rusiyada başlanılan bu proses istənilən halda Azərbaycanın xeyrinədir. Çünki bu petisiyanın başlanması əslində tarixi həqiqətlərin ortaya gətirilməsidir. Yəni ki, ay Ermənistan, sən anlamalısan ki, Zəngəzur Azərbaycanın tarixi ərazisidir. Əgər Zəngəzuru əlində saxlamaq istəyirsənsə, Qarabağdan cəhənnəm ol!

- Bununla bağlı əvvəlcə parlament qərarımı olmalıdır? Siz məsələnin ciddi şəkildə gündəmə gətirilməsi üçün nə təklif edirsiniz?

- Biz bu məsələni parlamentdə də qaldıraraq, Azərbaycanın Xarici İşlər Nazirlərinin və ölkəmizin digər hüquqi sistemə söykənən qurumlarının qarşısında təşəbbüslə çıxış edib, bununla bağlı konkret addımlar atmalarını Milli Məclis olaraq onlardan tələb edə bilərik. Eyni zamanda, Milli Məclisdə bu məsələni müzakirə edib müvafiq qətnamə və qərar da qəbul etmək olar. Mən həmişəki kimi, bu gün də onun tərəfdarıyam ki, biz Ermənistana qarşı çox kəskin mövqedə dayanmalıyıq. Ölkə prezidenti bunun nümunəsini ortaya qoyub. Ermənistanın qarşısında birmənalı olaraq tələb irəli sürülməlidir ki, əgər sən Zəngəzuru əlində saxlamaq istəyirsənsə, onda Qarabağa olan iddialarında əl çək, işğala son qoy!

- Bu gün Azərbaycan Dağlıq Qarabağ ermənilərinə muxtar respublika statusunu verə biləcəyini bəyan edir. Bunun qarşılığında Zəngəzurdan qovulan 250 min azərbaycanlının tarixi torpaqlarına qaytarılması və qarşılıqlı olaraq onlara da status verilməsi məsələsini tələb etmək daha doğru olmazdımı?

- Biz muxtariyyət məsələsini qaldırsaq da, bu, real deyil. Hazırda Zəngəzur məsələsi, yaxud ordan qovulan insanlara eyni şəkildə muxtariyyətin verilməsi danışıqlar predmeti deyil, danışıqlarda özünə yer almır. 15-20 il bundan qabaq bu məsələ müzakirə olunurdu ki, əgər Dağlıq Qarabağda yaşayan ermənilərə muxtariyyət veriləcəksə, onda deportasiya olunan azərbaycanlılar da yurduna qaytarılmalı və muxtariyyət verilməlidir. Əslində bu, müəyyən mənada ədaləti özündə ifadə edən bir yanaşmadır. Çox yaxşı olardı ki, bu məsələ danışıqlar predmetinin içərisində olsun. Azərbaycan ərazisində mövcud olan separatçı rejimə muxtar respublika statusu verilirsə, ən azı bu status Zəngəzura da verilə bilər.

- Zəngəzur mahalı geniş anlayışdır. Bəlkə bir az da konkretləşdirək...

- Mən oranı yaxşı tanıyıram. Söhbət Sisian (tarixi adı Qarakilsədir, 1940-cı ildə dəyişdirilib - E.P.), Dərələyəz, Mehri və Gorusdan gedir. Cümhuriyyət dövründə Dərələyəzi çıxmaq şərtilə, digər ərazilər Zəngəzur qəzasına daxil olan ərazilər idi. Ora Dərələyəzi də əlavə etmək olar. Beləliklə, Dərələyəz, Sisian, Qafan, Mehri və Gorusda yaşayan insanlar ora köçürülə və beləliklə, Ermənistanın ərazisində də muxtar respublika yaradıla bilər. Bu, çox ədalətli bir yanaşma olardı və əslində digər ərazilərdən də köçürülən azərbaycanlılar da ora yerləşdirilməklə Ermənistanın tərkibində azərbaycanlılardan ibarət Zəngəzur Muxtar Respublikası yaradıla bilərdi. Bu, Dağlıq Qarabağda yaradıla biləcək muxtar respublikaya adekvat addım kimi əhəmiyyətli məsələ olardı. Ancaq təəssüf ki, bu, hazırda müzakirələrdə özünə yer almır. Biz isə indiki vəziyyətdə məsələni gündəmə gətirərək nə dərəcədə bunu reallaşdıra bilərik, bu, artıq Azərbaycan ordusunun atacağı gələcək addımlardan asılıdır. Bu addımlar elə bir tarixi situasiya yarada bilər ki, biz bunu reallaşdıra bilərik.

- Həmin bölgədən olan insanların kütləvi şəkildə dədə-baba torpaqlarına qayıtmaq istəyini beynəlxalq aləmə çatdırması daha doğru olmazdımı? Nədənsə biz, adətən, birinci atəş açan tərəf olmuruq, cavab atəşi açırıq...

