adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Yanvar 2017 13:00
20203
ƏDƏBİYYAT
A- A+

Qvazimodanın bənzəri

Adalet.az Oğuz Ayvazın "Qvazimodanın bənzəri" yazısını təqdim edir:


Hər gün işə gedəndə Zahid Xəlilov küçəsinin tinində əlində salfetka, divara söykənmiş köhnə bir velosipedi olan bir adam diqqətimi çəkir. Hər dəfə ordan keçəndə onun sakit dayanmasına, gözlərindəki ümidin son çırpınışlarına baxanda ürəyimin pıçıltısını eşidirəm.


Başında kirli bir papaq, çöhrəsində nazik saqqalı, çənəsi əyri, bir gözü çaşı baxır. Beli də əyridir. Əynindəki paltarlar nimdaşdır. Heç vaxt küçəsini dəyişmir. Salfetkalar bəzən əlindən sürüşüb küləyə qarışır. Yanından ötüb keçən tələsən adamlar onun mövcudluğundan xəbərsizdilər sanki. Heç səsini çıxardıb deyə də bilmir ki, salketka alın. Deyəsən, həyatın qarşısında susub.


Onu Viktor Hüqonun "Notr-Dam kilsəsi”ndəki Qvazimodo obrazına bənzədirəm. Hə, hə Qvazimodoya. Əsərdə Qvazimodo ən kədərli obrazdır. Bəlkə də dünya ədəbiyyatının ən kədərli obrazı...


Heç kim onu sevmir, insanlar ondan qaçır. Qvazimoda isə yalnız bir şeylə xoşbəxtdir: kilsə zənglərini bir-birinə vurmaq. Qulaqlarını kar eləsə də kilsə zənglərindən daha doğma bir yer yoxdu ona.


Keşiş Qvazimodanı qundaqda olanda tapır. Çirkin olduğundan ona Qvazimodo adı verir. Mənası "tamamlanmamış”, "yarımçıq” deməkdir...


Bir gün bu qozbel bir qızı da sevir. Onun sevgisi o qədər böyük olur ki, sevdiyini dar ağacından belə xilas edir... O möhtəşəm qızın adı Esmeraldadır. Bütün Paris kişilərinin vurulduğu qadın.


Bir gün yağışlı havada metroya tələsirdim. Fikir verdim ki, onun dayandığı yer boşdu, boşluğuna yağış yağırdı. Bəlkə başqa yerə gedib, bəlkə də haradasa çöməlib öz keçmişini yada sala-sala araq içir. Kim bilir?


Mən isə onu görmək istəyirəm. Qvazimodaya bənzəyən adamın gözlərinə baxıb insanların acı taleyinə kədərlənmək, həyata üsyan etmək istəyirəm. O isə yoxdur, bəlkə də çox uzaqlara, heç kimin bilmədiyi yerlərə gedib, anlaşılmaz, gözəgörünməz həyatını davam etdirir. O yəqin başqa bir yerlərdə dayanıb, salfetkalarını satır. Bəlkə də velosipedi qırılıb, ya da oğurlanıb?


Mən onun yaşadıqlarını anlamağa çalışıram. O isə yoxdur. Onu tapmaq artıq çox çətindir. O ümidlərinin bitdiyi, çarəsizliyinin başladığı yerlərə gedib çıxacaq və bir gün anlayacaq ki, həyatda yalnız özü ilə insan yola gedə bilir, özündən başqa heç kim sənə yar deyil. Çıxıb getmək də bəhanə deyil, çıxıb gediləsi yer yoxdur. Çünki insan özünə bağlanmış bir həbsxanadır. Özündən qaçmaq olmur, ey Qvazimodoya bənzər adam, heyif ki, olmur. Amma üzülmə. Bu gün yağış yağsa belə sabah günəş doğacaq!