adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Yanvar 2017 09:22
4403
GÜNDƏM
A- A+

BAYRAM GÜNLƏRİNDƏ HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİ TƏMİN EDİLDİ

Dekabrın 31-dən yanvarın 4-dək Daxili İşlər Nazirliyi əməkdaşları gücləndirilmiş iş rejimində işləyiblər. Təbii ki, bir qayda olaraq bayramqabağı və bayram ərəfəsində ictimai asayişin qorunması və yol hərəkəti qaydalarının təmin edilməsi üçün polis həmişə bu rejimdə çalışıb. Əlbəttə, ölkəmizdə polisin gücüylə çox gözəl bir sabitlik yaradılıb. Üstəlik də belə bir rahat, əlverişli şəraitdə hər bir insan özünü daha yaxşı və daha təhlükəsiz hiss eləyir.
O ki, qaldı avtomobil yollarında və Bakı şəhərində hərəkətin təhlükəsizliyinin təmin edilməsinə, bu vəzifələri yol polisi bayram günlərində çox yüksək məsuliyyətlə həyata keçirib. Öncə onu qeyd edək ki, sutkanın 24 saatı ərzində çalışan yol polisi əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəal mövqe tutublar. Aydındır ki, əgər sutkanın 24 saatı ərzində yol polisi xidmət aparırsa, deməli, bu qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə hesablanıb. Ən azından ona görə ki, bayram günlərində kiminsə evində və ailəsində qanqaraçılığı olmasın.
Amma buna baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, bayram günlərində respublika ərazisində bir neçə yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar olub. Hansı ki, bu da sükan arxasında olan bəzi sürücülərin səhlənkarlığı nəticəsində baş verib. Əgər o sürücülər bir qədər diqqətli olsaydılar və məsuliyyət hiss eləsəydilər, bu ağır qəzalar da baş verməzdi.
Ürək ağırısı ilə qeyd etməliyik ki, həm respublikanın avtomobil yolarında, həm də Bakı şəhərində baş verən qəzalar zamanı bayaq dediyimiz kimi, dünyasını dəyişənlər və xəsarət alanlar var. Amma buna baxmayaraq, yenə yol polisi bayram günlərində bacardığı qədər öz vəzifə borcunu yerinə yetirməyə çalışıb.
Məsələn, Yol Patrul Xidməti Alayının Bakı-Qazax avtomobil yolunda xidmət aparan 6-cı tağımının əməkdaşları öz vəzifə borclarına daha diqqətlə yanaşıblar. Bayram günlərində bir daha biz də bir neçə tağımın reydində iştirak elədik. Həqiqətən də gördük ki, gücləndirilmiş iş rejimində çalışan yol polisi əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəmir. 6-cı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bildirdi ki, bayram günlərində bizim qarşımıza qoyulmuş vəzifələr çox ciddi icra edilib. Çünki rəhbərlik bizə bildirmişdi ki, kobud qayda pozuntularına qarşı daha ciddi mübarizə aparmaq lazımdır. Biz də o mübarizəni bacardığımız qədər gerçəkləşdirməyə çalışdıq və buna nail olduq. Onu da qeyd edim ki, aparılmış qabaqlayıcı tədbirlər nəticəsində elə də ağır qəzalar baş verməyib və ölüm halı qeydə alınmayıb. Ancaq əməkdaşlarımız kobud qayda pozuntusuna yol verən çoxlu sayda sürücülər aşkarlayıb. Onlar bayram günlərində məsuliyyətsizlik edərək yol hərəkəti qaydasını pozublar. Təbii ki, yol hərəkəti qaydasını pozan hər bir sürücü barəsində inzibati protokol tərtib edilib və onlar cəzalandırılıb.
6-cı tağımın baş inspektoru, polis kapitanı Elçin Orucov bildirir ki, yükdaşıma qaydalarının pozulmasına qarşı mübarizə daha da gücləndirilib. Bununla yanaşı, sərnişindaşıma, qəza şəraiti yaradan, texniki baxışdan keçməyən, təhlükəsizlik kəmərindən istifadə etməyən və eləcə də yolun sağı boş olduğu halda solu ilə hərəkət edən nəqliyyat vasitələrinin sürücülər barəsində inzibati tədbirlər həyata keçirilib. Əməkdaşlarımızdan polis baş serjantları Adil Həsənov, Əşrəf Orucov, Abbas Abdullayev, Əhliman Məmmədov, Elmir Məmmədov və başqaları bayram günlərində yüksək iş əmsalına nail olublar.
Yol Patrul Xidməti Alayının Bakı-Quba avtomobil yolunda xidmət aparan 1-ci tağımın əməkdaşları da bayram günlərində maksimum qüvvə ilə işləyiblər. Onlar şimal istiqamətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün xeyli qabaqlayıcı işlər görüblər. Belə ki, bayramqabağı və bayram günləri bir çox avtomobil sürücüləri tağım əməkdaşları tərəfindən stasionar postda saxlanılaraq maarifləndirilib və onların nəzərinə bir daha çatdırılıb ki, daha diqqətli olsunlar. Çünki bayram günləri Bakı-Quba avtomobil yolunda adi günlərə nisbətən hərəkətin intensivliyi bir qədər də yüksəlib. Belə ki, bir çoxları bayram günləri istirahət məkanların gedib və bu da istər-istəməz müəyyən hadisələrin yaranmasında az rol oynamır. Ona görə ki, bir çox sürücülər hərəkətin intensivliyi olan vaxtı qaydaları pozur və digər hərəkət iştirakçıları üçün təhlükə yaradırlar.
Birinci tağımın komandiri, polis mayoru Ürfət Şükürov bildirir ki, bayram günləri ərəfəsində əməkdaşlarımızın fəaliyyətindən razı qaldım. Çünki rəhbərliyin bizim qarşımızda qoyduğu vəzifələr əməkdaşlarımız tərəfindən məsuliyyətlə yerinə yetirildi. Bir neçə sərxoş sürücü aşkarlanaraq məsuliyyətə cəlb edildi. Eyni zamanda digər qayda pozuntularına yol verən sürücülər də məsuliyyətdən yaxalarını kənara çəkə bilmədilər. Bu isə o demək idi ki, bayram günlərində sütkanın 24 saatı ərzində hər bir əməkdaşımız tapşırılan işə məsuliyyətlə yanaşıb. Tağımımızın əməkdaşlarından polis kapitanı Samir Zeynalov, polis leytenantı Sakin Vəliyev, polis serjantları Anar Hümbətov, Hikmət Şükürov, Adil İsmayılov, İslam Cəfərov, Emin Əsədov, Elçin Mütəllimov, Əli Rzayev və başqaları cəsarətlə deyə bilərəm ki, tapşırılan işə çox ciddi yanaşıblar, reyd və yoxlamada yaxından iştirak ediblər.
Göründüyü kimi, yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışıb və öz üzərinə düşən vəzifə borcunu məsuliyyətlə yerinə yetirib. Bu isə o deməkdir ki, hər bir hərəkət iştirakçısı öz təhlükəsizliyinin təmin edilməsinin nəticəsini görüb. Nəticə isə ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə bayram günlərində respublikanın avtomobil yollarında baş verən qəzaların sayı aşağı enib, ölüm və xəsarətalma halları azalıb.