- Ermənilərin geri çəkilməsi və işğal olunmuş torpaqlardan rədd olub getməsi üçün atəş açılmasına əlavə təsir vasitəsi kimi baxılmasını qəbul etmirəm. Bu, kifayət deyil. Biz o torpaqlara hökmən qayıtmalıyıq! Mən heç şübhə etmirəm ki, tarixi ədalətsizliyi tarixin özü aradan qaldırır. Vaxtilə tarixi ədalətsizliyə yol verilərək alınmış Azərbaycanın tarixi torpaqlarının, ulu türk torpaqlarının yenidən Azərbaycana qaytarılması üçün situasiya yetişəcək. Təbii ki, mənim nəslim bunu görməyəcək, ola bilsin bu, 15-20 ildən, bəlkə də 30 ildən sonra reallaşacaq. Amma buna qətiyyən şübhəm yoxdur. Bu, qətiyyən populizm, konyuktura deyil, mən bunu kiməsə təskinlik vermək üçün demirəm. Tarix hər zaman özünün uğuru və uğursuzluqları ilə təkrarlanır. Tarix spiralvari bir prosesdir. Qətiyyən şübhə etmirəm ki, biz öz yurdlarımıza sahib çıxacağıq. Ancaq bəli, mən sizinlə tamamilə şərikəm ki, indidən biz bunun tarixi, hüquqi əsaslarını və fundamentini qoymalıyıq. Həm də bu, ardıcıl və sistemli xarakter daşımalıdır. Yaxşı ki, Yaqub Mahmudovun rəhbərliyi ilə Tarix İnstitutu bu baxımdan ciddi araşdırmalar aparır, bu məsələləri ortalığa qoyur. Lakin çox təəssüf edirəm ki, Azərbaycanın hüquq sistemi tarix elminin ortaya qoyduğu məsələləri davam etdirib, onu hüquqi müstəvidə gündəliyə gətirib beynəlxalq səviyyəyə çıxartmır. Bu məsələdə öz işimizi daha ciddi şəkildə yenidən qurmalıyıq.

- Fəzail bəy, siz Zəngəzurda, Sisianda sonuncu dəfə nə vaxt olmusunuz?

- Mən orda doğulmuşam, orta məktəbi bitirmişəm. 1964-cü ildə Sisiandan çıxmışam. Lakin mən son dəfə öz kəndimizə - Şıxlar kəndinə 1989-cu ildə getmişəm. 1989-cu ilin sentyabrında mən orda olanda kəndimizin mütləq əksəriyyəti köçmüşdü, 5-6 ev qalmışdı. Yəni artıq hadisələrin gedişi hələ xeyli əvvəl yurddaşlarımızı ordan çıxmağa məcbur etmişdi. Çünki hər gün böyük təhdidlər, təkcə bizim kəndimizə yox, Sisianın digər kəndlərinə də olan hücumlar insanları ordan köçməyə vadar edirdi. Oranı ən gec tərk edən Sisianın Urud kəndi olmuşdu. Bu kənd çoxsaylı alimləri ilə məşhurdur. Şair və millət vəkili Musa Urudun kəndidir. Naxçıvanla sərhəddə erməni quldurları bizim insanların qabağını kəsərək hətta qadınların əllərindəki üzükləri, qulaqlarındakı üzükləri belə onlardan almışdılar, çox vəhşilik etmişdilər. Yurddaşlarımız külli miqdarda pul verilməsi hesabına, hərbi texnikanın vasitəsilə qarlı aşırımlardan keçərək Naxçıvanın Şahbuz rayonuna gəlib çıxmışdı. Amma mənim atamgil 1983-cü ildə Bakıya köçmüşdülər. Çünki kənddə yalnız atam və anam qalmışdı, onlar da yaşlı idilər.

- Milli Məclisdə Zəngəzur mahalından olan bir neçə deputat var. Bəlkə də onların təşəbbüslə çıxış etməyə daha çox haqqı var...

- Azay Quliyev Sisyanın Vağudi kəndindən, Musa Quliyev Uruddandır. Gənc həmkarımız Vüsal Hüseynov Sisyanın Şəki kəndindəndir. Mən dediyim kimi, Şıxlardanam. Eyni zamanda, Fazil Mustafa ata tərəfdən Şıxlar kəndindəndir. Bəli, biz də məsələ qaldıra bilərik. Ancaq Vətən və onun torpaqlarının taleyi ortaya gələndə təkcə soy-kökü ilə o torpağa bağlı insanlar yox, bütün millətin problemi olduğuna görə bütün millət vəkilləri bu təşəbbüsə qoşulmalıdırlar.

- Yəqin ki, bəziləri müzakirə etdiyimiz mövzuya "əvvəl Qarabağı qaytarın, sonra Zəngəzuru müzakirə edərsiniz” ironiyası ilə reaksiya verəcək. Belələrinə sözünüz nədir?

- Bu cür insanların düşüncələrini primitiv hesab edirəm və onları qəbul etmirəm. Mən şübhə etmirəm ki, biz gec-tez tarixi torpaqlarımızın geri qaytarılması ilə bağlı müqəddəs arzularımıza və hədəflərimizə çatacağıq. Çünki biz sıradan bir soy deyilik. Biz böyük dövlətlər, güclü imperiyalar yaratmış Atillanın, Çingizxanın, Teymurləngin, Sultan Səlimin, Şah İsmayıl Xətainin, Atatürkün və Heydər Əliyevin törəmələriyik. Türk oğlu türk olaraq biz öz yurdlarımıza, öz torpaqlarımıza qovuşacağıq, buna heç kəsin şübhəsi olmasın.